Prezident İlham Əliyevin Azərbaycana rəhbərliyi dövründə qarşıya qoyduğu və xüsusi prinsipiallıqla, qətiyyətlə həllinə doğru inamla irəlilədiyi əsas hədəf Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması idi. “Dövlət başçısının da bəyan etdiyi kimi, Qarabağ hər zaman dövlət siyasətinin mərkəzində olub. Azərbaycan heç bir halda, bir addım belə öz mövqeyimizdən kənara çəkilmədi. Ərazi bütövlüyü məsələsində dövlətimiz heç vaxt güzəştə getmədi. İllər ərzində nümayiş olunan bu prinsipiallıq xalqımızı böyük qələbəyə yaxınlaşdırırdı”.
Məhz siyasi iradənin, qətiyyətin sayəsində bu il Novruz bayramı Şuşada, Cıdır düzündə qeyd olundu. Şuşa həm də Azərbaycanın milli ruhunu qoruyan şəhərdir. Alınmaz qala olan Şuşanın Azərbaycan Ordusu tərəfindən böyük qəhrəmanlıqla azad olunması tarixi hadisədir.
Ermənistan rəhbərliyinin Şuşada sərxoş vəziyyətdə rəqs etməsi artıq qürur və milli heysiyyat məsələsi idi. Azərbaycan sona qədər bu vəziyyətlə barışa bilməzdi. Prezident İlham Əliyev Vətən Müharibəsinin ilk günlərində bəyan etmişdi ki, işğal edilmiş torpaqların hər bir qarışı bizim üçün doğmadır, əzizdir. Hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir.
Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var: Şuşa Azərbaycanın tarixi şəhəri, qədim mədəniyyət ocağıdır. Cənab Ali baş Komandanın da qeyd etdiyi kimi Şuşasız bizim işimiz yarımçıq olardı. Doğrudan da, Şuşa uğrunda gedən döyüşlər tam fərqli oldu. Azərbaycan əsgəri mədəniyyət paytaxtımızın azadlığı uğrunda əlbəyaxa döyüşdü. Düşmən gücümüzün, iradəmizin, milli ruhumuzun qarşısında məğlub oldu.
Gənclərimiz müharibənin və Azərbaycan xalqının taleyində əhəmiyyətli rol oynadı. Ona görə də, bu il mədəniyyət paytaxtı Şuşada cənab Prezident İlham Əliyev tərəfindən yandırılan Bayram tonqalı rəmzi xarakter daşıyır. Bu tonqal həm də xalqımızın əbədi zəfər tonqalıdır.
Ülkər Əsgərova,
Sabirabad Dövlət Sosial-iqtisadi
kollecin müəllimi