• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Prezident onlayn Zirvə toplantısında çıxış edib

  • 04.03.2021, 18:58, Baxış sayı:
  • 471
Prezident onlayn Zirvə toplantısında çıxış edib
Bu gün İqtisadi Əməkdaşlıq Təşkilatının XIV onlayn Zirvə toplantısı keçirilir.
Azərbaycan Prezidenti İlham Əliyev toplantıda videoformatda çıxış edib.
Tədbir davam edir.
***
Prezident İlham Əliyevin çıxışı:
-Əziz qardaşım, əziz Prezident,
Mənə söz verdiyiniz zaman səsləndirdiyiniz fikirlərə görə Sizə təşəkkür edirəm.
Bütün həmkarlarımızın diqqətinə çatdırmaq istərdim ki, Prezident Ərdoğanın yalnız müharibə vaxtı deyil, ümumiyyətlə Türkiyənin Prezidenti və lideri olduğu müddətdə Azərbaycana olan davamlı dəstəyi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində mühüm rol oynamışdır.
Türkiyə bizim qardaşımızdır. Türkiyə bizim böyük müttəfiqimizdir. Azərbaycan xalqı Türkiyə kimi müttəfiqi olmasından çox məmnundur.
Azərbaycan və Türkiyə xalqları və əminəm ki, dünyada bir çoxları Prezident Ərdoğanın Türkiyənin yalnız dünyada ən önəmli güc mərkəzlərindən birinə çevrilməsində deyil, eləcə də regionda təhlükəsizliyin təmin edilməsindəki tarixi rolundan açıq şəkildə xəbərdardırlar.
Türkiyə geniş regionda təhlükəsizlik və sabitliyin təmin olunmasında çox önəmli rol oynayır.
Əvvəllər də çox demişəm, indi də bir daha bildirmək istərdim ki, Türkiyənin güclü olması Azərbaycan və bütün digər müttəfiqlərin də güclü olması deməkdir.
Hörmətli cənab sədr, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan,
Hörmətli dövlət və hökumət başçıları,
Hörmətli cənab baş katib,
İlk öncə mən bir daha əziz qardaşlarıma, Prezident Ərdoğana, Prezident Əşrəf Qaniyə, Baş nazir İmran Xana Azərbaycanın qələbəsi və ərazi bütövlüyünü bərpa etməsi münasibətilə səsləndirdikləri xoş təbriklərə görə təşəkkürümü bildirmək istərdim.
Qardaş Türkiyəni İqtisadi Əməkdaşlıq Təşkilatında uğurlu sədrliyi münasibətilə təbrik etmək istərdim. Yeni sədr ölkə kimi qardaş Türkmənistana uğurlar arzulayıram.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə münasibətlərinə böyük əhəmiyyət verir. Bu gün burada İqtisadi Əməkdaşlıq Təşkilatının Tədqiqat Mərkəzinin nizamnaməsini imzalayacağıq. Biz Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin təşəbbüsünü dəstəklədiklərinə görə üzv dövlətlərə minnətdarıq və Azərbaycanda yerləşəcək Mərkəzin səmərəli fəaliyyəti üçün əlimizdən gələni edəcəyik.
2020-ci ildə Azərbaycan öz torpaqlarının Ermənistan tərəfindən 30 ilə yaxın davam edən işğalına hərbi-siyasi yollarla son qoydu. Ermənistan üzərində döyüş meydanında əldə edilmiş hərbi zəfər siyasi yollarla tam təmin edildi.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş və Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri 27 il kağız üzərində qalmışdı. Azərbaycan özü həmin qətnamələrin icrasını təmin edərək ərazi bütövlüyünü bərpa etdi. İşğalçılar qədim Azərbaycan torpağı olan Qarabağdan qovuldu. 44 gün ərzində Ermənistan ordusu tam darmadağın edildi. 10 noyabr 2020-ci il tarixində Azərbaycan Ermənistanı kapitulyasiya aktı imzalamağa məcbur etdi.
Müharibə başlayan kimi bizi dəstəkləyən ilk ölkə qardaş Türkiyə oldu. Əziz qardaşım, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın açıqlamalarını və onun siyasi və mənəvi dəstəyini yüksək qiymətləndiririk.
27 və 28 sentyabr tarixlərində qardaş Pakistan və Əfqanıstan Ermənistanı işğala son qoymağa, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini icra etməyə çağırmış və Azərbaycanın ərazi bütövlüyünə öz dəstəklərini ifadə etmişlər.
Mən bizi dəstəklədiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.
Eyni zamanda müharibə dövründə bizi dəstəkləyən ölkələrin dövlət və hökumət başçılarına da təşəkkür edirəm.
İşğal zamanı Ermənistan işğal etdiyi ərazilərdə Azərbaycanın kənd və şəhərlərini, bütün mədəni və dini abidələrini qəsdən dağıtmışdır. Bizim məscidlər donuz və inək saxlanılan yerlərə çevrilmişdir. Bütün bunların foto və videoları internetdə var. Bu bütün İslam dünyasına qarşı olan düşmənçilikdir. Azərbaycan xalqının mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi faktları beynəlxalq media nümayəndələri tərəfindən əks etdirilmişdir.
Bütün müsəlmanların hisslərini təhqir edən Ermənistanın müsəlman ölkələri ilə əlaqələrini genişləndirmək cəhdləri riyakarlıqdan başqa bir şey deyil.
Azərbaycan müsəlman ölkələri arasında həmrəyliyə dəyərli töhfələr vermişdir. Biz müxtəlif beynəlxalq kürsülərdən islam ölkələrini birliyə çağırmışıq.
Azərbaycan islam dininin zorakılıq və terrorla əlaqələndirilməsini kəskin şəkildə pisləyir. Biz İslamofobiyaya qarşı mübarizə aparmalı və İslamın həqiqi dəyərlərini-sülh, tolerantlıq və ədaləti-təşviq etməliyik. Bu mənada, qardaş Pakistanın təşəbbüsü ilə İslam Əməkdaşlığı Təşkilatının 15 mart tarixinin Beynəlxalq İslamofobiya ilə Mübarizə Günü elan olunması qərarını alqışlayırıq.
Hazırda qarşımızda azad olunmuş ərazilərin yenidən qurulması kimi nəhəng vəzifə dayanır. Biz azad olunmuş ərazilərdə şəhər və kəndlərimizi yenidən quracağıq, mədəni və dini abidələrimizi bərpa edəcəyik.
Azərbaycan COVID-19 pandemiyası ilə mübarizədə qlobal səyləri səfərbər edən ilk ölkələrdən olmuşdur. Azərbaycan ötən il hazırda sədrlik etdiyi iki beynəlxalq təşkilatın-Türk Şurası və Qoşulmama Hərəkatının Zirvə toplantıları, eləcə də BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyasının keçirilməsinin təşəbbüskarı olmuşdur. Bu təşəbbüslər bizim beynəlxalq həmrəyliyə və əməkdaşlığa sadiqliyimizi bir daha nümayiş etdirmişdir.
Pandemiyanın ilk günlərindən biz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx əməkdaşlıq edirik. Biz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon dollar həcmində könüllü maliyyə yardımı etmişik. Azərbaycan koronavirusla əlaqədar dünyanın 30-dan artıq ölkəsinə humanitar və maliyyə yardımı edib.
Azərbaycan yanvar ayının 18-dən peyvəndləmə prosesinə başlayıb. Biz regionda peyvəndləməyə start vermiş ilk ölkələrdən biriyik.
Biz vaksinlərin inkişaf etmiş və inkişaf etməkdə olan dövlətlər arasında qeyri-bərabər və ədalətsiz şəkildə bölünməsini pisləyirik. Bəzi ölkələr özlərinin ehtiyacları ilə müqayisədə bir neçə dəfə çox həcmdə vaksin alır. Aydındır ki, belə olduğu təqdirdə, bəzi ölkələrə peyvənd çatmayacaq.
Azərbaycan bu məsələ ilə bağlı BMT-nin İnsan Hüquqları Şurasında Qoşulmama Hərəkatı adından qətnamə layihəsi ilə çıxış etməyi planlaşdırır və mən İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini həmin təşəbbüsü dəstəkləməyə dəvət edirəm.
Azərbaycan Avrasiyada enerji təhlükəsizliyini təmin edən mühüm tərəfdaş ölkədir. Cənub Qaz Dəhlizi 2020-ci il dekabrın 31-də istismara verildi. 7 ölkəni birləşdirən 3500 kilometr uzunluğunda olan Cənub Qaz Dəhlizi dünyanın ən böyük enerji infrastrukturu layihələrindən biridir.
Azərbaycan Şərq-Qərb, Şimal-Cənub və Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional bağlantı layihələrində fəal iştirak edir və ölkəmiz Avrasiyanın əsas və etibarlı nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Biz öz tərəfdaşlarımızla birgə Azərbaycanın nəqliyyat infrastrukturunu Lapis Lazuli nəqliyyat dəhlizi ilə birləşdirdik və nəqliyyat sahəsində çoxtərəfli əməkdaşlıq üçün geniş imkanlar yaratdıq.
Artıq qeyd etdiyim kimi, Azərbaycanın Ermənistan üzərində şanlı qələbəsindən sonra Dağlıq Qarabağ münaqişəsinə son qoyuldu. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı.
Biz indi gələcək haqqında düşünürük. Biz bölgədə sülh və sabitliyi təmin etmək üçün bir çox ölkələri birləşdirən nəqliyyat layihələrini müzakirə etməyə başlamışıq. Azərbaycan, Türkiyə və İran bölgədə nəqliyyat layihələrinin icrası ilə bağlı vahid mövqe sərgiləyir. Ermənistan da özünü normal apararsa, bu prosesdən faydalana bilər.
Bu xüsusda qeyd etmək istərdim ki, Azərbaycanın tarixi ərazisi olan Zəngəzurdan keçəcək və Azərbaycanın əsas hissəsi ilə ölkəmizin ayrılmaz hissəsi Naxçıvan Muxtar Respublikasını və Türkiyəni birləşdirəcək yeni bağlantı dəhlizi regionda nəqliyyat sektorunda yeni imkanlar yaradacaq. Biz İqtisadi Əməkdaşlıq Təşkilatının üzv dövlətlərini Zəngəzur dəhlizindən faydalanmağa dəvət edirik.
/Muganinsesi.az/
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter