Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Prezident İlham Əliyevin 2020-ci ilin noyabrın 8-də Şəhidlər Xiyabanında xalqa müraciəti zamanı səsləndirdiyi bu xoş xəbər və Şuşanı dirçəltməklə bağlı verilən mesaj artıq bir neçə aydır ki, reallığa çevrilib. Bir müddətdir ki, Qarabağın incisi olan Şuşa şəhərinin bərpası və tarixi simasının özünə qaytarılması istiqamətində işlərə start verilib. 28 illik işğal dövründə ermənilər tərəfindən viran qoyulan, tarixi mədəni abidələri dağıdılan bu şəhərdə artıq həyat canlanmağa başlayıb. Şuşanın dövlət başçısı tərəfindən mədəniyyət paytaxtı elan edilməsi də mühüm tarixi əhəmiyyətə malikdir.
Bu ilin yanvarın 14-də işğaldan azad edildikdən sonra ilk dəfə Şuşaya səfər edən Prezident İlham Əliyev çıxışında erməni vandalizmi nəticəsində dağıdılan Şuşa şəhərinin bərpa edilməsi, öz tarixi simasına geri qayıdacağının anonsunu vermişdi. Dövlət başçısı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün Şuşadakı büstlərinin yenidən öz yerinə qoyulacağını bəyan etmişdi. Prezidentin bu sözləri artıq reallığa çevrilib. Həmin dahi şəxsiyyətlərin büstləri Şuşada yenidən əvvəlki yerlərinə qoyulub.
Avqustun 29-da Şuşaya növbəti dəfə səfər edən Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya Şuşa şəhərinin baş planı təqdim olunub. Təqdimatda bildirildi ki, mədəniyyət paytaxtımızda həyata keçirilən bütün layihələr tarixlə müasirliyin vəhdəti üzərində qurulacaq və tezliklə keçmişdə olduğu kimi, Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevriləcək.
Biz Prezidentimiz İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya inanırıq. Əminik ki, Şuşa abadlığı ilə dünya şöhrəti qazanacaq.
Səttar QARAĞACLI,
şair-publisist, Qaraağac kəndi