Azərbaycan Prezidenti təhsil sahəsində əməkdaşlığın inkişafı prinsipial məsələlərdən olduğunu da bəyan edib: “Təhsil sahəsində əməkdaşlıq olduqca önəmlidir. Çünki, gənc nəslin yetişdirilməsi, bir-birinə bağlı olması üçün çox önəmli addımlar atılmalıdır.
Türkiyənin təcrübəsi ölkəmiz üçün çox önəmlidir. İşğaldan azad olunmuş şəhərlərin baş planı hazırlanır və bu baş planların tərkib hissəsi kimi məktəblərin tikintisi nəzərdə tutulur. Şuşa şəhərində ermənilər tərəfindən dağıdılmış məktəbin təməli qoyulmuşdur.
Prezident İlham Əliyev həmçinin qeyd edib ki, peşə təhsili sahəsi Azərbaycan üçün ən aktual mövzulardan biridir:
“Peşə təhsili ilə bağlı işlər davam edir. Buna çox böyük ehtiyac var. Xüsusilə, azad edilmiş torpaqlarda və bütün ölkə üzrə yeni təhsilli kadrların hazırlanması çox böyük önəm daşıyır. Ona görə, azad edilmiş torpaqlarda ixtisaslar üzrə, o bölgələrin potensialına uyğun olaraq peşə məktəbləri yaradılmalıdır”.
Prezident İlham Əliyev Azərbaycanın müasir tarixinin öyrənilməsinin və təbliğ olunmasının vacibliyini qeyd edib. Prezident vurğulayıb ki, təhsil proqramlarda, orta məktəblərdə və ali məktəblərdə, universitetlərdə tarix dərsliklərinə İkinci Qarabağ müharibəsi mövzusu mütləq salınmalıdır:
“Bizim bu şanlı tariximiz dəqiqliklə öyrənilməlidir. Çünki beynəlxalq mətbuatda bu günə qədər İkinci Qarabağ müharibəsi ilə bağlı yanlış və təhrif edilmiş məlumat dərc edilir. Real həqiqətləri, biz həm öz vətəndaşlarımıza, həm də dünyaya çatdırmalıyıq”.
Qeyd edək ki, hazırda siyasi müstəvidə Azərbaycanla Türkiyə arasında yüksək səviyyədə münasibətlər formalaşır və münasibətlər sürətlə inkişaf edir. Hər iki dövlət əməkdaşlıqların bütün sahələrində daha da gücləndirilməsinə dair mühüm addımlar atır. Bir sözlə, Azərbaycanla Türkiyə “Bir millət, iki dövlət” şüarını əməldə gerçəyə çevirir.
Məndil HAQVERDİYEV,
Axtaçı kənd ümumi orta məktəbinin
direktoru