Avqustun 16-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra önəmli siyasi mesajlar verdi.
Cənab Prezidentin Şərqi Zəngəzura səfəri zamanı son dövrlər Azərbaycan-Ermənistan sərhədində Ermənistanın törətdiyi təxribatlar və yaşanan gərginliklə bağlı Ermənistana və onun havadarlarına da sərt ismarıclar ötürüldü.
Təəssüflər olsun ki, 2020-ci ilin 10 noyabr tarixində və 2021-ci ilin 11 yanvar tarixində imzalanmış üçtərəfli birgə bəyanatların Ermənistan tərəfindən icra olunmamasının, şərtlərinin yerinə yetirilməməsinin, pozuculuq fəaliyyətin davam etməsinin şahidi oluruq. Azərbaycanın ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət etdiyi zonada qeyri-qanuni fəaliyyət müşahidə olunur, nəinki Ermənistanın qüvvələri bölgədən çıxarılmır, üstəlik yeni qrupların daşınması halları həyata keçirilir. Bütün bu qanunsuz hallara son qoyulmalı və 10 noyabr tarixində imzalanmış üçtərəfli birgə bəyanatın 4-cü maddəsinin implementasiyası həyata keçirilməlidir. İndiki mərhələdə ölkəmizin əsas vəzifəsi müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə əsaslı şəkildə bərkitmək, eyni zamanda işğaldan azad edilmiş torpaqlarda mövqelərimizi möhkəmləndirməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimiz güclənəcək. Yenidənqurma, bərpa işlərinə artıq start verilib, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.
Qarabağ, Şərqi Zəngəzur bölgələri, eləcə də Kəlbəcər, Laçın rayonları barədə həqiqətləri bütün cəmiyyətimiz, xüsusilə də gənclərimiz bilməlidir. Azərbaycan Ordusu və Müzəffər Ali Baş Komandan Kəlbəcər və Laçın kimi digər rayonları da işğaldan azad etməklə Zəfər, Qələbə tarixi yazdılar. Azərbaycan illərdir silahlanan işğalçı Ermənistanı məğlub etdi. İllərdir özləri haqqında mif formalaşdırmış düşmən ordusunu, Köçaryanı, Sarkisyanı, Ohanyanı rəzil vəziyyətinə saldı. Azərbaycan erməni vəhşiliyini, faşizmini də məhv etdi. İllərdir ədalətin təmin olunmasına mane olan Ermənistan havadarlarınının təzyiqlərinə baxmayaraq, BMT TŞ qətnamələrini də həyata keçirdi. Eyni zamanda, təxminən 30 il öncə torpaqlarımızı satmış AXC-Müsavat cütlüyünün vurduğu milli zərər, qeyrət ləkəsi təmizləndi. Hər bir azərbaycanlı bilməlidir ki, satqın və xilaskar kimlərdir. Biz tariximizi nə qədər dərindən öyrənsək, satqınlıq və xilaskarlıq tarixini nə qədər yaxşı bilsək, bir o qədər də güclü, qüdrətli olacağıq, haqqımız olanı təmin edəcəyik, hər kəsi yeni reallıqla barışmağa məcbur edəcəyik.
Bu gün işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyevin növbəti səfəri digər işğaldan azad olunmuş ərazilər kimi Laçın və Kəlbəcər rayonlarının, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır. Ümumiyyətlə, ölkə rəhbərinin səfər zamanı hər bir azərbaycanlının qəlbində qürur və fəxr hissi yaradan çıxışı Qarabağın və bölgənin inkişafı üçün mühüm vəzifələr və milli prioritetlər kimi dəyərləndirilməlidir.
Ərzuman BABAŞOV,
şair- publisist. Şəhriyar kəndi