Dünyanın aparıcı ölkələrində sahibkarlığın inkişafının müxtəlif iqtisadi modelləri tətbiq edilir. Belə modellərdən biri də xüsusi iqtisadi zonalardır (XİZ). XİZ-lərin yaradılmasında məqsəd ölkə iqtisadiyyatının prioritet sahələrinin inkişafının sürətləndirilməsi, yerli və xarici investisiyaların cəlb edilməsinə daha əlverişli şəraitin yaradılması, yüksək texnoloji sahələrin inkişafının, rəqabətqabiliyyətli, səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsidir.
BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) 2019-cu il Dünya İnvestisiya Hesabatına əsasən dünyada 5000-dən artıq XİZ fəaliyyət göstərir ki, bunlardan təxminən 1000-i son 5 ildə yaradılmışdır. Onların 4000-dən çoxu Asiya və Sakit Okean regionunda, 500-ə yaxını Amerika qitəsində, 200-dən çoxu Yaxın Şərq və Afrika ölkələrində, 100-dən çoxu isə Avropada yerləşir. Azərbaycanda da sahibkarlığın inkişafının yeni modellərinin - xüsusi iqtisadi zonaların, sənaye park və məhəllələrinin, biznes inkubatorların tətbiqi sahəsində müvafiq işlər aparılır. Yerli və xarici investisiyaların ölkə iqtisadiyyatının inkişafına cəlb edilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, yeni rəqabətqabiliyyətli və səmərəli istehsal və xidmət sahələrinin təşkilinin dəstəklənməsi məqsədilə Azərbaycanda xüsusi iqtisadi zonaların yaradılması sahəsində mühüm işlər görülmüşdür. Belə ki, ən yaxşı beynəlxalq təcrübələr öyrənilmiş, təhlillər aparılmış və onun ölkəmizdə tətbiqi üçün ilk olaraq normativ hüquqi bazanın formalaşdırılması istiqamətində zəruri tədbirlər həyata keçirilmiş. Azərbaycan Respublikasının Prezidentinin “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanı ilə Ələt azad iqtisadi zonası yaradılmış, həmçinin Ələt azad iqtisadi zonasının səlahiyyətli qurumu təsis edilmişdir.
Bununla yanaşı, 2018-ci ilin 14 may tarixində Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə Qaradağ rayonunun Ələt qəsəbəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksinin açılışı olmuşdur. Hazırda ölkəmizdə xüsusi iqtisadi zonaların yaradılması istiqamətində müvafiq işlərin görülməsi davam etdirilir.
Burada yaradılacaq infrastruktur investorlar üçün cəlbedici olacaq, ölkəmizə yeni texnologiyalar gələcək, yeni iş yerləri yaradılacaq və burada işləyəcək Azərbaycan vətəndaşlarının əməkhaqqı yüksək olacaq, rəqabətqabiliyyətli məhsul istehsal ediləcək və qeyri-neft sektorunun ixrac imkanları genişlənəcək. Çünki ümumi daxili məhsulun strukturuna baxsaq görərik ki, neft sektoru artıq üstünlük təşkil etmir. Ancaq ixraca baxdıqda görünür ki, ixracın mütləq əksəriyyəti neft-qaz məhsulları ilə təmin edilir. Ona görə, burada da islahatların aparılması və xarici investorların xüsusilə sənaye sahəsinə cəlb edilməsi əsas amillərdən biri idi. Bu ideya çoxdan müzakirə olunurdu. Ancaq bu layihənin reallaşdırılması üçün vaxt düzgün seçilməli idi, ölkəmiz buna hazır olmalı idi və bu gün buna hazırdır.
Zamiq Muxtarov,
Sabirabad rayon sakini, gənc sahibkar