Avqustun 16-da Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri zamanı bir sıra önəmli siyasi mesajlar verdi. Dövlətimizin başçısının Şərqi Zəngəzura səfəri ərəfəsində mənfur qonşularımız Azərbaycan-Ermənistan sərhədində təxribatlar və gərginliklər törədiblər. Prezident İlham Əliyev bununla əlaqədar Ermənistana və onun havadarlarına da sərt mesajlar göndərdi. Əfsuslar olsun ki, 2020-ci il noyabrın 10-da və 2021-ci il yanvarın 11-də imzalanmış üçtərəfli birgə bəyanatların Ermənistan tərəfindən icra olunmamasının, şərtlərinin yerinə yetirilməməsinin, pozuculuq fəaliyyətinin davam etdirilməsinin şahidi oluruq. Azərbaycan ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiyanın sülhməramlı qüvvələrinin nəzarət etdiyi zonada qeyri-qanuni fəaliyyət müşahidə edilir. Nəinki Ermənistanın qüvvələri bölgədən çıxarılmır, üstəlik yeni qrupların daşınması halları həyata keçirilir. Bütün bu qanunsuz hallara son qoyulmalı və noyabrın 10-da imzalanmış üçtərəfli birgə Bəyanatın 4-cü maddəsinin implementasiyası həyata keçirilməlidir.
İndiki mərhələdə ölkəmizin əsas vəzifəsi müharibənin nəticələrini diplomatik-siyasi müstəvidə əsaslı şəkildə bərkitmək, eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda mövqelərimizi möhkəmləndirməkdir. Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimiz güclənəcək. Yenidənqurma, bərpa işlərinə start verilib ki, bu da əsas vəzifələrdən biridir. Keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir.
Dövlətimizin başçısının iyulun 7-də imzaladığı “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Fərmanı tarixi, siyasi, iqtisadi və hüquqi xarakter daşıyır. Azərbaycan ərazisində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması ölkəmizin qarşısında yeni prioritetlər müəyyənləşdirdi. Bu, həm tarixə, həm də gələcəyə əsaslanır. Göyçə mahalında və Qərbi Zəngəzurda azərbaycanlıların yaşaması tarixi ədalətin bərpası ilə yanaşı, vətəndaşlarımızın tam hüququdur. Ümumiyyətlə, həmin torpaqlar bizim tarixi, dədə-baba torpaqlarımızdır. Bu ərazilər üzərindəki hüquqlarımızı da bərpa etməliyik. Çünki bizim vətəndaşlar təkcə Zəngəzur mahalından yox, Göyçə mahalından da zorla qovulublar və onların tam haqqı var ki, gedib öz dədə-baba torpaqlarında yaşasınlar.
Dövlət başçısı İlham Əliyev Kəlbəcər və Laçın rayonlarına səfəri çərçivəsində Kəlbəcər şəhərində Dövlət bayrağının ucaldılması mərasimində bildirmişdir ki, indiki mərhələdə bizim əsas vəzifəmiz müharibənin nəticələrini möhkəmləndirmək, azad edilmiş torpaqlarda möhkəmlənmək, Azərbaycan-Ermənistan sərhədində bundan sonra da mövqelərimizi gücləndirməkdir. Yenidənqurma, bərpa işlərinə artıq start verilib. Bu da əsas vəzifələrdən biridir.
Bu gün keçmiş məcburi köçkünləri azad edilmiş torpaqlara tədricən qaytarmaq da gündəlikdə duran məsələdir. Hazırda Kəlbəcər rayonunun ərazisində Lev çayı üzərində 4,4 MVt gücündə “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyası tamamilə yenidən qurulur, stansiyanın maşın zalı, aqreqatı, generatoru, idarəetmə panelləri, transformatorları yenilənir. Kəlbəcər rayonunun elektrik enerjisi ilə təchizatı üçün bunun çox böyük əhəmiyyəti vardır və cəmi altı ay ərzində bu yarımstansiya istifadəyə verilib.
Prezident İlham Əliyevin sərəncamına əsasən uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolunun tikintisi aparılır. Yol üzərində ümumi uzunluğu 9450 metr olan 3 tunelin tikintisi aparılacaqdır.
Digər önəmli məsələ isə toponimlərlə bağlıdır. Hazırda Basarkeçər rayonuna Ermənistanda “Vardenis” deyilir. Ancaq bu rayonun, bölgənin əsl adı Basarkeçərdir, Göyçə mahalıdır və həmin ərazi qədim Azərbaycan torpağıdır. 1930-cu ildə Basarkeçər rayonu Ermənistan ərazisində yaradılıb. Basarkeçərdə yaşayanların da mütləq əksəriyyəti azərbaycanlılar olub. O cümlədən Zod kəndinin sakinləri də azərbaycanlılar idi və onlar da deportasiyaya məruz qalıblar. Yalnız 1969-cu ilin iyun ayında Ermənistan Basarkeçər rayonunun adını dəyişdirərək “Vardenis” adlandırıb. Azərbaycanda bu bölgə ilə bağlı reportajlar hazırlayan zaman və ümumiyyətlə, bizim ümumi leksikonumuzda “Vardenis” yox, Basarkeçər adı bərpa edilməlidir. Bununla yanaşı, Naxçıvan-Ermənistan sərhədində gərginliklə bağlı mediada tarixi yer adlarına diqqət yetirilməlidir. Hazırda Ermənistanın “Yerasx” kəndinin tarixi adı Arazdəyəndir və azərbaycanlılar deportasiyaya qədər orada əbədi yaşayıblar. İndiki Ermənistan ərazisində yerləşən bütün digər qədim Azərbaycan yaşayış məntəqələri əsl adları ilə də çağırılmalıdır. Bütün qədim, yəni tarixi adlar bərpa edilməlidir.
Elşən Əsgərov,
Sabirabad rayon sakini, 3 saylı Regional Ekologiya
və Təbii Sərvətlər İdarəsininin məsləhətçisi