Son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən, dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.
Bu gün şəhid ailələrinə, müharibə əlillərinə və veteranlarına göstərilən hərtərəfli qayğı nümunəvi xarakter daşıyır. Bu gün də bu istiqamətdə həyata keçirilən tədbirlər sistemli və ardıcıl xarakter daşıyır. Belə ki, dövlət başçısının müvafiq fərman və sərəncamları əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsinə müstəsna töhfələr verir.
Prezident İlham Əliyev bu günlərdə yerli televiziya kanallarına müsahibəsi zamanı şəhid əilələrinə, Qarabağ müharibəsinin iştirakçıları və qazilərə göstərilən dövlət qayğısından danışaraq bildirib ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur və bu kateqoriyadan olan insanlar üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən davamlı olaraq müasir tələblərə cavab verən fərdi və çoxmənzilli yaşayış binalarının tikilib istifadəyə verilməsi bunun əyani təsdiqidir: «Mən bütövlükdə deyə bilərəm ki, bu sahədə Azərbaycan dünya miqyasında öz modelini ortaya qoyur. Çünki dünyada bir çox ölkələr müharibə şəraitində olublar. O ölkələrin təcrübəsini biz bilirik, öyrənirik. Görürük ki, Azərbaycanda şəhid ailələrinə, qazilərə və müharibədən əziyyət çəkmiş insanlara göstərilən diqqət doğrudan da nümunəvi sayıla bilər. Çünki elə təşəbbüslər irəli sürülür ki, başqa ölkələrdə biz buna rast gəlmirik”.
Prezident müsahibə zamanı bu həssas kateqoriyadan olan insanlara göstərilən qayğının sırf Azərbaycanda aparıldığını bildirib: «Yəni, bir daha demək istəyirəm ki, bu, sırf bizim təşəbbüsümüzdür. Biz bunu heç yerdə görməmişik, bu təcrübəni heç yerdən gətirməmişik. Sadəcə olaraq, bu həssas kateqoriyadan olan insanlara müəyyən dərəcədə təsəlli vermək və onların dərdinə şərik olmaq üçün biz bu addımı atırıq. Əlbəttə, bu, böyük vəsait tələb edir. İndi hər kəs bilir ki, bir mənzilin qiyməti neçəyə başa gəlir və bu, büdcə üçün böyük bir yükdür. Amma biz bu yükün altına girmişik və sona qədər bu işi aparacağıq, bu kateqoriyadan olan ta axırıncı insan mənzillə, avtomobillə təmin olunana qədər bu məsələ ilə məşğul olacağıq».
Dövlət başçısı, eyni zamanda, şəhid ailələrinin sosial təminatı ilə də bağlı fikirlərini bildirib: «Eyni zamanda, şəhid ailələrinin sosial təminatı da yaxşılaşır. Onlara nəzərdə tutulmuş müavinətlərin məbləği müntəzəm olaraq artırılır. Biz daim onları diqqət mərkəzində saxlayacağıq. Bu kateqoriyadan olan insanları, xüsusilə İkinci Qarabağ müharibəsindən sonra işlə təmin etmək üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təlimat verilib. Artıq bu prosesə start verilib. Müharibə zamanı əlini, qolunu, ayağını itirmiş qazilərə ən müasir protezlər təqdim edilir. Bu proses artıq başa çatmaq üzrədir. Onları normal həyata qaytarmaq üçün biz bunu edirik, özü də bu protezlər ən son texnologiyadır. Yəni Avropanın ən qiymətli, ən bahalı, ən son texnologiyası olan protezlərdir ki, insan normal yaşaya bilər, yeriyə bilər, futbol oynaya bilər. Hətta indi əlini, qolunu itirmiş insan da artıq normal həyata qayıda bilər. Yəni, bu, əsas faktorlardır. Əlbəttə ki, bu siyasət və mənim bu kateqoriyadan olan insanlarla daim təmaslarım cəmiyyətə də göndərilən çox ciddi siqnaldır. Görürəm ki, cəmiyyətdə də bu kateqoriyadan olan insanlara xüsusi isti münasibət var. O cümlədən biznes strukturları, onlara da mən dəfələrlə müraciət etmişəm ki, bu kateqoriyadan olan insanlara qayğı göstərsinlər, hərəsi imkan daxilində - həm işlə təmin etmək üçün, həm onlara maddi yardım göstərmək üçün. Yəni, özləri bu təşəbbüsü göstərsinlər. Bütövlükdə, hesab edirəm ki, cəmiyyətdə bu məsələ ilə bağlı çox düzgün istiqamət var, vahid fikir var. Hər birimiz imkan daxilində bu insanlara daim yardım etməliyik. Atasız qalan uşaqlara yardım etməliyik və edəcəyik».
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə, Prezidentin sosial islahatları çərçivəsində prioritiet məsələ ilk növbədə şəhid ailələrinin və müharibə əlillərinin mənzillə təminatı proqramının icrası olub. Ötən il bu kateqoriyadan olanlara 3 min mənzil verilib. Postmüharibə dövründə bu kateqoriyadan olan 45 min şəxsə 50 min növ xidmət göstərilib. Şəhid ailəsi üzvləri olan 7942 şəxsə 15,841 sosial ödəniş, 2515 müharibə iştirakçısına əlillik və sosial ödənişlərin təyinatı həyata keçirilib. Mənzil proqramı 5 dəfə genişləndirilib və 2021-ci ildə bu kateqoriyadan olan şəxslərə 3 min mənzil verilib. 184 hərbçi son nəsil 193 yeni protezlə, 1200 müharibə əlili 13 minə yaxın reablitasiya vasitəsi ilə təmin olunub. 1500-ə yaxın şəhid ailəsi üzvü və müharibə iştirakçısı işlə təmin edilib. Şəhid ailələri üzvləri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkən şəxslər daxil olmaqla 10 minədək şəxsin məşğulluğuna dəstək göstərilib, o cümlədən 6 minədək şəxs özünüməşğulluq proqramına cəlb edilib, 4 minədək şəxs işlə təmin olunub.
Göründüyü kimi, Prezident İlham Əliyevin sosial siyasətinin prioriteti şəhid ailələrinin, müharibə əlillərinin problemlərinin həlli, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır.
Ötən illərə nəzər yetirsək, aydın şəkildə görərik ki, bu sosial proqramlar ildən-ilə daha da genişlənir. Məsələn, şəhid ailələri və müharibə əlillərinə 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 mənzil və fərdi ev təqdim edilib.
Prezidentin 2021-ci il 25 yanvar tarixli sərəncamı ilə bu kateqoriyadan olanlara 2021-2025-ci illərdə 11 min mənzil və ya fərdi evin verilməsinin nəzərdə tutulması proqramın daha da genişlənməsinə imkan verib. Bunun nəticəsi olaraq 2021-ci ildə üç il əvvələ nisbətən 5 dəfə çox olmaqla şəhid ailələrinə və müharibə əlillərinə 3 min mənzilin verilməsi proqramı icra olunub. Həmçinin əlillərin avtomobillə təminatı da uğurla davam edir. Bu günədək 7400 müharibə əlilinə avtomobil verilib.
Xüsusi olaraq vurğulamaq gərəkdir ki, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında”, “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanları bu kateqoriyadan olan insanların rifah halının yaxşılaşdırılmasının və onlara göstərilən dövlətin dəstək və davamlı qayğının bariz nümunəsidir.
Əli HÜSEYN,
“Muğanın səsi”