• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycanın ilk peşəkar qadın xanəndəsi Mirzə Güllər

  • 19.03.2021, 08:35, Baxış sayı:
  • 947
Azərbaycanın ilk peşəkar qadın  xanəndəsi Mirzə Güllər
Toylara kişi paltarında gedirmiş
O, Sabirabadın Cavad kəndindəndir

Azərbaycanın ilk peşəkar qadın xanəndəsi Mirzə Güllər XIX əsrin sonlarında Sabirabadın ( o vaxtkı Petropavlovkanın) Cavad kəndində anadan olub. Kəndin ən qocaman sakinlərindən eşidilib ki, Güllər uşaqlıqdan yaşıdlarından fərqlənərmiş. Qonum-qonşudakı qız-gəlinlər tez-tez onun zil səsinə qulaq asmaga gələrmişlər. Güllər artıq 9-10 yaşına çatanda qız toylarında oxuyar və həm də rəqs edərmiş. Elə bu səbəbdən o atası tərəfindən dəfələrlə döyülüb, günlərlə xəstə yatarmış. Günlərin bir günü xanəndəlik etdiyinə görə atası Gülləri öldürəcəyi ilə hədələyir və gənc qız gecə ilə evdən qaçıb yaxınlıqdakı kəndə pənah aparır.
Onun acı taleyindən bəhs edən əsərdə oxuyuruq: “Bir bahar gecəsində evdən çıxan gənc qız Kürlə Arazın qovuşduğu səmtə yeyin-yeyin addımlayırdı. Qəlbində təlaş, fikrində qovğa dolaşan gənc qız doğma Cavaddan baş götürüb gedirdi. Qəlbində sənət eşqi, fikrində doğma atasının əli ilə qətlə yetirilmək xofu, qardaşının paltarlarını geyinib gecəyarısı doğma elindən perik düşən kəndinin nəğməkar qızı Güllər yolda rastlaşdığı misgərlərə özünü Mirzə adı ilə təqdim edir, sənət beşiyi olan Şamaxıya yol alır”.
Bu hadisə təxminən 1890-91-ci illərə təsadüf edir. Öz ailəsindən kənar düşən, adı dillər əzbəri olan xanəndə sonradan dəfələrlə ailəsinə yaxınlaşmaq, ata-anasına baş çəkmək istəsə də, onun arzusu doğmaları tərəfindən rədd edilmişdi.
Xanəndənin ilk məskunlaşdığı məkan Şamaxının Sarıtorpaq məhəlləsi olmuşdu. Kimsəsiz, “çöpçü qadın”ın evində kirayə qalan Güllər sonradan həmin qadının evində ona övladlıq etmişdir. O, kişi paltarı geyinər, başına buxarı papaq qoyardı. Özünə sazəndə dəstəsi düzəldən Mirzə Güllər Şamaxı ilə bərabər ətraf kəndlərin də məclislərini idarə edərdi.
V.Məmmədovun “Muğam, söz, ifaçı” kitabında 1918-ci ildən Kürdəmirdə yaşayan əslən şamaxılı olan 90 yaşlı Hacı Məhəmmədəli oğlu Məmmədovun xatirələrində deyilir: “Mirzə Güllər qonşumuz “çöpçü arvad”ın evində yaşayardı. O, zaman 8-9 yaşım vardı. Evin qabağında iri bir qarağac vardı. Güllər yay vaxtı bu ağacın kölgəliyində oturardı. Biz uşaq yaşımızla gedib doqqazın balaca qapısını açıb ona tamaşa edərdik. Bir az əvvəl doqqazdan kişi paltarında girən xanəndənin evdən qadın paltarında həyətə çıxdığını görəndə təəccüblənirdik”.
Kitabda xanəndə ilə bağlı xatirəsini bölüşən Göyçay sakini, əslən şamaxılı olan Məşədi Kazım Abdullayev isə belə deyir: “1898-ci ildə Mirzə Gülləri qonşumuz, başmaqçı usta İbadın toyunda görmüşəm. 25-30 yaşında olardı. Xanəndəlikdə ad çıxarmışdı. Tarzəni Mirzə Səlim, balabançısı Əli idi. O vaxt musiqiçilər yerdə oturardılar. Güllər kişi qiyafəsində idi. Əynində vəznəli çuxa, altından qırçınlı arxalıq, döş cibində zəncirli saat, başında buxarı papaq var idi. Ortaboylu, yaraşıqlı adam idi. O, “Bayatı-Qacar”, “Şur”, “Çahargah” muğamlarını, xalq mahnılarını təsirli oxuyardı”.
Mənbədə xanəndənin dövründə onunla bir məclisdə iştirak edən, ifalarını eşidən insanlar qeyd edirlər ki, Mirzə Güllər hansı toyda olardısa, o məclis şən və gur olardı. Məlahətli səsi, gözəl ifası məclisdəkiləri sehrləyərdi. 1912-15-ci illərdə toyunu Mirzə Güllər idarə etmiş Cəfər Zərbəliyevin kitabda yer alan fikirləri: “Mirzə Güllər sədəfli qavalını qaldıraraq lap kişi xanəndələr kimi zəngulə vurur, təsirli qəzəllər oxuyurdu. Özünü çox ağır, təmkinli aparırdı. Saçı oğlan kimi kəsilmişdi. Ona Mirzə deyəndə xoşu gəlirdi”.
Qeyd edək ki, xanəndənin səsi o dövrdə nəinki Şirvandan, hətta Cənubi Qafqazın mədəni mərkəzi sayılan Tiflisin gur məclislərindən də gəlirdi. Şərqşünas alim Yusif Ziya Şirvani 1914-cü ildə Tiflisdə Mirzə Güllərin apardığı toy məclisi haqqında xatirələrini danışarkən xanəndənin tar-kamanın müşayiəti ilə zövqlə oxuduğunu vurğulayıb.
Mirzə Güllər sorağı Respublikada Dövlət Səs Yazıları arxivinin əməkdaşlarını İsmayıllı rayonunun Lahıc qəsəbəsinə gətirib çıxarıb. Mirzə Güllərin səsi yazılmış bir qrammafon valı əldə edilib.
Məlumdur ki, ötən əsrin əvvəllərində Rusiyanın bir neçə iri şəhərində xarici ölkələrin səsyazma cəmiyyətləri fəaliyyət göstərirdi. Onlar qazanc əldə etmək məqsədilə Azərbaycan xanəndələrini dəvət edir və səslərini qrammofon valına yazırdılar.
Təxminən 1913-1914-cü illərdə Kiyevdə fəalyyət göstərən “Monarx-rekord” səhmdar cəmiyyətinin dəvətilə Mirzə Güllər xanım oraya gedir və bir neçə muğam və xalq mahnısını qrammofon valına yazdırır. Həmin vallardan biri Respublika Dövlət Səs Yazıları Arxivində mühafizə edilir. Bu vala xanəndənin ifasında “Mirzə Hüseyn segahı” və “Yeri dam üstə yeri” xalq mahnısı yazılmışdır.
Əzizə Cəfərzadənin “Bir səsin faciəsi” romanı bu sonluqla tamamlanır: “Günlərin bir günündə Qaradonluda bir qarı peyda oldu. Murad ağanın qapısına gəlib Qonçabəyimlə Murad ağanı soruşdu. Hər ikisinin bir neçə il əvvəl dünyasını dəyişdiyini biləndə darvazanın önündəcə diz çöküb hönkür-hönkür ağladı. Nökərlər onu evə dəvət etsələr də, gəlmədi. Heç kəsin tanımadığı bu qadın Azərbaycanın şöhrət sahibi Güllər idi. Hara üz tutacaqdı? Cavad vilayətinəmi? Kimi qalmışdı orada? Doğma anası Reyhan sağ idimi, görəsən? Anası da çoxdan köçmüşdü bu dünyadan, öz bircəsindən xəbərsiz, yaralı köçüb getmişdi. Bu yaşında gen dünyada onun heç kəsi yox idi. Bütün bunları dərk edən Mirzə Güllər qəbiristana üz tutur. Səhər kəndin camaatı qəbiristana gələndə bir qarının Murad ağa ilə Qonçabəyimin qoşa qəbrinin arasında bükülü qaldığını görürlər. El yığılıb qadını dəfn edir. Yasin, fatihə oxudurlar. Başdaşına ad yaza bilmədilər. Heç kəsin tanımadığı qadının adını bilən yox idi...”.
Bu Şamaxıdan sonra Lahıca köçən Mirzə Güllər xanım idi...
Amma Mirzə Güllər mahir ifaları ilə öz adını Azərbaycan muğam ifaçılığı salnaməsinə yazdırdı - əbədi yaşamaq üçün...
Əli HÜSEYN
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter