Əlverişli coğrafi mövqeyi, regional və beynəlxalq nəqliyyat yollarının üstündə yerləşməsi, təbii resursları, iqtisadi və hərbi gücü ilə Cənubi Qafqazın lider dövləti hesab olunan Azərbaycan bu gün həm də dünyada etibarlı tərəfdaş, təşəbbüskar dövlət kimi qəbul olunur. Bunun da yeganə səbəbi son 21 ildə Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin həyata keçirdiyi tam müstəqil siyasətdir.
Bu gün dünyanın siyasi xəritəsində elə bir Azərbaycan var ki, onun dəstəyi olmadan, rəyi nəzərə alınmadan hər hansı regional prosesləri müzakirə və həll etmək mümkün deyil. İstənilən mövzulu qlobal danışıqların aparıldığı platformalarda ölkəmiz mütləq təmsil olunur və əsas söz sahibi kimi çıxış edir. Buna görə də Azərbaycanı regionun təhlükəsizlik zəmanəti adlandırırlar. Aparıcı dövlətlər ölkəmizin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə malik olduğunu bəyan edirlər. Bütün bunlar bir daha təsdiq edir ki, İlham Əliyevin tam müstəqil siyasəti Azərbaycanı müasir dünyanın yeni çağırışlarına cavab verən ölkəyə çevirib.
İyul ayının 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Kir Starmerin dəvəti ilə “Avropa Siyasi Birliyi” 4-cü Zirvə Toplantısında iştirak etmək üçün Böyük Britaniyaya işgüzar səfərə gəlib. Prezident İlham Əliyev səfər çərçivəsində bir sıra Avropa dövlələrinin başçıları ilə görüşlər keçirib, Oksforddakı Blenheim sarayında keçirilən “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısının açılış plenar sessiyasında, “Enerji və bağlantı” mövzusunda dəyirmi masada və toplantısının bağlanış plenar sessiyasında iştirak edib.
“Avropa Siyasi Birliyi”nin 4-cü Zirvə toplantısı çərçivəsində keçirilən “Enerji və bağlantı” mövzusunda dəyirmi masada çıxışı zamanı Prezident İlham Əliyev bir sıra mühüm məqamlara toxunub, Azərbaycanın Avropanın enerji təchizatı ilə bağlı həyata keçirəcəyi işlərdən danışıb.
Qeyd edilib ki, ölkəmiz öz neftini Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edir. Azərbaycan Avropada etibarlı enerji təchizatçısı kimi tanınır. Tarixdə ilk dəfə olaraq ölkəmiz Xəzər dənizini Aralıq dənizi ilə birləşdirən kəmər təşəbbüsü ilə çıxış edib və qonşularla birlikdə onu istismara verib.
“İndi biz Aralıq dənizində Türkiyənin Ceyhan limanından neftimizi müxtəlif təyinat nöqtələrinə, o cümlədən Azərbaycanın xam neftindən əhəmiyyətli dərəcədə asılı olan çox həssas nöqtələrə nəql edirik”, - deyə dövlətimizin başçısı əlavə edib.
Bildirilib ki, enerji sahəsində Bakıda müəyyənləşdirilən strateji tərəfdaşlıq Azərbaycanın Avropaya qaz təchizatının 2027-ci ilin sonuna qədər ikiqat artırılmasını nəzərdə tutur. 2021-ci ildə ölkəmiz Avropa qitəsinə ildə 8 milyard kubmetr təbii qaz ixrax edirdisə, bu il bu göstərici 13 milyard kubmetrə yaxın olacaq. 2021-ci ildə ümumi ixrac 18 milyard kubmetr təşkil edirdisə, bu il bu göstərici 25 milyard kubmetr olacaq. İxracın yarıdan çoxu Avropaya gedir.
Ölkə başçısı bildirib ki, Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaqdır. Hazırda 8 Avropa ölkəsi Azərbaycanın təbii qazını alır, onlardan beşi - Bolqarıstan, Yunanıstan, İtaliya, Macarıstan və Rumıniya Avropa İttifaqının üzvüdür. Gürcüstan və Serbiya isə İttifaqa daxil olmaq üçün namizəd ölkədir. Nəhayət qardaş Türkiyəyə də Azərbaycan qazı ixrac edilir.
Çıxışı zamanı ölkə başçısı Sloveniya-Azərbaycan qaz əməkdaşlığı istiqamətində mühüm hadisənin baş verdiyini vurğulayıb. “Ümid edirik ki, biz bir neçə aya Sloveniya bazarına daxil ola biləcəyik. İndi Avropa interkonnektor layihələri icra olunduqca Azərbaycan qazının daha çox Avropa ölkəsinə ixrac edilməsi üçün əlavə imkanlar olacaq”.
Yusif Sətiyev,
Sabirabad RİH başçısının Muğan Gəncəli kənd İƏD üzrə nümayəndəsi