Avqust ayının 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına geniş müsahibə verib. Azərbaycan və Türkiyə mətbuatında geniş yer ayrılan bu müsahibədə ölkə başçısı müxtəlif istiqamətləri əks etdirən sualları cavablandırılıb, bir sıra məsələlərə aydınlıq gətirib.
İkinci Vətən müharibəsində qazanılan şanlı Qələbə 30 ilə yaxın torpaq həsrətinə son qoydu. Azərbaycan Dövlətinin Prezidenti İlham Əliyevin qətiyyətinin nəticəsində Azərbaycan Ordusu gücünü, qüdrətini nümayiş etdirdi, nəinki ölkəmizin, dünyanın hərb tarixinə yeni səhifə yazdı. Zəfər Günümüz 30 ildə qət olunan yolun uğuru, qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində zəngin mənbə oldu.
Dövlət başçısı İlham Əliyev tarixi Zəfərimizdən bəhs edərkən bildirdi ki, bizi irəliyə aparan milli ruh bu Qələbəni təmin etdi. Şuşa Azərbaycan xalqının milli sərvətidir. Şuşa Azərbaycanın mədəniyyət paytaxtı elan edildi. Gələn il Şuşanın 270 illiyi qeyd olunacaq. Ermənilər nə qədər çalışsalar da, Şuşadan Azərbaycan ruhunu silə bilmədilər. Mənfur düşmən tərəfindən binalar, məscidlərimiz, tarixi abidələrimiz dağıdıldı. Ancaq Şuşa Azərbaycan ruhunu qoruya bildi. Şuşanın hər daşı, qayası, küçəsi bir tarixdir. Torpaqlarımızın işğaldan azad edilməsindən sonra cənab İlham Əliyevin musiqi beşiyimizə təkrar-təkrar səfərlərinin hər biri tariximizə mühüm hadisələrlə yazıldı. Şuşada Cıdır düzündə Novruz tonqalı yandırıldı. Milli Qurtuluş Günündə Azərbaycan-Türkiyə qardaşlığının yüksək zirvəsi, bütün dünyanın barışmalı olduğu gerçəkliyin təqdimatı olan Şuşa Bəyannaməsi imzalandı. Azərbaycan Prezidentinin dost, qardaş ölkənin Prezidentini Qarabağımızda qarşılaması özündə bir çox mesajları ehtiva etdi.
Bu gün dünyaya nümunə olan Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında da tarixi, mənəvi bağlılığımız, dəyərlərimiz əsas rol oynayır. Prezident İlham Əliyevin vurğuladığı kimi, Türkiyə və Azərbaycan arasındakı tarixi, mənəvi, ortaq etnik köklərə bağlılıq, oxşar dilimiz, dinimiz, milli dəyərlərimiz, milli maraqlarımız, xalqlarımızın qardaşlığı həmrəyliyi dünya miqyasında nadir əməkdaşlıq, iş birliyi, müttəfiqlik nümunəsidir. İmzalanmış Bəyannamə isə ulu öndərlərin – «Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir» söyləyən Mustafa Kamal Atatürkün, “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir” aforizminin müəllifi Heydər Əliyevin vəsiyyətlərinə sadiqlikdir.
Prezident İlham Əliyevin vurğuladığı kimi, Şuşada imzalanan Müttəfiqlik Bəyannaməsində 100 il bundan əvvəl imzalanmış tarixi Qars müqaviləsinə istinad olunmaqla, dövlətlərarası iş birliyinin gələcək istiqamətləri də əksini tapır. Tarixi sənəddə beynəlxalq müstəvidə birgə əməkdaşlıq, siyasi, iqtisadi-ticarət əlaqələri, mədəniyyət, təhsil, idman, gənclər siyasəti kimi mühüm sahələrin əhatə olunması, hər iki dövlətin təşəbbüsü ilə reallaşan enerji, nəqliyyat layihələrinin əhəmiyyətinin, müdafiə sahəsində əməkdaşlığın, iş birliyi məsələsinin ön planda göstərilməsi tarixi nailiyyətdir. Başqa sözlə, Türkiyə ilə Azərbaycan hər ki ölkənin təhlükəsizliyinin qorunmasında da birgə iştirak edəcək. Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün beynəlxalq müstəvidə aktual olan Zəngəzur dəhlizinin açılması ilə bağlı Bəyannamədə çox aydın ifadələrin əksini tapması bu dəhlizin bərpasına mane olanların cəhdlərinin əsassız olduğunu təsdiqləyir.
Türkiyədə baş verən meşə yanğınları bir daha diqqəti iki dost, qardaş ölkənin münasibətlərinə yönəltdi. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edərkən yanğınların söndürülməsi və onların törətdiyi fəsadların qarşısının alınmasında Azərbaycanın Türkiyənin yanında olduğunu bir daha bildirərək həmrəyliyini ifadə etdi. Ərazidə xidmət göstərən yanğınsöndürən maşın və texnikanın sayının 100-ə çatdığı bildirilir. Yanğın zonasında 1 helikopter, 1amfibiya tipli yanğınsöndürən təyyarənin və 150 nəfər əlavə heyət göndərilməklə 510 nəfər yanğınsöndürən fəaliyyət göstərir. Əlavə 200 nəfər xüsusi təlim keçmiş yanğınsöndürən heyətin də göndərilməsi təklif edilmişdi. Beləliklə, Azərbaycandan olan yanğınsöndürən heyətin sayının 710 nəfərə çatdırılacağı bildirilmişdir. Bu dəstək Azərbaycan ilə Türkiyənin qardaşlığının və dostluğunun bariz təcəssümüdür.
Bu gün yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-Türkiyə-Pakistan dostluğu, qardaşlığı da tarixi köklərə, dəyərlərə bağlılıq hissinin göstəricisidir. Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipi budur: Bütün dövlətlərlə qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələr qurulur və inkişaf etdirilməlidir. Azərbaycanda bütün xalqların dostluq, qardaşlıq şəraitində yaşaması da dəyərlərə bağlılığımızdan, humanizm prinsiplərinin qorunmasından irəli gəlir.
Sakit Niyazov,
Sabirabad rayonu Şıx Salahlı kəndi, gənc sahibkar