Gülnar HÜSEYNOVA,
Qaratəpə
kənd tam orta
məktəbin
direktoruAzərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə bu günlərdə Bakı şəhərində Hacı Zeynalabdin Tağıyevin şərəfinə ucaldılmış abidənin açılış mərasimi keçirilmişdir. Abidə möhtərəm Prezidentimizin 2020-ci ildə imzaladığı müvafiq Sərəncamına əsasən ucaldılmışdır. Açılış mərasimində çıxış edən Prezidentimiz Hacı Zeynalabdin Tağıyevin böyük xeyriyyəçilik fəaliyyətindən danışmış, onun Azərbaycan xalqı qarşısındakı xidmətlərini qeyd etmişdir.
Xalqımız qarşısında, tarix qarşısında, millət qarşısında xidməti olan hər bir insanı Azərbaycan xalqı öz qəlbində yaşadır. 2003-cü ildə Prezidentimiz İlham Əliyevin təşəbbüsü ilə onun yaşadığı evi, hazırda Tarix Muzeyinin binası əsaslı təmir edilmişdir. 2007-ci ildə Heydər Əliyev Fondu tərəfindən Mərdəkan qəsəbəsində Zeynalabdin Tağıyevin məzarının yerləşdiyi “Pir Həsən” ziyarətgahı əsaslı şəkildə təmir olunmuşdur. Prezidentimiz İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva ”Pir Həsən” ziyarətgahının açılış mərasimində iştirak etmişlər.
Əgər Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı. Hacı Zeynalabdin Tağıyevin təşəbbüsü ilə Azərbaycanda bir çox önəmli layihələr həyata keçirilmişdir. Onların arasında Bakıya təmiz içməli suyun gətirilməsi layihəsi xüsusi qeyd olunmalıdır. Şollar su kəməri bu günə qədər fəaliyyətdədir. Bu kəmərin tikintisi üçün Zeynalabdin Tağıyev öz vəsaitindən istifadə etmişdir. Məhz onun təşəbbüsü və maliyyə dəstəyi ilə Bakıda teatr binası, bir çox sənaye müəssisəsi inşa edilmişdir, qizlar üçün ilk dünyəvi məktəb açılmışdır. Bakıda tramvay xətlərinin açılması da onun adı ilə bağlıdır. Bu gün Bakıya əlavə gözəllik verən bir çox gözəl binaların təşəbbüskarı məhz Hacı Zeynalabdin Tağıyev olmuşdur. Onun təhsillə bağlı təşəbbüsləri təkcə Bakı ilə məhdudlaşmırdı. Eyni zamanda, Naxçıvanda, Gəncədə, Şamaxıda, həmçinin Gürcüstanda azərbaycanlıların yaşadıqları bölgələrdə onun vəsaiti hesabına məktəblər açılmışdır. Yüzlərlə azərbaycanlı gəncləri Rusiyaya və Avropaya göndərməklə onların təhsil xərclərini Hacı Zeynalabdin Tağıyev öz üzərinə götürmüşdür.
Azərbaycan ikinci dəfə öz müstəqilliyinə qovuşduqdan sonra ölkəmizdə xeyriyyəçilik ənənələri bərpa olmağa başladı. Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Fond tərəfindən həyata keçirilən xeyirxah işlər Heydər Əliyev ideyalarına sədaqətin, habelə, bu gün Vətən, xalq naminə aparılan məqsədyönlü siyasəti dəstəkləmək istəyinin əməli təzahürüdür.
Bu gün Fond azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlamışdır. Fondun təşəbbüsü ilə azad edilmiş torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib. Şuşa şəhərində Yuxarı Gövhərağa, Aşağı Gövhərağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir, Zəngilan şəhər məscidi də həmçinin. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir. Məcburi köçkünlər üçün yeni evlərin yaradılması da Heydər Əliyev Fondunun təşəbbüsü ilə geniş vüsət almışdır.