Böyük Britaniya ölkəmizin müstəqilliyinin ilk günlərindən Azərbaycanla yaxın münasibətlər quran ölkələrdən biridir. Böyük Britaniya ilə Azərbaycan arasında dövlət, hökumət başçılarının yüksək səviyyədə olan qarşılıqlı səfərləri də tarixən bu əlaqələrin inkişafına təkan vermişdir. Hazırda aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bunu dövlət başçımızın Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısında iştirak etmək üçün işgüzar səfərdə keçirdiyi görüşlər də bir daha təsdiq edir.
Səfər çərçivəsində dövlət başçımız qarşı tərəflərin müraciətlərinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden, İsveçrə Konfederasiyasının Prezidenti Viola Amherd, Macarıstanın Baş naziri Viktor Orban, Litva Respublikasının Prezidenti Gitanas Nauseda, Çex Respublikasının Baş naziri Petr Fiala, Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb, Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts ilə də görüşüb. Bu görüşlərdə sülh prosesi ilə yanaşı, BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə (COP29) əlaqədar hazırlıq prosesi, həmçinin Qlobal Cənub və Qlobal Şimal arasında konsensusun qurulması, həmrəyliyin artırılması istiqamətində səylərin davam etdirilməsi də diqqətə çatdırılıb. .“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub. Qeyd edib ki, 2021-ci ildə Avropa qitəsinə bizim qaz təchizatımız ildə 8 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixracı 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Bu gün Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib. Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaqdır. Üç ildən artıqdır ki, Azərbaycan mühüm qaz təchizatçısına çevrilib. Bəzi ölkələrdə Azərbaycan xam neftinin istehlakı onların tələbatının 50 və ya daha çox faizini təşkil edir. Hazırda 8 Avropa ölkəsi Azərbaycanın təbii qazını alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkədir. Nəhayət qardaş Türkiyəyə də Azərbaycan qazı ixrac edilir.
Dövlət başçımızın qeyd etdiyi kimi, enerji sahəsində Bakıda müəyyənləşdirdiyimiz strateji tərəfdaşlıq bizim Avropaya qaz təchizatımızın 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. Biz bu hədəfə doğru irəliləyirik.
Ölkəmizin etibarlı tərəfdaş kimi tanınması və mövqeyini möhkəmləndirməsi ölkəmizin münasibətlərdə qarşılıqlı etimada böyük önəm verdiyni, bunu sözdə deyil, əməldə sübut etdiyini təsdiqləyir. Göründüyü kimi, davamlı və sabit əməkdaşlıq üçün Azərbaycanın lazımi resursları və infrastrukturu var ki, onlar daha da inkişaf etdirilir.
Ərşad Abbaszadə,
Sabirabad rayon Elektrik Şəbəkəsinin rəisi