Azərbaycan cəmiyyətinin inkişafına öz töhfəsini verən milli mətbuat tarix boyu maariflənmədə, milli düşüncəsinin formalaşmasında mühüm rol oynayıb. Ötən əsrin sonlarında Azərbaycanı müstəqilliyə aparan yolda da mətbuat fəal iştirak edib, dövlət müstəqilliyini bərpa etdikdən sonra isə demokratik cəmiyyətin tərkib hissəsi kimi inkişaf yolu keçib. Ümummilli Lider Heydər Əliyevin Fərmanı əsasında 1998-ci il avqustun 6-da senzuranın ləğvi isə milli mətbuatın inkişafında yeni mərhələnin əsasını qoyub.
Mətbuat sahəsində yaradılmış ənənələri daha da möhkəmləndirən Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı nəticəsində isə kütləvi informasiya vasitələrinin fəaliyyətində dövrün çağırışlarından irəli gələn yeni keyfiyyət mərhələsi başladı.
Ölkə başçısı İlham Əliyevin 2021-ci ilin əvvəlində “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” imzaladığı fərmanla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun bazasında media sahəsində əsaslı inkişafa nail olunmasına dəstək olacaq, media subyektlərinin bütün sahələrini əhatə edəcək yeni qurum - Medianın İnkişafı Agentliyi yaradıldı (MEDİA). Agentlik fəaliyyətə başladıqdan sonra isə Azərbaycan Prezidentinin müvafiq fərmanı ilə verilmiş tapşırığa əsasən “Media haqqında” yeni qanun layihəsi üzərində hazırlıq işləri aparılıb. Hərtərəfli əsaslandırma nəticəsində hazırlanan yeni qanun layihəsi artıq geniş müzakirələr üçün təqdim olunub.
Jurnalistlərin Həmkarlar İttifaqının sədri, media eksperti Müşfiq Ələsgərli deyir ki, “Media haqqında” yeni qanun layihəsi çox vacib sənəddir. Bu qanun Azərbaycanda təkcə çap mətbuatı deyil, elektron medianın, eyni zamanda, internet televiziyaların tənzimlənməsində mühüm rol oynayacaq. Qanun layihəsi jurnalistlərin statusu, ümumiyyətlə, redaksiyaların statusu və bir çox digər məsələləri özündə əks etdirir. Bu vahid jurnalist kartlarının təqdim olunması, ciddi mətbuatla qeyri-ciddi mətbuatın ayırd edilməsi, ümumiyyətlə, jurnalistika fəaliyyətinin dislokasiyasını özündə müəyyən edən sənəddir.
Ekspertin sözlərinə görə, yeni qanun layihəsi vahid reyestrin tətbiq edilməsini nəzərdə tutur ki, bu da çox önəmli məqamdır: “Ölkədə nə qədər KİV qurumu, nə qədər jurnalist fəaliyyət göstərir və s. bu kimi suallara aydınlıq gətiriləcək. Vahid reyestrin olması ölkədə KİV-lər üçün strateji inkişaf proqramlarının hazırlanmasını da asanlaşdıracaq”.
O deyib ki, jurnalistlər üçün vahid formalı vəsiqələrin tətbiq edilməsi də müsbət amildir. Vahid formalı kartı əldə edən jurnalistlər qanunla nəzərdə tutulan bir sıra imtiyazlardan faydalanacaqlar.
Həmçinin vurğulamaq lazımdır ki, yeni qanun layihəsi həm də KİV-lərin peşəkarlaşmasını stimullaşdıracaq. Hərbi və fövqəladə vəziyyət hallarında davranış standartları, insanların şəxsi həyatına müdaxilənin yolverilməzliyi, təhqir və böhtanın qarşısının alınması, müəllif hüquqlarının qorunması və sair halların hamısı detallı şəkildə layihədə əksini tapıb. Yaxud, bu cür hallarda jurnalistlərin digər hansı mənbələrə istinad edəcəkləri də göstərilib.
Bütün bunlar onu deməyə əsas verir ki, “Media haqqında” yeni qanun məhz məsuliyyətli medianın inkişafına təkan verəcək mütərəqqi sənəddir.
İ. DƏMİRQAYA,
“Muğanın səsi”