1963-cü ilin yanvarın 1-i. Yeni il bayramı, yeni arzular, Əlizadə müəllim və Tamara ana üçün ikiqat bayram oldu. Bir oğul dünyaya göz açdı, bir ev ümman dolu sevinc yaşadı.
Tamara ananın gözləri gülür, hələ xəbərsiz idi irəlidə onu nə gözləyir.
Adını Mübariz qoydular. Ürəklərinə elə bil dammışdı ki, Mübariz mübariz bir oğul olacaq. Öz gəncliyinin sönməz atəşini xalqa, xalqın səadətinə, torpaqlarının azadlığına həsr edəcək.
Həmişə Mübarizdən söz düşəndə anasının gözləri önündə xatirələr canlanır, danışmaqdan yorulmurdu. Istər orta məktəbdə, istər universitetdə həmişə öndə olub. Futbol oynayanda Mübariz vardısa, kimsə cığallıq edə bilməzdi. Uşaqlıqda “dava-dava” oyunu oynayanda Mübariz həmişə komandir olurdu. Həmişə deyirdi:
“İnsan üçün ən dəyərli şey –həyatdır. Ona bir dəfə verilir və elə bir şəkildə yaşanmalıdır ki, məqsədsiz keçən illər üçün dözülməz dərəcədə ağrılı olmasın, belə ki, alçaq və xırda keçmişə görə utanc verməsin. Və dünyasını dəyişərkən deyə bilsin: bütün həyat və hər şey ən gözəlinə verilir-bəşəriyyətin azadlığı uğrunda mübarizəyə”.
Yaxşı yadımdadır, Mübariz 7-ci sinifdə oxuyanda məktəbdə xatirə kompleksinin açılışı günü idi. Veteranlar bir-bir çıxış edirdilər. Mübariz onları dinlədikcə yumruqları düyünlənirdi.
İllər keçir... Mübariz orta məktəbi bitirir və ali məktəbə qəbul olunur. 3-cü kursda erməni vəhşiliyinə, haqsızlığa dözə bilmir.
O, Sabirabad rayonundan Qarabağa gedən ilk könüllü qaratəpəli oldu. Və taleyin işinə bax ki, Sabirabada gələn ilk şəhid də qaratəpəli Vüqar Kərimov olur.
5 il sərasər Qarabağda döyüşdü. Əvvəllər Qatır Məmməd ləqəbli Yaqub Rzayevin dəstəsində, sonra Allahverdi Bağırov adına 845 saylı hərbi hissədə, könüllülərdən ibarət özünümüdafiə batalyonunda hissə komandiri kimi düşmənə qan uddurdu. Allahverdi Bağırov həmişə deyərmiş Mübariz mənim sağ əlimdir. Mübarizin məqsədi öz xalqını azad, müstəqil, xoşbəxt görmək idi və əsgərləri həmişə ruh yüksəkliyində saxlayırdı.
Əlbəttə ki, onun barəsində, onun qəhrəmanlıqlarıları haqqda biz o, şəhid olandan sonra döyüş yoldaşlarından öyrəndik. Anam və böyük qardaşım Qürbət müəllim bu materialları toplamaqda çox əziyyət çəkdilər. Hələ atəşkəs olmamışdı, onlar bir neçə dəfə Ağdamda oldular.
Mübariz Azərbaycanın hər qarış torpağı üçün damla-damla qan tökməyi və düşmənə qalib gəlməyi özünə bir şüar seçmişdi.
Onun döyüş yolunu mən bura sığdıra bilmərəm. Lakin bir əhvalatı danışmaq istərdim, hansı ki, onun həyatını təmiz dəyişdirdi. Cəbhəyə türk generalı gəlibmiş və onun şücaətini görüb Mübarizi Türkiyəyə dəvət eləmişdi... və bütün sənədlər hazır idi artıq. O gecə - 26 fevral Xocalı faciəsi onun həyatını dəyişdirdi.
Xocalı faciəsinin səhəri meşə ilə gedərkən qəfil ağacdan nəsə asıldığını görür, yaxınlaşanda 6 yaşlı qız uşağı olduğunu bilir.
... Cəbhədə ona “Tahir” ləqəbini vermişdilər və onun başına ermənilər pul qoymuşdular. Bütün Qarabağı əlinin içi kimi tanıyırdı, ən əsası da Ağdamı. Evə hər dəfə gələndə sakitcə oturardı, dinib-danışmazdı. Bir gecəni güclə qalardı. Həmişə tələsirdi. Elə bil şəhid olmağa tələsirdi. Həmişə gözləri kədərli olurdu, şəkillərdə düşdüyü kimi. Onun gözləri hər şeyi deyirdi:”Qisasımız alınmalıdır!”.
1992-ci ilin sentyabrın 24-ü bizim həyatımızı dəyişdirdi deyərdim. Çünki nə qədər desək də bu ağrını, bu acını unutmaq olmur. Onun son döyüşü Ağdamın Abdal - Gülablı kəndi uğrunda olub... Döyüş yoldaşlarının dediklərindən:”Mübariz rota komandirimiz idi. Ağdamın Muğanlı kəndindəydik. Gecə 1-2 radələrində həyəcan siqnalı verildi. Gülablı kəndini azad etməliyik. Yer palçıq, gecə qaranlıq, yağış ara vermirdi. Gecə 4-də kəndə yaxınlaşdıq. Düşmən xəbər tutub dağın üstündən ağır silahlarla bizi atəşə tutdu. Düzənlik yerdə idik. Döyüşçülərin uzandığı yerə mərmi düşdü, yaralananlar oldu. Mübariz bizə yaralıları uzaqlaşdırmağı tapşırdı, özü urəli getdi. Dedi ki, kilsə tərəfdən kəndə girəcəyik. Yoxlayım görüm düşmən var, ya yox. Hava yavaş-yavaş açılırdı. Düzənlikdə, biçilməmiş taxıl zəmisində idik. Arxadan 3 tankımız irəliləyirdi. Namərd düşmən fasilələrlə tanklarımızı da sıradan çıxardı. Çünki onlar yüksəklikdə idilər. Düşmən güllələri başımızı qaldırmağa imkan vermirdi. Kömək gec gəldiyinə görə, əmr gəldi ki, geri çəkilin. Yağış aramsız yağırdı, sürünə-sürünə geri çəkilirdik. Qəflətən yaxınlıqda mərmi partladı. Mübariz uzandığı yerdən Kamil, - deyə səsləndi. Kamil yaxınlaşdı, Mübariz qanın içində idi, amma silahını əlindən buraxmamışdı. Yaxında olan düşmənlərdən 5 nəfərini öldürmüşdü. Kamil vəziyyətin ağırlığını görüb bizi çağırdı, çoxlu qan itirmişdi, onu üzü üstə çevirdik. Mərmi qəlpəsi çiynini parçalamışdı.
Yalnız bir şeyi fikirləşirdik, Mübarizi döyüş zonasından çıxartmaq. Çox ağır vəziyyətdə idi. Hamımız bu igid oğlana ağlayırdıq, çünki o həmişə bizi qoruyurdu. Yox, Mübariz ölməli oğul deyildi! Özünün köməkliyi ilə 500 metr süründük. Bizi saxladı, dedi ki, məni çıxara bilməyəcəksiniz, özünüz də ölə bilərsiniz. Avtomatını işarə edib, məni vurun, siz sürünüb çıxın dedi. Mən bu kafirlərin əlinə sağ keçməyim.Onlar məni çox axtarıblar.
Biz and içdik ki, ya səninlə birlikdə çıxacaq, ya da şəhid olacağıq. Bir ara su istədi, lakin öz dediyinə özü də gülümsədi ki, burda su nə gəzir?
Beləliklə, Mübarizi döyüş zonasından çıxartdıq, amma artıq gec idi. Ağdama çatanda Ağdam camaatı Mübarizi görən kimi hamısı yığışdı və bir ana elə fəryad qopardı ki, elə bil öz balası idi.
... Rahat yat qardaşım, qisasınız alındı artıq. Ali baş Komandanımız İlham ƏLİYEVİN apardığı möhtəşəm siyasət nəticəsində, şəhidlərimizin qanı bahasına, igid oğullarımızın qəhrəmanlıqları sayəsində işğal altında olan torpaqlarımız geri alındı. Qarabağın hər guşəsində Azərbaycan bayraqları asıldı.
Biz qələbə çaldıq, çünki birlik oldu.Güc birlikdədir!
Ölüm haqdır. Bundan heç kim qaça bilməz, şəhid olmaq isə...
Elə buna görə də mərd, qəhrəman qardaşım Mübarizin hünərini müstəqil Azərbaycan yüksək qiymətləndirdi.
16 sentyabr 1994-cü il tarixdə Azərbaycan Respublikası Prezidentinin 203 nömrəli Fərmanı ilə Mübarizə Azərbaycanın Milli Qəhrəmanı adı verildi. Və medalı təqdim etmək üçün anamı çağırmışdılar. Medalı Ulu Öndərimiz Heydər Əliyev özü şəxsən təqdim etmişdi və xatirə şəkili çəkdirmişdilər. Anamın sevincinin həddi-hüdudu yox idi və həmişə deyərdi ki, ora şəxsən Ulu Öndərimiz qol çəkib və bunu fəxrlə, sevinclə söyləyərdi.
Allah cəmi Şəhidlərimizə rəhmət eləsin.
Nüşabə ƏHMƏDOVA,
Qaratəpə kənd tam orta
məktəbin direktor müavini,
Milli Qəhrəman Mübariz
Əhmədovun bacısı