• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Şəhid ailələrinə və müharibə əlillərinə davamlı dövlət qayğısı

  • 13.08.2021, 11:05, Baxış sayı:
  • 591
Şəhid ailələrinə və müharibə əlillərinə davamlı dövlət qayğısı
Prezident İLHAM ƏLİYEV: Azərbaycanda bu sahədə aparılan siyasət humanist, ədalətli və vicdanlıdır. Vətən uğrunda canlarını fəda edən qəhrəman övladlarımızın ailələri, qazilər dövlət dəstəyi ilə əhatə olunublar.

Bu gün Azərbaycan vətəndaşı böyük qürur və fəxr hissi ilə deyə bilər ki, dövlətimizin başçısı İlham Əliyev hər zaman hər bir azərbaycanlının yanında olur, onların problemi ilə maraqlanır, rifahı və firavanlığının qeydinə qalır, xüsusən həssas kateqoriyadan olan vətəndaşların - şəhid ailələrinin, məcburi köçkünlərin, müharibə əlillərinin, müharibə veteranlarının, pensiyaçıların müavinət və pensiyalarının xeyli dərəcədə artırılmasını nəzərdə tutan fərman və sərəncamlar imzalayır. Bu kateqoriyadan olan vətəndaşların istər mənzil-məişət, istər sağlamlıq, təhsil, istərsə də işlə təminatı ilə bağlı bütün məsələlər Prezidentin diqqətindədir və dövlət başçımız onlara xüsusi qayğı ilə yanaşır. Şəhid ailələrinə birdəfəlik ödəmələr verilir, onlar üçün Prezidentin aylıq təqaüdünün məbləği mütəmadi olaraq artırılır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən sosial sahəyə hər zaman xüsusi diqqət göstərilir.
Ümummilli Lider Heydər Əliyev hər zaman şəhid ailələrinə, müharibə əlillərinə xüsusi diqqət və qayğı göstərmiş, ilk dəfə şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə mənzillər və avtomobillər vermiş, onların müalicəsi təmin edilmişdir. Cənab Prezident İlham Əliyev bu siyasəti yüksək səviyyədə davam etdirir.
Şəhid ailələrinin üzvlərinə, müharibə veteranlarına, Qarabağ müharibəsi əlillərinə Prezident təqaüdü verilir. Yanvarın 1-dən etibarən şəhid ailələri, müharibə əlilləri, Milli Qəhrəmanlara verilən Prezident təqaüdləri artırılıb, Vətən Müharibəsi Qəhrəmanı təqaüdü təsis edilib. Şəhid ailələrinə və Qarabağ əlillərinə, Çernobil müharibəsinin, 20 Yanvar hadisələrinin iştirakçılarına mənzillər, müharibə əlillərinə avtomobillər verilir. Onların övladları təhsil haqqından azad edilir, sanatoriya, kurortlarda istirahəti təmin edilir, müalicələri dövlət hesabına qarşılanır. Müharibə əlilləri Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın dəstəyi ilə ən müasir protezlərlə təmin olunurlar, onlara xüsusi diqqət və qayğı göstərilir.
Prezident il ərzində bir neçə dəfə şəhid ailələri, müharibə veteranları ilə görüşür. Dövlət başçımız öz ad gününü, bir çox əlamətdar tarixləri onlarla birgə qeyd edir. Prezidentimiz şəhidlərə çox böyük hörmət və ehtiramla yanaşır, onları yüksək orden və mükafatlarla təltif edir. Onların ailələri daim diqqətlə əhatə olunublar. Bu, bütün cəmiyyət, məmurlar üçün örnəkdir. Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olmuş qəhrəmanlarımızın ailələrinə, qazilərə göstərilən dövlət qayğısı ilbəil artır, Prezident tərəfindən bu istiqamətdə xeyli fərman və sərəncamlar imzalanıb. Bu da ölkəmizdə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasında mühüm rol oynayır.

Hazırda dünyada pandemiyanın davam etməsinə rəğmən bir çox ölkələrdə iqtisadi-maliyyə çətinlikləri mövcuddur. Azərbaycanda isə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu dövlət siyasəti sayəsində heç bir sosial layihə nəinki təxirə salınmayıb, hətta Qarabağ müharibəsini belə, Zəfərlə geridə bıraxmağa nail olduq. Bu gün dünyada baş verən xaosa rəğmən ölkəmizdə sosialyönümlü layihələrin sayı və coğrafiyası genişləndirilib, əhalinin həssas təbəqəsinin sosial məsələlərinin həlli istiqamətində genişmiqyaslı işlər görülür. İcra olunan sosial xarakterli layihələr arasında şəhid ailələri və müharibə əlillərinin sosial şəraitinin daha da yaxşılaşdırılmasına xüsusi diqqət göstərilir. Bu məsələ hər zaman dövlət başçısı üçün önəmli və təxirəsalınmaz məsələlərdən olub.
Azərbaycanda sosial sahədə görülmüş işlər nümunəvi xarakter daşıyır. Aparılan sosial siyasətin əsasında vətəndaş dayanır. Bütün bunlar bir daha təsdiq edir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır. Əhalinin sosial müdafiəsinin təmin edilməsi dövlətin üçün prioritetdir.
Ümumilikdə, mütərəqqi sosial siyasət həyata keçirən Azərbaycanda vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə xüsusi diqqət yetirilir. Xüsusilə, bu gün müstəqil Azərbaycan, dövlət başçısı İlham Əliyev İkinci Vətən Müharibəsində şəhid və fiziki sağlamlığını itirən şəxslərin ailələrinə xüsusi diqqət ayırır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qeyd etdiyi kimi, 44 günlük Vətən Müharibəsinin əldə etdiyi bu böyük Qələbənin əsas qəhrəmanı Azərbaycan əsgəri və zabitidir. Müharibə zəfərlə başa çatandan sonra Ali Baş Komandanımızın ilk növbədə yaralı hərbçilərimizlə görüşməsi də onlara yüksək hörmət və ehtiramın, qayğının nümunəsidir. Azərbaycan Prezidenti İlham Əliyev son 18 il ərzində şəhid ailələri ilə dəfələrlə görüşdüyünü diqqətə çatdıran dövlətimizin başçısı deyib: “Bu günə qədər 9200-ə yaxın şəhid ailəsi, müharibə əlili dövlət tərəfindən mənzillərlə təmin edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə, həm Birinci, həm İkinci Qarabağ müharibəsində şəhid olmuş övladlarımızın Bakıda, Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni, bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər və rayonlarımızda yaşayan şəhid ailələri üçün binaların, fərdi evlərin tikintisi davam etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki, müharibə əlillərinə 7200-ə yaxın minik avtomaşını verilib”.
Prezident qeyd edib ki, Azərbaycan bu sahədə də dünya miqyasında ən qabaqcıl yerlərdədir. Dünyada müharibələr çox olub, itkilər çox olub. O qədər də uzaq olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif ölkələrdə müharibələrdə həlak olmuş insanların yaxınlarına heç vaxt bizdəki qədər qayğı, diqqət göstərilməyib. Çünki Azərbaycan dövlətinin apardığı siyasətin əsas məqsədi ölkənin iqtisadi cəhətdən daha da inkişaf etməsidir. Təsadüfi deyil ki, hər il ölkənin büdcəsi təsdiq olunarkən əhalinin sosial rifahının artırılması diqqət mərkəzində olur. Büdcədən sosial sahəyə ayrılan vəsaitin həcmi ildən-ilə artır. İstər pandemiya şəraiti səbəbindən, istərsə də İkinci Vətən Müharibəsi dövründən dövlətin gəlirləri müəyyən qədər azalsa belə, cari ildə də sosial sahəyə ayrılan vəsaitin həcmi çoxalıb. Həyata keçirilən sosial siyasət həm də geniş əhatəli olmaqla, ölkənin sosial dəstəyə ehtiyacı olanların hamısının mənafeyi nəzərə alınıb. Azərbaycanda tələbələrdən tutmuş İkinci Dünya müharibəsinin veteranlarına kimi hamıya sosial qayğı göstərilir. Xüsusilə, Prezident İlham Əliyevin şəhid ailələri və qazilərlə bağlı cari ilin yanvar ayının 25-də imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında" Sərəncamı deyilənlərin bariz nümunəsidir. Bu Sərəncam da digər sərəncamlar və fərmanlar kimi Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindən biridir. Bu Sərəncam çoxsaylı ailələrə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməklə onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaq.Qeyd edim ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır, onların problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. Xüsusilə, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədən müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir.Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir. Həmçinin, əlil vətəndaşlara dövlət qayğısının gücləndirilməsi siyasətinə uyğun olaraq Nazirlər Kabineti tərəfindən əlillərin sosial müdafiəsi ilə bağlı nəzərdə tutulmuş Dövlət Proqramının maliyyələşdirilməsi təmin olunub. "Sosial müavinətlərin məbləğinin artırılması haqqında", "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün artırılması və "Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü»nün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanları bu kateqoriyadan olan insanların rifah halını yaxşılaşdırmaq və onlara göstərilən dövlətin davamlı qayğısının bariz nümunəsidir. Bütün deyilənlərlə yanaşı, Azərbaycan Respublikası Prezidentinin tapşırığına uyğun olaraq, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən Müdafiə Nazirliyinin rəsmi siyahısında yer almış banklar qarşısında kredit öhdəliyi olan şəhidlərə aid kredit üzrə həm əsas borcun, həm də faizlərin silinməsini təmin ediblər. Həmçinin, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında" qanuna əsasən, dövlət ali, orta ixtisas və peşə təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda ödənişli formada təhsil alan şəhid ailələrinin üzvlərinin təhsil haqqı ödəməkdən azad olunmasıdır. Göründüyü kimi, Prezident İlham Əliyevin uğurlu sosial siyasəti ölkə vətəndaşlarının rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atılmasını, sosial inkişafda ciddi irəliləyişləri təmin edir. Bütün sosial proqramlar kimi, şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin mənzil və fərdi evlə təminatı proqramı da ildən-ilə uğurla davam etdirilir. Bütün bunlar göstərir ki, şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir.
Beləliklə, 44 günlük müharibənin arxada qaldığı son 8 ay ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz tərəfindən sosial siyasətin bütün istiqamətlərində olduğu kimi, şəhid ailələri və qazilərə qayğı ən yüksək səviyyədə həyata keçirilir, bununla yanaşı, yeni təxribatlar fonunda qalib ordunun daha da gücləndirilməsi istiqamətində mühüm işlər aparılır.
Əli HÜSEYN,
“Muğanın səsi”
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter