12-13 may tarixlərində Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, Cıdır düzündə Azəraycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Heydər Əliyev Fondunun təşkil etdiyi Şuşanın rəmzi olan gülün adını daşıyan “Xarıbülübül” musiqi festivalının keçirilməsi mühüm siyasi və mədəniyyət hadisəsi olmaqla Qarabağın tarixi simasının, Şuşanın mədəniyyət mərkəzi statusunun bərpasını təcəssüm etdirir. 32 illik fasilədən sonra bu il birinci dəfə keçirilən “Xarıbülbül” müsiqi festivalının şəhidlərimizin əziz xatirəsinə həsr olunması böyük əhəmiyyətə malikdir və 44 günlük Vətən müharibəsində qazanılmış Böyük Zəfərin mədənyyət sahəsində davamıdır. Vətən müharibəsi bir daha göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar.
44 gün ərzində torpaqlarımızın işğaldan azad olması üçün aparılan Vətən müharibəsində Azərbaycanda yaşayan bütün etnik və dini icmaların nümayəndələri vahid amal, vahid bayraq altında birləşərək çiyin-çiyinə döyüşməklə bir daha sübut etdilər ki, Azərbaycanda bütün xalqlar dost və qardaşdırlar. Heç bir qüvvə bu dostluğu və qardaşlığı poza bilməz.
“Xarıbülbül” festivalında ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış edərək bir daha Azərbaycandan - Şuşadan bütün dünyaya mesaj verərək bildirdilər ki, Azərbaycanda bütün xalqların və dini icmaların nümayəndələri dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayırlar və bu cür yaşamaq və inkişaf etmək lazımdır. Ancaq çoxkonfesiyalı, çoxmillətli ölkələrdə, inkişaf olur, birlik olur, milli həmrəylik olur. Azərbaycan belə nadir ölkələrdən biridir və bu gün həm ölkə daxilində, həm də beynəlxalq aləmdə, multikulturalizmi, müxtəlif xalqların birgəyaşayışını təbliğ edir və bunun mümkünlüyünü bir daha əldə etdiyi uğurları ilə göstərir. Əldə olunan bu uğurlar Azərbaycanda əsrlərlə mövcud olmuş tolerant mühitin, multikulturalizm ənənələrinin qorunub inkişaf etdirilməsində Prezident İlham Əliyevin hakimiyyəti illərində bu qədər diqqət ayrılmasının nə qədər düzgün siyasət olmasını sübut etdi. Vətən müharibəsindəki qələbədə Azərbaycanda mövcud olan bütün icmaların payı və töhvəsi vardır. Azərbaycan Prezidenti İlham Əliyevin tövsiyəsi ilə keçirilən builki “Xarıbülbül” festivalı həm də Azərbaycan multikulturalizm ənənələrinin simvoluna çevrildi.
Fatma KAMALOVA,
Axısxa kənd həkim məntəqəsinin müdiri