“Muğanın səsi” qəzetinin 13 aprel 2021-ci il tarixli 26-cı nömrəsində və qəzetin “Muganinsesi.az” internet səhifəsində verilmiş “Elektrik Şəbəkəsi bizi hansı zəmanəyə qaytarıb “ sərlövhəli vətəndaş müraciətlərində qaldırılan problem məsələnin həlli ilə bağlı “Azərişıq”ASC-dən cavab istəmişdik.
Cəmiyyətin Texniki Departamentinin planlaşdırma və layihələr üzrə müavini Fərail Hümbətovun imzası ilə aldığımız cavab məktubunu olduğu kimi dərc edirik:
“Hörmətli redaksiya.
Sabirabad rayonu, Yenikənd kəndində dayaqların və naqillərin istismara yarasız vəziyyətdə olması barədə müraciətə “Azərişıq” ASC-də baxılmışdır.
Məlumat üçün bildiririk ki, “Azərişıq” ASC-nin fəaliyyəti dövründə Sabirabad EŞ-nin xidmət ərazisində əhalinin enerji təchizatını yaxşılaşdırmaq, dayanıqlını və etibarlığını artırmaq üçün zəruri olan bir sıra işlər həyata keçirilmişdir. Belə ki, rayon ərazisində 110,35,10 kV-luq “Cavad”, 35,10 kV-luq “Nizamikənd”, “Cəngən”, “Vidadi-I”, “Vidadi-II”, “Salmanlı”, 35,6 kV-luq “Qaratuğay”, “Minbaşı” yarımstansiyaları yenidən qurulmuş, üç ədəd 35/0,4 kV-luq “Azadkənd nasos-2”, “Bulduq-6” və “Moranlı” yarımstansiyaları inşa edilib istismara verilmişdir. Ümumilikdə 28,5 km olmaqla 35 kV-luq 757 və Həşimxanlı hava xətləri tam yenilənmiş, 521 ədəd 10-6 kV-luq dayaq əkilərək 26 km uzunluqda hava xətti yenidən çəkilmiş, 4910 ədəd 0,4 kV-luq dayaq əkilərək 121,8 km uzunluğunda magistral ÖİN tipli kabel xətti çəkilmiş, 48 ədəd yeni komplekt transformator məntəqəsi quraşdırılmışdır.
Salmanlı, Azadkənd, Əlicanlı, Qəzli, Beşdəli, Cavad kəndlərində abonentlərin elektrik hesablaşma sayğacları SMART-kart tipli sayğaclarla əvəz edilmiş, Sarxanbəyli, Poladtoğay və Bala Həşimxanlı kəndlərində isə işlər davam etdirilir.
“Azərişıq” ASC tərəfindən yenidənqurma işləri çərçivəsində bütün ərazilərdə, o cümlədən Yenikənd kəndində yaşayan əhalinin elektrik təchizatının yaxşılaşdırılması üçün müvafiq texniki tədbirlərin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulmuşdur”.