• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Yeni Nəsil Kassa Aparatları ilə bağlı sual-cavab

  • 10.01.2022, 23:30, Baxış sayı:
  • 1240
Yeni Nəsil Kassa Aparatları ilə bağlı sual-cavab
NKA üzrə sertifikat neçə illik verilir?
Cavab:
“Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarına əsasən Nəzarət mexanizmi qurğusu üçün sertifikat 3 il müddətinə verilir və bu müddət ərzində həmin nəzarət mexanizmi qurğusunun yeni NKA-ya quraşdırılmasına onda olan məlumatların Nazirliyə ötürülməsindən sonra yol verilir.

NKA üzrə istismarı ilə bağlı AKT necə tərtib olunur?
Cavab:
Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarına əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti və ya onun tərəfindən müsabiqə əsasında seçilən hüquqi şəxs Operatoru nəzarət mexanizmi qurğusu ilə təmin edir. Nəzarət mexanizmi qurğusunun verilməsi bu Qaydalara əlavə olunmuş təhvil-təslim aktı (əlavə) ilə rəsmiləşdirilir. Aktın nümunəsi aşağı hissədə qeyd olunub.

Hər bir NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkilən xərcin əvəzləşdirilməsi məbləği nə qədərdir?
Cavab:
Vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi Qaydaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 avqust 2021-ci il tarixli 2117040100803400 nömrəli əmri ilə təsdiq edilmişdir. Əmrin 1.4 bəndinə əsasən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş NKA-nı quraşdıran vergi ödəyicisinin hər bir NKA-nın əldə edilməsinə və quraşdırılmasına çəkilən xərclərin əldə edilmiş elektron qaimə-faktura üzrə əvəzləşdirilmiş ƏDV məbləği nəzərə alınmaqla 350 manat həddində vergi öhdəlikləri ilə əvəzləşdirmək hüququ vardır.

Vergi ödəyicisi tərəfindən NKA-nın quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi üçün ərizənin doldurulması qaydası necə həyata keçirilir?
Cavab:
Vergi ödəyicisi tərəfindən nəzarət-kassa aparatının quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməsi Qaydaları İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 10 avqust 2021-ci il tarixli 2117040100803400 nömrəli əmri ilə təsdiq edilmişdir. Əlavə nömrə 1-də ərzizə forması qeyd olunub. Vergi ödəyicisinin ərizəsinə ərizə daxil olduğu tarixdən 15 iş günü ərzində baxılır.
Vergi ödəyicisinin ərizəsi qeydiyyatda olduğu vergi orqanında uçot və bəyannamə strukturuna, eyni zamanda aidiyyəti rəyin alınması üçün Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı baş idarəsinə daxil olur.
Vergi ödəyicisinin ərizəsində göstərdiyi NKA quraşdırılan obyektin kodu, əvəzlənən NKA-nın qeydiyyat tarixi, onun qeydiyyatdan çıxma tarixi və real vaxt rejimində işləyən NKA-nın qeydiyyat tarixi ilə bağlı məlumatların düzgünlüyünə vergi ödəyicilərinin qeydiyyatda olduğu vergi orqanın uçot strukturunda 5 iş günü ərzində baxılır və kənarlaşma aşkar edilmədikdə yerli vergi orqanının bəyannamə strukturuna rəy bildirilir. Kənarlaşma aşkar edildikdə isə hazırlanmış rəy əsasında vergi ödəyicisinə bu barədə yazılı məlumat verilir.
Vergi ödəyicisinin ərizəsində göstərdiyi real vaxt rejimində işləyən NKA-nın markası, NMQ-nin nömrəsi, zavod nömrəsi ilə bağlı məlumatların və NKA operatorunun (satıcının) adı, VÖEN-i ilə bağlı məlumatların düzgünlüyünə Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı baş idarəsində baxılır. Bu zaman Dövlət Vergi Xidmətinin Rəqəmsal vergi inzibatçılığı baş idarəsi tərəfindən real vaxt rejimində işləyən NKA operatorunun (satıcının) vergi orqanında qeydiyyatda olması, real vaxt rejimində işləyən NKA-nın Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1 avqust 2019-cu il tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət Kassa Aparatlarının istismar Qaydaları”nın tələblərinə uyğunluğu, eyni zamanda müvafiq NKA üzrə vergi öhdəlikləri ilə əvəzləşmə hüququndan daha əvvəl eyni vergi ödəyicisinin istifadə edib-etməməsi yoxlanılır və kənarlaşma aşkar edilmədikdə 5 iş günündən gec olmayaraq bu barədə yerli vergi orqanının bəyannamə strukturuna rəy bildirilir. Kənarlaşma aşkar edildikdə isə hazırlanmış rəy əsasında vergi ödəyicisinə bu barədə yazılı məlumat verilir.
Vergi ödəyicisinin ərizəsində göstərdiyi elektron qaimə-faktura ilə bağlı məlumatların düzgünlüyünə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanın bəyannamə strukturunda 5 iş günü ərzində baxılır. Bu zaman yerli vergi orqanının bəyannamə strukturu tərəfindən məlumatlarda uyğunsuzluq və kənarlaşma aşkar edilmədikdə digər strukturların rəyləri də nəzərə alınmaqla bu Qaydaların 1.4-cü bəndində göstərilən hədd daxilində (NKA-nın alınmasına və quraşdırılmasına çəkilən xərclərə görə əldə edilmiş e-qaimə üzrə əvəzləşdirilməli ƏDV nəzərə alınmaqla) vergi ödəyicisinin şəxsi hesab vərəqəsində ödəmə tarixi ərizənin təqdim edildiyi tarix olmaqla azalma aparılır və bu barədə vergi ödəyicisinə Qaydaların 2 nömrəli Əlavəsində göstərilən bildiriş göndərilir. Kənarlaşma aşkar edildikdə isə hazırlanmış rəy əsasında vergi ödəyicisinə bu barədə yazılı məlumat verilir.
Vergi ödəyicilərinin ərizədə göstərdikləri məlumatlarda uyğunsuzluq və ya Vergi Məcəlləsinin 77.7-ci maddəsində nəzərdə tutulmuş kənarlaşmalar aşkar edildikdə NKA-nın quraşdırılmasına çəkilən xərclər vergi öhdəlikləri ilə əvəzləşdirilmir.
NKA-nın quraşdırılmasına çəkilən xərclərin vergi öhdəlikləri ilə əvəzləşdirilməməsinə əsas verən kənarlaşmalar aradan qaldırıldıqdan sonra vergi ödəyicisi tərəfindən yenidən müraciət edilə bilər.
Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulmalı olan “Nəzarət-kassa aparatlarının tətbiqi Qrafiki”nin təsdiq edilməsi haqqında 14 fevral 2019-cu il 52№ -li qərarına əsasən digər pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə təsərrüfat subyektləri (obyektləri) Azərbaycan Respublikasının bütün kənd və qəsəbələri 2022-ci il 31 dekabr tarixədək NKA tətbiq edilməlidir.

NKA üzrə aylıq servis haqqı kimə ödənilir?
Cavab:
Müqavilə əsasında müəyyən olunur. Bağlanmış müqaviləyə əsasən operatora ödənilir. Nümunə olaraq operatorun birinin E-kassa aparatlarının uçota alınması və çıxarılması ilə bağlı qeydinə baxaq. “NBA Technologies International” MMC. E-kassanın uçota alınması zamanı vergi ödəyicisinə kassa modellərimiz barəsində məlumat verilir. Sahibkar obyektinə uyğun modeli seçdikdən sonra müqavilə forması təqdim olunur və şərtlər barəsində məlumat verilir. Sənədlər imzalandıqdan sonra mühasibatlıq tərəfindən qaimə kəsilir və ödəniş icra edildikdən sonra kassa qeydiyyat edilir. Kassanın qeydiyyat edilməsinə görə sahibkar sifariş blankında qeyd edilən məlumatları təqdim etməlidir. Məlumatların düzgünlüyü yoxlanıldıqdan sonra kassa V/N portalında vergi ödəyicisinin adına qeydiyyat edilir.
E-kassanın uçotdan çıxarılması zamanı ilk öncə ləğv səbəbi öyrənilir və aşağıdakı bəndlər əsasında prosses başlayır.
1.1. Əgər kassada nasazlıq aşkar edilərsə servis tərəfindən götürülür. Kassa təmir edilə bilmədikdə zəmanət şərtlərinə əsasən yenisi ilə əvəzlənir.
1.2.Əgər sahibkarda obyekt kodu, fəaliyyət kodu dəyişikliyi olarsa və ya kassadan imtina edərsə müqavilə şərtlərinə görə 3.2.11 maddəsinə əsasən 30 azn ləğv ödənişini və varsa aylıq xidmət haqqı borcunu tam ödəməlidir.
1.3. Vergi nəzarət qurğusuna yəni tokenə hər hansı bir müdaxilə etmək, kassadan çıxartmaq qəti qadağandır. Token itirildikdə sahibkar mütləq sürətdə polisdən arayış təqdim etməlidir. Müqavilədə qeyd olunan 6.3 maddəsinə əsasən cərimə varsa aylıq servis borcu ödənişini yerinə yetirməlidir.
Ödənişlə bağlı mühasibatlıq tərəfindən təsdiq verildikdən sonra V/N portalında kassa sahibkarın adından silinir.

Cərimələr nə qədərdir?
Cavab:
Vergi Məcəlləsinin 58.7 maddəsinə əsasən Bu Məcəllənin 13.2.63-cü maddəsində nəzərdə tutulmuş ticarət fəaliyyətinin həyata keçirilməsi halı istisna olmaqla,vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərlə (əhali ilə) pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, yəni nəzarət-kassa aparatları və ya ciddi hesabat blankları tətbiq edilmədən (nəzarət-kassa aparatlarıquraşdırılmadan, qanunvericiliklə müəyyən edilmiş formalara uyğun ciddi hesabat blankları olmadan və ya nağd ödənilmiş məbləği mədaxil etmədən), vergi orqanlarında qeydiyyatdan keçirilməmiş və ya texniki tələblərə cavab verməyən, o cümlədən bu Məcəllənin 50.8-ci maddəsində sadalanan tələblərə cavab verməyən çek təqdim edən, nəzarət-kassa aparatlarından istifadə etməklə, qanunvericiliklə müəyyən olunmuş ciddi hesabat blanklarından istifadə etmədən və ya müəyyən olunmuş qaydada təsdiq olunmuş formalara uyğun olmayan ciddi hesabat blanklarından istifadə etməklə əhali ilə pul hesablaşmalarının aparılmasına, POS-terminalların quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmaması və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə və ya alıcıya təqdim edilməli olan çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməsi barədə alıcının müraciətindən sonra da bunların verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə, nəzarət-kassa aparatlarından istifadə edilməsi dayandırıldıqda əhali ilə pul hesablaşmalarının qeydiyyatının aparılması qaydalarının pozulmasına görə vergi ödəyicisinə:
58.7.1. təqvim ili ərzində belə hallara birinci dəfə yol verildikdə 1000 manat məbləğində;
58.7.2. təqvim ili ərzində belə hallara ikinci dəfə yol verildikdə 3000 manat məbləğində;
58.7.3. təqvim ili ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə 6000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Hazırladı:
İqtisadçı-ekspert Rauf QARAYEV.

Yeni Nəsil Kassa Aparatları ilə bağlı sual-cavab
Yeni Nəsil Kassa Aparatları ilə bağlı sual-cavab
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter