Bu gün Azərbaycanın birinci xanımı və Birinci vitse-prezidenti Mehriban Əliyevanın AD Günüdür.
Azərbaycan tarixində igid, cəsur, cəsarətli, qeyrətli diplomat qadınlar çox olub, tarixə nəzər salsaq, bunun şahidi olarıq. Amma tarix boyu indiyədək Azərbaycanı dünyada, beynəlxalq aləmdə Mehriban Əliyeva kimi təbliğ edən, şərəfləndirən ikinci qadın olmayıb. Bu müdriklik və xoşbəxtlik hələ heç bir Azərbaycan qadınına nəsib deyil. Yalnız siyasəti mərhəmətlə, şəfqətlə çulğalaşdıran, 21-ci əsrin xoş məramlar elçisinə çevrilən, bütün dünyada bu məramın carçısı kimi tanınan, qəbul edilən və sevilən Mehriban xanım Əliyeva bu işin öhdəsindən böyük məharət və ustalıqla gəlib. Mehriban xanım bu işi ona görə bacarıb ki, O, AZƏRBAYCANI SEVİB. Azərbaycan sevgisi isə ona sevgi gətirib.
1964-cü ilin bu günü -26 avqust tarixində ziyalı ailəsində dünyaya göz açan Mehriban Əliyeva yazıçı, ədəbiyyatşünas, Azərbaycanın Əməkdar Elm Xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və görkəmli jurnalist, pedaqoq, Əməkdar elm xadimi Nəsir İmanquluyevin nəvəsidir.
Atası Arif Paşayev Azərbaycanın görkəmli alimi, pedaqoqu, ictimai xadim, Milli Elmlər Akademiyasının akademiki, Dövlət mükafatı laureatı, fizika-riyaziyyat elmləri doktoru, professordur.
Anası Aida İmanquliyeva şərqşünas, ədəbiyyatşünas, tənqidçi, tərcüməçi, filologiya elmləri doktoru, professordur. Aida İmanquliyeva Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor – qadındır.
Mehriban Əliyeva 1982-ci ildə məktəbi qızıl medalla bitirərək N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olub. O, müsahibələrinin birində peşə seçimini bu cür dəyərləndirir:
“Ağlım kəsəndən bəri başqa alternativim olmayıb. Anam şərqşünas-alim idi. Azərbaycan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutuna başçılıq etmişdir. Lakin məktəbi bitirdikdən sonra sənədlərini tibb institutuna vermişdi, çünki çox istəyirdi ki, həkim olsun. Nəyə görəsə valideynləri onu uzun müddət dilə tutmuşlar və nəticədə o, görkəmli filoloq olmuşdur. Bax onun bu baş tutmamış arzusu mənim seçimimi müəyyənləşdirmişdir. İxtisas seçimimə isə İlhamın anası – həkim-oftalmoloq Zərifə xanım təsir göstərmişdir”.
Mehriban Əliyeva 1983-cü ildə İlham Əliyev ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı var.
Həyat yoldaşı İlham Əliyev Mehriban xanımı belə xarakterizə edir:
“Təbii ki, hər bir ana kimi, mənim də anam gəlin tapmağa çalışırdı. Amma Mehribanla tanış olanda özlüyümdə qərara aldım ki, bax, bu qız xoşuma gəlir. ... Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”.
2 fevral 2017-ci il tarixində Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva Azərbaycanın Birinci vitse-prezidenti təyin edilib.
Mehriban Əliyeva əsl Aəzrbaycan xanımının simvoludur, nümunəsidir. Onun fəaliyyətinin kökündə mənsub olduğu xalqa, millətə sevgi dayanır. Mehriban Əliyeva bütün hərəkətləri, bütün qərarları ilə millidir. Vətəninə xidmət edir, onun tərəqqisini arzulayır, sabahının qayğısına qalır, mədəniyyətinin, təhsilinin inkişafına çalışır.
O, Azərbaycana məxsusdur, amma əməlləri bəşəridir, bəşəriyyətin xəzinəsidir. Bu cür insanlar harada doğulmalarından, harada yaşamalarından, hansı millətə, hansı xalqa, hansı dinə mənsub olmalarından asılı olmayaraq, onların fəaliyyəti ümumbəşəridir. Üstəlik, Mehriban Əliyevanın xeyriyyəçilik fəaliyyəti artıq Azərbaycan sərhədlərini çoxdan aşıb. Təsadüfi deyil ki, humanistliyini, başa-baş xeyirxahlığa köklənən arzu və ideyalarını həyata keçirmək istiqamətində bacarıq və qabiliyyətini təkcə öz xalqı yox, bütün dünya qiymətləndirdi. 9 sentyabr 2004-cü il tarixdə Mehriban Əliyevaya Parisdə YUNESKO-nun xoşməramlı səfiri adı təqdim olundu...
2004-cü ilin mayından Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram, ideyalarını yaşatmaq arzusu ilə yaradılan, onun adını daşıyan fonda rəhbərlik etməklə humanist ideyaların carçısına döndü Mehriban xanım. Onun təəssübkeşliyi, xeyir-duası, dəstəyi ilə həyata keçirilən qlobal layihələrdən indi həm ölkə daxilində, həm də ondan kənarda çox böyük hörmətlə söhbət açırlar.
YUNESKO-nun xoşməramlı səfiri olandan iki il sonra Mehriban Əliyeva müxtəlif sahələrdə genişmiqyaslı fəaliyyəti, ehtiyacı olan uşaqlara qayğısı, təhsilə, həmçinin islam aləmində görülən işlərə böyük dəstəyinə görə də diqqəti çəkdi və 2006-cı il noyabrın 24-də 51 müsəlman dövlətinin təmsil edildiyi nüfuzlu beynəlxalq mədəni-humanitar qurum olan İslam Ölkələri Elm, Təhsil və Mədəniyyət Təşkilatının – İSESCO-nun Xoşməramlı səfiri adına layiq görüldü.
Ulu Öndərin zəngin irsini, həmçinin müəllifi olduğu azərbaycançılıq fəlsəfəsini, azərbaycançılıq ideyasını təbliğ etmək, gələcək nəsillərə çatdırmaq missiyasını öhdəsinə götürən Heydər Əliyev Fondu zamanın tələblərinə cavab verən vəzifələr müəyyənləşdirdi, dəyərli layihələr həyata keçirməyə başladı. Fondun gerçəkləşdirdiyi proqram və layihələr Azərbaycan təhsilinin, mədəniyyətinin qarşısında yaşıl işıq yandırdı...
Daha bir məqam. Azərbaycanın beynəlxalq imicinin yüksəldilməsi istiqamətində uğurlu addımlar atan Mehiban Əliyevanın fəaliyyəti artıq qlobal xarakter daşıyır. Artıq Heydər Əliyev Fondu bir sıra xarici ölkələrdə də təhsilə qayğı göstərir, məktəblər tikdirir, xeyriyyəçilik işləri görür...
Burada Prezident İlham Əliyevin fikrini xatırlatmaq yerinə düşür: "O, insanlara xoş münasibəti, xoş niyyəti, xoş ünsiyyəti ilə seçilib. Bu, onun xasiyyətinin ən fərqləndirici cəhətidir. Mən əminəm ki, Mehriban Əliyeva xeyriyyəçilik, insansevərlik, mərhəmət, Azərbaycan xalqının mentalitetinə, mədəniyyətinə, düşüncəsinə, əsrlərdən bəri formalaşan ənənələrimizə xas olan ən gözəl keyfiyyətləri davam etdirməyə çalışacaq".
Onu öz xalqına sevdirən də elə bu gözəl keyfiyyətlərdir. İndi öz xalqının nəzərində onun gözəl və ağıllı, müdrik xanım kimi olduqca müsbət imici, gündən-günə artan nüfuzu var...
İ. DƏMİRQAYA,
“Muğanın səsi”