• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Qarabağa Böyük Qayıdış başlanır

  • 04.03.2021, 18:46, Baxış sayı:
  • 559
Qarabağa Böyük Qayıdış başlanır
Vətən müharibəsi zamanı 300-dən çox yaşayış məntəqəsini, o cümlədən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini və çoxsaylı strateji yüksəklikləri işğaldan azad etdi. Şuşanın işğaldan azad olunması müharibədə həlledici rol oynadı və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Şuşanın azad olunduğu gün Prezidentimiz tərəfindən tariximizə Zəfər Günü kimi təsbit edildi. Azərbaycan, Rusiya liderlərinin və Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata görə isə Kəlbəcər, Ağdam və Laçın rayonları qan tökülmədən azad edildi.
Bununla da Qarabağa Böyük Qayıdışın əsası qoyuldu. Tarixi torpağımız olan Qarabağın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edən infrastruktur layihələrinin-Füzuli-Şuşa magistral yolunun və Füzuli Beynəlxalq Hava Limanının təməli qoyuldu. Ali Baş Komandanımız Qarabağın xilaskarı kimi Şuşa şəhərini addım-addım gəzdi, dağılmış, xarabazara çevrilmiş məscidlərin, tarixi abidələrin, qəbristanlıqların vəziyyəti ilə tanış oldu. Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin, Xan qızı Natəvanın, Bülbülün büstlərini, yaşadıqları evləri, Molla Pənah Vaqifin məqbərəsini ziyarət etdi. 30 illik işğal dövründə erməni vandallarının törətdikləri vəhşilikləri dünyaya göstərdi.
Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” də qeyd olunduğu kimi ölkəmizin ərazi bütövlüyünün təmin olunması xalqımızın çoxəsrlik tarixində möhtəşəm yer tutur. Dövlət sərhədlərini bərpa etməklə xalqımız son bir əsrdə hərbi və diplomatik sahədə ən böyük zəfərə nail oldu. Qələbənin əbədiləşdirilməsi üçün öz doğma torpaqlarından köçkün düşən insanların Vətənə qayıdışı təmin olunmalıdır. Bu Böyük Qayıdış vətəndaşlarımızın işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşmasında və bu ərazilərin ölkənin iqtisadi fəaliyyətinə qoşulmasında bir vəsilə olacaq. Regionda yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizinin bərpa olunması ölkəmizin qlobal bazarlara çıxış imkanlarını artırmaqla yanaşı, işğaldan azad edilmiş ərazilərin inkişafına əhəmiyyətli təkan verəcək.
Azad edilmiş torpaqlarda iqtisadi fəaliyyətin təşkili işlərinin əlaqələndirilməsi məqsədilə aidiyyəti dövlət orqanlarının nümayəndələrinin cəlb olunduğu İqtisadi məsələlər üzrə İşçi Qrupu əmlakın inventarlaşdırılması, işğaldan əvvəl mövcud olan xəritələrin vektorlaşdırılması, habelə iqtisadi fəallığın dəstəklənməsi kimi proseslər üzərində işləyir. Bu ərazilərdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı müraciətlərin qəbulu, təhlili, sahibkarların məlumatlandırılması, müvafiq tövsiyələrin verilməsi və müraciətlərin aidiyyəti olaraq yönləndirilməsi işləri İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi tərəfindən təmin edilir.
Göründüyü kimi, Qarabağa Böyük Qayıdış sürətlənir. Görülən işlər, həyata keçirilən tədbirlər deməyə əsas verir ki, bu məqsədlə qəbul olunmuş proqram uğurla icra olunacaq, quruculuq-bərpa işləri tezliklə başa çatacaq, insanlarımız yurd həsrətinə son qoyaraq öz dogma torpaqlarında firavan yaşayacaqlar. Prezident İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında “Bizim yarışacağımız əsas tərəf müqabili zamandır” söyləyərək bir daha vurğuladı ki, “Planlaşdırdığımız məsələləri həll edəcəyik. Çünki yaxın tarix də göstərib, nəyi hədəfləmişiksə, ona da çatmışıq”
Füzuli Paşayev,
Qarabağ Əlliləri və Şəhid ailələri İctimai
Birliyinin rayon şöbəsinin sədri



Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter