100 minə yaxın Axısxa türkünün sürgün edilməsindən 77 il ötür
Sabirabadda axısxalılar əsasən Axısxa,
Əhmədabad və Əliləmbəyli kəndlərində
kompakt şəkildə yaşayırlar.
Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Axısxa türklərinin öz ata-baba torpaqlarından sürgün edilməsinin 77-ci ildönümü münasibətilə tədbir keçirilib.
Tədbirdə Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Zəki Öztürk, Azərbaycanda yaşayan Axısxa Türkləri "Vətən" İctimai Birliyinin sədri İsmayıl Rəhimov və axısxalı ziyalılar( Sabirabaddan da), müəllimlər də iştirak ediblər.
Mərasimdə Azərbaycan və Türkiyə himnləri səsləndirilib, hər iki dövlətin şəhidləri 1 dəqiqəlik sükutla yad olunub.
Çıxış edənlər Axısxa türklərinin sürgün tarixindən, sonra yaşananlardan və onların Azərbaycanın müxtəlif ərazilərində məskunlaşmaları üçün dövlət tərəfindən göstərilən köməkliklərdən bəhs ediblər.
Qarabağ müharibəsində Axısxalı türklərinin də qəhrəmançasına döyüşlərdə iştirak etdikləri, birinci Qarabağ müharibəsində 83, Vətən Müharibəsi dövründə isə 8 Axısxa türkünün şəhid olduğu bildirilib. Daha sonra axısxalı məktəblilər tərəfindən Axısxa ilə bağlı şeirlər səsləndirilib, Axısxa tarixinə həsr edilmiş sənədli film nümayiş etdirilib.
Qeyd edək ki, Axısxa türklәri 1944-cü il 14 noyabr tarixində SSRİ-nin o zamankı rəhbəri İosif Stalinin qərarı ilə Gürcüstanın Mesxetiya regionundan Mərkəzi Asiyaya məcburi şəkildə sürgün edilib. Sürgün zamanı 212 kənddə yaşayan 94 min 955 nəfər Axısxa türkü öz evlərindən didərgin düşərək vaqonlara yerləşdirilərək Orta Asiyaya, əsasən Özbəkistan, Qırğızıstan, Qazaxıstan ərazisinə göndəriliblər. Sürgün zamanı arasında uşaqların, qadın və yaşlıların da olduğu 50 minə qədər insan həyatını itirib.
SSRİ rəhbərliyi köçürülən Axısxa türklərinin yaşadığı yerə isə Mesxetiya adı verib və əraziyə 32 min xristian erməni yerləşdirib.
Hazırda sayları yarım milyonu keçən Axısxa türkləri əsasən Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Ukrayna, Rusiya və Azərbaycanda yaşayırlar. Ölkəmizdə isə 10 mindən çox axısxalı məskunlaşıb. Onlar əsasən Sabirabad, Saatlı, Xaçmaz və Gəncə-Qazax zonasında yaşayırlar.
Sabirabadda axısxalılar əsasən Axısxa, Əhmədabad və Əliləmbəyli kəndlərində kompakt şəkildə yaşayırlar.
“Muğanın səsi”