Ermənistan yenidən müharibəyə cəhd etsə...
Ermənistan müstəqil dövlət deyil. Tam əminliklə demək olar ki, bu addımları da işğalçı ölkə müstəqil atmır. O, xarici qüvvələrdən, beynəlxalq təşkilatlardan və erməni lobbisindən asılı vəziyyətdədir.
Zəngəzur dəhlizinin bərpası ilə bağlı Ermənistanın sayıqlamaları da onun idarəedilən dövlət olmasından qaynaqlanır. Fransanın Ermənistandakı səfirinin Zəngəzur dəhlizinin əleyhinə söylədiklərini nümunə gətirmək olar. Göründüyü kimi, Minsk qrupunun üzvləri olan Amerika ilə Fransa ATƏT-in həmsədr missiyasının davam etdirilməsində maraqlıdırlar. Bəzi maraqlı qüvvələr kimi, bu diplomatların da münaqişənin bitməsini istəməmələrinin səbəbi Cənubi Qafqazda təsirlərini qoruyub saxlamaqdır. Bildiyimiz kimi, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra razılıq əsasında Rusiya ilə Türkiyə bölgədə vasitəçilik missiyasını həyata keçirirlər. Onlar Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasına dair təşəbbüs irəli sürürlər. Ancaq Ermənistan və onun dünya siyasətindən xəbərsiz başçıları Qərbin aldadıcı vədlərinə inanaraq hələ də böyük sülh sazişini imzalamaqdan imtina edirlər. Bununla da Rusiyanın, Türkiyənin vasitəçiliyinə kölgə salmaq istəyirlər.
İşğalçı Ermənistan Azərbaycanın zəif olan vaxtlarında torpaqlarını işğal etdi, əhalisinə qarşı soyqırımlar törətdi. Ancaq dünya dövlətlərindən heç kim işğal faktı, Azərbaycanda törətdikləri hərbi cinayətləri üçün ermənilərə təsir, təzyiq göstərmədi. Ölkəmizin çətin duruma düşdüyü vaxtda onu Ulu Öndər Heydər Əliyev xilas etdi. Ulu Öndər sayəsində güclü, qüdrətli Azərbaycan dövləti, qüdrətli nizami ordu formalaşdı. Əsası Ulu Öndər tərəfindən qoyulan ordu quruculuğu islahatlarını davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin təkmilləşdirdiyi Silahlı Qüvvələrimiz 2016-cı ilin aprel döyüşlərində, Günnüt əməliyyatında, 2020-ci ilin Tovuz döyüşlərində gücünü, qüdrətini göstərdi. Həmin əməliyyatlardan nəticə çıxarmayan Ermənistanın 44 günlük müharibədə darmadağın edilməsi labüd idi. Nəticədə müdafiə qüdrəti güclənən Azərbaycan Milli Ordumuzun rəşadəti sayəsində torpaqlarımız düşmən tapdağından azad edildi. Bununla da ölkəmiz BMT-nin illərdən bəri həllini gözləyən qətnamələrini öz gücünə yerinə yetirdi və haqqı-ədaləti bərpa etdi. Son günlərdə yenidən təxribatlar törədən, atəşkəsi pozan Ermənistanın mövcudluğu belə sual altındadır.
Bu gün Ermənistan iqtisadiyyatı çox ağır durumdadır. Bu illər ərzində işğalçı ölkədən 100 minlərlə insan köç edib. Sözsüz ki, miqrasiya daha da çoxalacaq. Ermənistan yenidən müharibəyə cəhd etsə hərbi texnikanı demirik, cəbhəyə göndərmək üçün əsgər belə tapmayacaq. Hazırda orada bir qrup imkansız erməni yaşayır ki, onların da tezliklə köçüb gedəcəkləri şübhəsizdir. Yox, əgər ağıllarını başlarına yığıb Türkiyə ilə, Azərbaycanla normal münasibət qurub, ölkəmizin müstəqilliyini tanıyıb, sülhə hazır olsalar qlobal layihələrdə iştirak edərək iqtisadiyyatlarını dirçəldə bilərlər. Artıq işğlaçı ölkə ağır məğlubiyyətdən nəticə çıxarmalı, boş vədlərə inanmamalı, reallıqla barışmalıdır. Müstəqil yaşamaq imkanı olmayan Ermənistan ilk növbədə qonşuları Türkiyə və Azərbaycanla razılaşmalıdır. Ən ədalətli çıxış yolu da budur.
Əlbağış QARAYEV,
şəhid atası