• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi

  • 24.05.2022, 08:44, Baxış sayı:
  • 531
Azərbaycan-Türkiyə qardaşlığının daha bir nümunəsi
Prezident İlham Əliyevin Türkiyəyə növbəti səfəri, Rize-Artvin Hava Limanının açılış mərasimində iştirak etməsi bir daha Azərbaycan-Türkiyə sarsılmaz birliyinin əyani təzahürü olduğunu, ölkələrimiz arasında əməkdaşlığın, qardaşlığın regional və dünya miqyasında önəmli amilə çevrildiyini bir daha isbatlayır. Eyni zamanda, iki qardaş ölkənin dövlət başçılarının təkbətək görüşündə energetika, nəqliyyat, enerji təhlükəsizliyi ilə bağlı əməkdaşlıq məsələlərini, həmçinin bölgədəki vəziyyəti müzakirə edib, eləcə də postmünaqişə dövrü, Azərbaycan ilə Ermənistan və Türkiyə ilə Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikir mübadiləsi aparıblar. Heç şübhəsiz ki, bu cür qarşılıqlı səfərlər Azərbaycan-Türkiyə birliyi dostluq, qardaşlıq və müttəfiqlik rəmzinə, mühüm regional təhlükəsizlik amilinə çevrilib, həmçinin dünyada dil və etnik baxımdan bir-birinə yaxın ölkələrin çox olması fonunda bu birlik nümunəvi xarakter daşıyır.
Rize-Artvin Hava Limanının iki qardaş ölkənin rəhbəri - Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin iştirakı ilə açılışı Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək səviyyədə olduğunu və ardıcıl inkişaf etdiyini bir daha nümayiş etdirir.
İki qardaş ölkə arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. 44 günlük Vətən müharibəsi isə bu münasibətləri pik həddə çatdırıb.
Müharibənin ilk günündən Prezident Ərdoğan ölkəsinin Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə, onun haqq işinə sona qədər dəstək verəcəyini bəyan elədi. Doğrudan da, müharibənin gedişində Azərbaycan qardaş ölkədən, onun liderindən tam dəstək aldı. Məhz Türkiyənin bu mövqeyi sayəsində həm Ermənistan, həm onun havadarları, həm də bütün dünya Azərbaycanın haqq savaşında tək olmadığını gördü.
Türkiyə və Azərbaycan arasında münasibətlərin müharibədən sonra yeni fazası başladı.
Prezident Ərdoğan işğaldan azad edilmiş ərazilərə, Şuşaya səfər etdi.
İki ölkə arasında məhz Şuşada Müttəfiqlik haqqında Bəyannamə imzalandı. Tarixə Şuşa Bəyannaməsi kimi düşən sənəd Qars müqaviləsinə, Dostluq və Əməkdaşlıq haqqında Müqaviləyə, Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqaviləyə əsaslanaraq Azərbaycan-Türkiyə münasibətlərini daha da möhkəmləndirdi, iki xalqın tarix, soykök, din, dil, mədəniyyət birliyinə söykəndiyini bir daha təsdiqlədi, ölkələrimiz arasında dostluq və qardaşlığın nümunəvi xarakterini bütün dünyaya nümayiş etdirdi. Şuşa Bəyannaməsinin imzalanması ilə bütün dünya Azərbaycan və Türkiyə münasibətlərinin zirvəsini gördü, anladı ki, iki ölkə arasında analoqu olmayan qarşılıqlı sevgi, hörmət mövcuddur.
Daha bir mühüm məqam Prezident Ərdoğanın Füzuli Beynəlxalq Hava Limanının açılışında iştirakı oldu. Məhz Türkiyə liderinin təyyarəsi xarici dövlət başçıları arasında ilk olaraq Füzuli aeroportuna endi. Bunun da çox böyük rəmzi mənası vardı.
Rize-Artvin Hava Limanının açılışına məhz Azərbaycan liderinin qatılması bu rəmziliyin, bu münasibətin, bu qardaşlığın davamıdır.
Bu möhtəşəm hadisə təkcə iki ölkə və iki xalq arasında deyil, iki ölkənin liderləri arasında da qardaşlıq və dostluq münasibətlərinin mövcudluğu dünyaya nümunədir. Özü də Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyip Ərdoğan arasında möhkəm dostluq təkcə iki ölkə arasında münasibətlərin inkişafına deyil, bütün türk dünyasında əlaqələrin möhkəmlənməsinə xidmət edir. Hər iki lider türk dövlətləri arasında əlaqələrin inkişafı, xalqlarımızın daha da yaxınlaşması üçün əlindən gələni edir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası məhz Prezidentlər Əliyev və Ərdoğanın səyi nəticəsində daha da möhkəmlənib, qarşısına konkret hədəflər qoyaraq Türk Dövlətləri Təşkilatına (TDT) çevrilib. Bu təşkilatda birləşən türk dövlətləri arasında münasibətlər, əlaqələr gündən-günə güclənir, TDT-nin artıq regional və beynəlxalq səviyyədə müəyyən güc kimi qəbul olunmasına başlanılıb.
Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə qarşısında duran çox mürəkkəb və taleyüklü məsələlərin həllinə nail olub, öz tarixi inkişafının zirvəsinə yüksəlib.
Öz növbəsində, Türkiyə də Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə dünyanın aparıcı ölkələrindən birinə çevrilib və hazırda bütün sahələrdə yüksək tərəqqi nümayiş etdirir.
Rize-Artvin Hava Limanının açılışını Türkiyənin gücünün, iqtisadi inkişafının daha bir göstəricisi hesab etmək olar. Açılışda Azərbaycan və Türkiyə liderlərinin iştirakı isə iki ölkənin qardaşlıq münasibətlərinin dünyaya daha bir nümayişidir.
Bu gün regional işlərdə, hətta dünya miqyasında Türkiyə və Azərbaycan əməkdaşlığı, qardaşlığı önəmli amilə çevrilib. Bu, həm Azərbaycan xalqına, həm Türkiyə xalqına, həm də bütün dünyaya bir mesajdır ki, iki qardaş ölkə bir yerdədir, birliyi sarsılmazdır və əbədidir. Eyni zamanda, bu, bir mesajdır ki, bundan sonra da Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək.

Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter