• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın Zəfər ilinə son baxış

  • 31.12.2020, 12:18, Baxış sayı:
  • 397
Azərbaycanın Zəfər ilinə son baxış
2020-ci il bu gün artıq başa çatır. İlin əvvəli bütün dünyada bəlaya çevrilən koronavirus pandemiyası Azərbaycandan da yan keçməsə də, ilin ikinci yarısında baş verən hadisələr ölkəmiz üçün tarixi uğura səbəb oldu. Bu şanlı zəfərin əldə olunmasına gedən yola bir daha nəzər salmağa dəyər.

Vətən Müharibəsini şərtləndirən səbəblər

2020-ci il ərzində Ermənistan sülh prosesini məqsədyönlü şəkildə pozmağa davam edirdi. Ermənistanın məqsədi işğal ilə bağlı status-kvonu qorumaq və həmin ərazilərin ilhaqına nail olmaq idi. Azərbaycanın konstruktiv mövqeyinə zidd olaraq, Ermənistanın baş naziri məqsədyönlü şəkildə danışıqlar prosesinin format və mahiyyətini sarsıdırdı.

Hələ bu siyasi məsələ ötən ildən başlamışdı. 2019-cu ildə Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə” ifadəsi kimi təxribat xarakterli bəyanatları və addımları danışıqlar prosesinə ciddi zərbə vururdu. Daha sonra bu il qondarma qurumda "seçkilər” keçirildi və quldur rejimin "başçı”sının inaqurasiya mərasimi də Şuşada keçirildi. Bundan əlavə, elan edildi ki, qondarma "parlament” Şuşaya köçürüləcək.

Ermənistanın baş naziri Nikol Paşinyan mülki şəxslərdən ibarət silahlanmış könüllülər dəstələrinin yaradılmasını elan etdi. Ermənistanın müdafiə naziri isə ABŞ-da səfərdə olarkən "yeni ərazilər uğrunda yeni müharibə”yə çağırış etdi. Bir sözlə, Ermənistan təcavüzkar və hücum xarakterli hərbi doktrina və milli təhlükəsizlik strategiyası qəbul etmişdi.

Eyni zamanda Ermənistan tərəfindən işğal olunmuş ərazilərdə aparılan qanunsuz məskunlaşdırma siyasəti daha da gücləndirilmişdi. Sosial şəbəkələrdə Livandan olan ermənilərin Şuşada yerləşdirilməsi haqqında geniş məlumatlar yayılırdı. Bütün bu təxribatçı addımlarla Ermənistan rəhbərliyi Azərbaycan xalqının heysiyyatı ilə oynayırdı. Qeyri-qanuni məskunlaşdırma siyasəti ilə Ermənistan beynəlxalq humanitar hüququ, o cümlədən 1949-cu il Cenevrə Konvensiyalarını kobud şəkildə pozurdu.

Azərbaycan Respublikası prezidenti İlham Əliyevin Nikol Paşinyan üzərində ilk qələbəsi fevralın 15-də keçirilmiş Münxen Təhlükəsizlik Konfransı çərçivəsində debatda oldu. İlham Əliyev tarixi və hüquqi arqumentlərə əsaslanaraq Ermənistanın mövqeyini darmadağın etdi və Paşinyanı dünya ictimaiyyəti qarşısında məğlub etdi. İyunun 18-də isə İlham Əliyev Şərq Tərəfdaşlığı ölkələrinin videokonfrans formatında sammitində çıxışı zamanı Ermənistanın danışıqların mahiyyətini və formatını məhv etməsi məsələsini qabartdı.

Bununla belə azğın qonşularımız təcavüz siyasətindən əl çəkmədi. İyulda Ermənistan dövlət sərhədi istiqamətində hərbi təxribata əl atdı. Təxribatın məqsədi regionda yeni gərginlik mənbəyi yaratmaq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı məsələsindən diqqəti yayındırmaq, üçüncü dövlətləri münaqişəyə cəlb etmək və Azərbaycanın strateji infrastrukturuna zərər vurmaq idi. Lakin Ermənistan növbəti dəfə hərbi məğlubiyyətə uğradı. Tovuz hadisələri zamanı bir sıra dövlətlər və beynəlxalq təşkilatlar Azərbaycanın mövqeyini dəstəklədilər.

İyul hadisələrindən sonra daha da azğınlaşmış Ermənistanın baş naziri Azərbaycana qarşı yeddi şərt irəli sürdü. Prezident İlham Əliyev bu şərtləri rədd etdi və yalnız bir şərtinin olduğunu vurğuladı: Ermənistan silahlı qüvvələri Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Özünü cəzasızlıq mühitində hiss edən Ermənistan isə təmas xətti boyunca əlavə hərbi qüvvələr yerləşdirirdi.

Avqustda erməni diversiya dəstəsi təmas xəttini keçməyə cəhd etdi, amma bunun da qarşısı qətiyyətlə alındı. Sentyabrın 24-də BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxışı zamanı Prezident İlham Əliyev Ermənistanın Azərbaycana qarşı yeni müharibəyə hazırlaşdığı barədə xəbərdarlıq etdi.

Vətən Müharibəsi və tarixi qələbə

Sentyabrın 27-də Ermənistan Azərbaycana qarşı irimiqyaslı hərbi təcavüzə başladı. Bu artıq suyu daşıran son damla oldu. Azərbaycan ordusu mülki əhalini qorumaq və ərazi bütövlüyünü bərpa etmək məqsədilə uğurlu əks-hücum əməliyyatına başladı və işğal olunmuş ərazilərin böyük bir hissəsini azad etdi.

44 günlük Vətən müharibəsi Azərbaycanın tam qələbəsi və Ermənistanın kapitulyasiyası ilə nəticələndi. Bu dövr ərzində 300-ə yaxın kənd, 5 şəhər, o cümlədən Füzuli, Çəbrayıl, Zəngilan, Qubadlı və Çuşa şəhərləri, 4 qəsəbə, çoxsaylı strateji yüksəkliklər azad olundu. Düşmənin texnikası tam məhv edildi, canlı qüvvəsinə ciddi zərbə vuruldu. Bir sözlə Azərbaycan ordusu Ermənistan silahlı qüvvələrini darmadağın etdi. Bu müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun tarixi qələbəsidir.

Vətən Müharibəsi dövründə Prezident bir çox nüfuzlu xarici media nümayəndələrinə müsahibələr verərək Azərbaycanın haqlı mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ermənistanın yalanlarını ifşa etdi. Bir sıra təxribat xarakterli suallara məharətlə cavab verən Prezident bir daha özünün siyasi-diplomatik bacarığını nümayiş etdirdi. Azərbaycan Prezidentinin çıxışları, müsahibələri Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılmasında və erməni yalanlarının ifşa edilməsində mühüm rol oynadı.

Öz müsahibələrində İ.Əliyev 44 gün ərzində Ermənistanın nəinki cəbhəyanı bölgədə olan şəhərlərimizi, kəndlərimizi hədəfə aldığını, eyni zamanda döyüş bölgəsindən uzaqda yerləşən yaşayış məntəqələrimizi vurduğunu qeyd etdi. Prezident bildirdi ki, Ermənistan azərbaycanlı mülki əhali arasında böyük sayda insan itkisinə səbəb olmaq və onları didərgin salmaq məqsədilə qəsdən ağır artilleriya, ballistik raketlər, ağ fosfor və kasetli sursatlardan istifadə edir. Bərdə, Gəncə kimi şəhərlərə ballistik raketlərin atılması erməni terrorunu çılpaqlığıyla ortaya qoydu. Tərtər, Gəncə, Naftalan, Bərdəyə qadağan olunmuş silahlarla və mülki əhalinin məhvinə yönəlmiş hücumlar nəticəsində 94 mülki şəxs ölüb, 410 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bəzi jurnalistlərin guya Azərbaycan tərəfində muzdluların vuruşması suallarına cavab olaraq İ.Əliyev qeyd etdi ki, Azərbaycanın 100 minlik nizami ordusu var və heç bir kənar dəstəyə ehtiyacı yoxdur. Əksinə Ermənistan müxtəlif ölkələrdən çoxsaylı muzdlular və terrorçuları cəlb edərək onlardan Azərbaycana qarşı istifadə edir. İ.Əliyev bildirdi ki, Azərbaycan Ordusu öz yüksək texnoloji silahları ilə Ermənistandan fərqli olaraq yalnız legitim hərbi hədəflərə zərbələr endirir.

Fransanın Azərbaycana qarşı qərəzli mövqeyi

Fransa Prezidenti Emanuel Makron İ.Əliyev ilə telefon təmaslarında Minsk Qrupunun həmsədri kimi bitərəfliyini və obyektivliyini pozaraq Ermənistanın maraqlarını irəli çəkməyə çalışdı. İ.Əliyev qətiyyətlə Azərbaycanın mövqeyini müdafiə etdi.

Prezident İ.Əliyev Vətən Müharibəsi dövründə bir sıra təzyiqlərə mətanətlə sinə gərdi. Fransa kimi imperialist gücün qarşısında geri çəkilməmək, haqq səsini ucaltmaq az bir məsələ deyil.

Bəzi xarici ölkələr, təşkilatlar, siyasi dairələr Azərbaycana deyirdilər ki, münaqişənin hərbi həlli yoxdur. Lakin İ.Əliyev "Dəmir yumruq” əməliyyatı ilə sübut etdi ki, münaqişənin hərbi həlli var. Nəticədə ölkəmiz BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı məlum dörd qətnaməsini özü icra etdi.

Azərbaycan və Rusiya Prezidentləri və Ermənistanın baş naziri tərəfindən 10 noyabr tarixində üçtərəfli bəyanatın imzalanması ilə münaqişə başa çatdı. Ermənistan kapitulyasiyaya uğradı. Həmin bəyanatla Azərbaycanın işğalda olan Ağdam, Kəlbəcər və Laçın rayonları da azad edildi. Beləliklə, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi hərbi-siyasi yolla həll olundu.

Prezident aydın şəkildə bildirdi ki, Dağlıq Qarabağa heç bir status verilməyəcək. Dekabrın 18-də Müstəqil Dövlətlər Birliyinin zirvə görüşündə İ.Əliyev qeyd etdi ki, regionda artıq yeni reallıq yaranıb. Prezident vurğuladı ki, Azərbaycan Qarabağı bərpa edəcək, dirçəldəcək və dünyanın ən inkişaf etmiş regionlarından birinə çevirəcək. İ.Əliyev işğal nəticəsində vurulmuş ziyanın həcminin dəyərləndirilməsi üçün Azərbaycanın Ermənistan tərəfindən dəymiş ziyana görə kompensasiya tələb edəcəyini bildirdi.

Düzdür, Vətən Müharibəsi və ondan sonra Fransa, Niderland və Belçika kimi ölkələrin parlamentlərində Azərbaycan və qardaş Türkiyəni hədəfə alan qərəzli qətnamə layihələri və digər təşəbbüslər irəli sürülərək qəbul olundu. Belə təşəbbüslərin müəllifləri əksər hallarda ultra-sağçı, ultra-millətçi və İslamofob partiyaların və dairələrin nümayəndələri oldu.

İ.Əliyev isə öz növbəsində belə ədalətsiz qərarların qəbul edilməsi ilə bu ölkələrin Azərbaycanla siyasi, iqtisadi və digər sahələrdə daha sıx əlaqələr qurmasına kömək etməyəcəyini dəfələrlə vurğulayıb. O həmçinin bildirib ki, işğal olunmuş ərazilərdəki dini abidələrin və məscidlərin kütləvi surətdə dağıdılması Ermənistanın islamofob mahiyyətinin göstəricisidir və onun dostluq etməyə çalışdığı müsəlman ölkələri tərəfindən nəzərə alınmalıdır.

Vətən Müharibəsi zamanı Azərbaycanın yanında olan ölkələr

II Qarabağ Müharibəsi başlayandan yekunlaşanadək Azərbaycana dəstək olan ölkələr oldu. Onların siyasi və mənəvi dəstəyi bizim tarixi zəfərimizdə az rol oynamadı.

Ən böyük dəstək Türkiyə Respublikasından, onun dövlət başçısı Rəcəp Tayyip Ərdoğandan gəldi. Qardaş Türkiyə xalqının Ordumuza maddi yardımı və türk mətbuatının daim hadisələri diqqətdə saxlaması da vurğulanmalı məqamdır. Vətən Müharibəsinin qələbə ilə bitməsi münasibətilə 10 dekabrda Bakıda keçirilən Zəfər paradında Türkiyə prezidentinin iştirakı da bu yazılanların məntiqi ardıcıllığı, bu iki ölkələr arasındakı münasibətlərin necə olmasının göstəricisidir.

Zəfər paradından sonra hər iki dövlət başçısının keçirdiyi mətbuat konfrasında əhəmiyyətli sənədlər imzalandı və regional sülh və post-müharibə dövrü haqqında xüsusi mesajlar verildi. Xüsusən İ.Əliyev və R.T.Ərdoğanın Cənubi Qafqazda yeni bir atlı tərəfli əməkdaşlıq platformasından bəhs etmələri regionun bütün dövlətlərinin maraqlarına xidmət edir.

İşğaldan azad olunmuş torpaqlarımızın bərpasında Türkiyə dövləti və şirkətləri xüsusi rol oynayacaq. Türkiyə ordusunun mənsubları işğaldan azad olunmuş torpaqlarımızın minadan təmizlənməsində iştirak edir. Bundan başqa, Türkiyə şirkətləri işğaldan azad edilmiş ərazilərimizin bərpa prosesində də rol alacaq. Şuşaya yolun çəkilməsi üçün ilk müqavilə də Türkiyə şirkəti ilə imzalanıb.

2020-ci ildə Azərbaycan-Türkiyə münasibətləri baxımından baş vermiş mühüm hadisələrdən biri də tərəflər arasında sadəcə şəxsiyyət vəsiqəsi ilə səyahəti tənzimləyən sazişin imzalanmasıdır. Bu, Azərbaycan vətəndaşının şəxsiyyəti təsdiq edən sənəd ilə xaricə ilk çıxış imkanı olacaq.

Münaqişədən öncə və müharibə vaxtı Pakistan daim Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib. Onların bu barədə verdiyi bəyanatlar İ.Əliyev tərəfindən dəfələrlə vurğulanıb.

Rusiya Prezidenti Vladimir Putin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatın razılaşdırılmasında mühüm rol oynayıb.
V.Putin müharibə vaxtı və sonra dəfələrlə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən açıqlamalar verib.

Vətən Müharibəsi zamanı İran da Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatlar verdi. İran Vətən Müharibəsi gedişində silah ötürülməsinin qarşısını almaq üçün Ermənistanla hava və quru sərhədini bağladı və bu fakt dostluq, qardaşlıq hərəkəti kimi Azərbaycan Prezidentinin noyabrın 20-də xalqa müraciətində məmnunluqla qeyd olundu. Eyni zamanda İ.Əliyev işğaldan azad edilmiş Füzuli və Cəbrayıl rayonlarına səfəri zamanı İranla sərhədi "dostluq sərhədi” adlandırdı.

Xarici siyasətimizdə ən mühüm hadisələrdən biri fevralda Prezident İlham Əliyevin İtaliyaya etdiyi tarixi dövlət səfəri də az rol oynamadı. İtaliya Avropa İttifaqının üzv ölkələri arasında Azərbaycanın bir nömrəli siyasi, iqtisadi və ticarət tərəfdaşına çevrildi.

İmzalanmış sənədlər sırasında "Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə” müstəsna əhəmiyyət daşıyır. Bu, Azərbaycanın digər ölkələrlə, o cümlədən "Böyük Yeddiliy”in və Avropa İttifaqının üzvü olan ölkə ilə imzaladığı ilk sənəddir. Vətən Müharibəsi başa çatandan sonra parlament və hökumət səviyyəsində Azərbaycana nümayəndə heyəti göndərən ilk Avropa ölkəsi də məhz İtaliya oldu.

Prezident dekabrın 9-da İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Dövlət katibi Manlio Di Stefano ilə görüşdə daha çox İtaliya şirkətinin Azərbaycanda fəaliyyətinə, xüsusilə işğaldan azad olunmuş ərazilərdə həyata keçiriləcək yenidənqurma, bərpa və infrastruktur layihələrinə cəlb edilməsinə dəstəyini ifadə etdi. Artıq işğaldan azad olunmuş ərazilərdə elektrik stansiyalarının qurulması prosesində İtaliya şirkətinin iştirak edəcəyi hamımıza məlumdur.

Sentyabr ayında Ukraynanın "Milli Təhlükəsizlik Strategiyası” haqqında sənəd qəbul edildi. Sənəddə Azərbaycan Ukraynanın strateji tərəfdaş dövlətləri siyahısına daxil edildi. Ukrayna da Vətən Müharibəsi də daxil olmaqla, həmişə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi barədə bəyanatlar verib və bu da xalqımız tərəfindən unudulmayacaq.

Beləliklə, Azərbaycan 2020-ci ili böyük zəfərlə başa vurur. 2021-ci ildə Cənubi Qafqazda barış ili olacağına, bölgədəki xalqların mehriban və dinc şəraitdə yaşayacağına, iqtisadi əməkdaşlıq çərçivəsində inkişafın olacağına ümid edirik.

Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter