• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Unutsaq unudularıq. VƏSİLƏ USUBOVA

  • 22.01.2021, 10:22, Baxış sayı:
  • 591
Unutsaq unudularıq. VƏSİLƏ USUBOVA
Unutsaq unudularıq. VƏSİLƏ USUBOVA
Vəsilə Soltan qızı Usubova 1951-ci ilin oktyabrın 16-da Sabirabad rayonunun Kolanı kəndində (indi bu kənd Hacıqabul rayonunun tərkibindədir) anadan olub. Kənddəki onillik məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) jurnalistika fakültəsinə daxil olub. 1976-cı ildə universiteti bitirərək Sabirabadda çıxan «Muğan» qəzetində işləməyə başlayıb. Əvvəl qəzetin müxbiri, sonra kənd təsərrüfatı şöbəsinin müdiri və məsul katibi işləyib. Yazıları «Azərbaycan gəncləri», «Sovet kəndi» qəzetlərində, «Azərbaycan qadını» jurnalında dərc olunub.
Ömrünün son illərində Vəsilə Usubova «525-ci qəzet» və «Ədalət» qəzetlərində müxtəlif mövzulu yazılarla çıxış edib.
Vəsilə Usubova jurnalistlik fəaliyyəti ilə yanaşı, bədii yaradıcılıqla da məşğul olub. Hekayələri «Muğan», «Dönüş» qəzetlərində, həmçinin «Azərbaycan qadını» və «Ulduz» jurnallarında çap olunub.
2008-ci ildə Mahmud Kaşğarinin anadan olmasının 1000 illiyi münasibətilə Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin, Avrasiya Yazarlar Birliyinin və «Ulduz» jurnalının keçirdikləri beynəlxalq hekayə müsabiqəsində «Polonez» adlı hekayəsinə görə xüsusi mükafata layiq görülüb.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Vəsilə Usubova 1992-ci ilin iyunun 15-dən ömrünün sonunadək Sabirabad Rayon İcra Hakimiyyətində kadrlar üzrə baş mütəxəssis vəzifəsində çalışıb və 2015-ci ilin aprelin 22-də vəfat edib.
Ölümündən sonra Vəsilə Usubovanın “Səndən bir də olmayacaq” adlı kitabı işıq üzü görüb.
Aşağıda Vəsilə Usubovanın həm­yerlimiz - görkəmli alim, tibb elmləri doktoru Asif Abdullayev haqqında vaxtilə yazdığı zarisovkanı təqdim edirik.

HƏKİM, ALİM, KİŞİ...

Qayıdıram səksəninci illərin sonuna - o işıqlı şəxsiyyəti tanıdığım illərə. Əslində səthi də olsa, məlumatım vardı onun haqqında. Qəzetdə işləyib rayonun tanınan adamlarından xəbərsiz olmaq mümkün deyil. Bilirdim ki, Bakının hansı xəstəxanasındasa sabirabadlı Asif həkim işləyir... və işləri düşdükcə yerliləri onu əlbəəl axtarırlar. Deyirdilər ki, o, yerlilərini çox sevir, fərq qoymadan hər kəsə əlindən gələn köməyi əsirgəmir. Özünü görəndə elə ilk gündən anladım ki, deyilənlər yanlışdı. Onun kimi insanlar təkcə öz yerlilərini sevə bilməzlər. Belə xırda münasibətlər heç ağıllarının ucundan da keçməz.
O, içinin işığı sifətinə qonan çox az nurlu şəxslərdən idi...
Onda bildim ki, niyə hər həkimə "loğman" demirlər...
Anladım ki, loğmanlar da peyğəmbərlər kimi adi adamların arasında seçilmədən yaşayırlar. Və onları ancaq öz içində işıq, paklıq gəzdirənlər görüb tanıya, duyub qiymətləndirə bilirlər...
***
Yeddi yaşlı oğlum əməliyyat olunmalıydı. Neçə gündü ki, o zamankı N.Krupskaya adına Ana və Uşaqları Mühafizə İnstitutunda yatırdıq. Oğlum öskürürdü deyə, vaxt uzanırdı. Gərgin, həyəcanlı günlər keçirirdim. Bir uşaq da evdə qoyub gəlmişdim. Əməliyyatın necə keçəcəyini gündə neçə dəfə xəyalımdan keçirib özümə yer tapa bilmirdim. O da hər gün bizə baş çəkir, uşağın ciyərlərinə özü qulaq asırdı. Hər dəfə də "hələ xışıltı var, olmaz" deyib gedirdi. Koridorda görünəndə, sakit-sakit addımlayanda elə bil palataların da havası dəyişir, mülayimləşirdi...
O zaman mən bir həqiqəti də kəşf elədim. Kişilərin xarakterindən, davranışlarından danışanda onlarda ancaq mərdlik, xeyirxahlıq, səxavət axtarırıq. Heç zaman onlardan utancaqlıq, abır-həya gözləmirik. Elə düşünürük ki, ancaq qadınlar abırlı, həyalı olmalıdılar. Bir aya yaxın müddətdə hər gün bizə baş çəkdi, uşağı yoxladı, mənə suallar verdi, amma bir dəfə də başını qaldırıb üzümə baxmadı...
O, həm də baxışları səbirsizliklə gözlənən kişilərdəndi...
İlahi, illər ötdükcə, təkcə biz dəyərli insanları deyil, onların yaşatdıqları bənzərsiz davranışları da itiririk...
"Sabirabad-80" kitabından:
"Asif Abdullayev 1933-cü ildə Sabirabad rayonunun Axtaçı kəndində anadan olmuşdur. 1950-ci ildə orta məktəbi bitirdikdən sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun (indiki Azərbaycan Tibb Universiteti) pediatriya fakültəsinə daxil olmuş, 1956-cı ildə institutu fərqlənmə diplomu ilə bitirmişdir. Bir müddət Sabirabadda uşaq həkimi və uşaq xəstəxanasının baş həkimi işləmişdir.
1960-cı ildən elmi işlə məşğul olmuş, 1964-cü ilin martında tibb elmləri namizədi, 1969-cu ildə isə 36 yaşında tibb elmləri doktoru olmuşdur.
Asif Abdullayev 1964-cü ilin aprelindən 1971-ci ilin fevralınadək Pediatriya İnstitutunda böyük elmi işçi, pediatriya şöbəsinin rəhbəri, həmin vaxtdan ömrünün sonunadək-20 il institutun elmi işlər üzrə direkor müavini işləmişdir.
Professor Asif Abdullayev 104 elmi əsərin, o cümlədən 2 monoqrafiyanın, 4 metodik tövsiyyənin müəllifidir.
Görkəmli alim 1991-ci ildə vəfat etmişdir. Ölümündən sonra Sabirabad rayonunda yaşadığı küçəyə, baş həkim işlədiyi uşaq xəstəxanasına və Bakı şəhəri Binəqədi rayonunun 20 saylı uşaq poliklinikasına onun adı verilmişdir...”
Bir ömrü cəmi 15-20 cümləlik mətnə sığışdırdıq. Sabirabad, Bakı, Moskva... Elə böyük bir ərazini əhatələməyən təhsil, iş, elm yolları. Hər şeyi deyirmi?! İlk baxışda, bəli. Bu illərin içində onun könül arzuları, qurduğu xəyalların gerçəkləşməsi üçün göstərdiyi çabaları, yuxusuz gecələri, qarşısına çıxan əngəlləri dəf etmək gücü, qazandığı uğurların gözyaşardan həyəcanları, bir sözlə, həkim, müəllim, alim, rəhbər, ər, ata, vətəndaş kimi qayğı və üzüntüləri yaşanıb.
Elə uzun da ömür yaşamayıb. Cəmi 58 il...
Amma məni qane eləmir, doyuzdurmur bu bilgilər... Yox, hələ nəsə var, nələrisə bilmirəm mən. Harda axtarım, hardan tapım eşitmək, bilmək istədiklərimi...
Zamanın ötəriliyində, insanların bir-birini əvəzləməsində qeyri-adi heç nə yoxdu. Zaman su kimi axır, ömürlər də karvan kimi dünyanın üzündən ötüb keçir. Bəs, niyə onu xatırlayanda belə kövrəlirəm?!.
Axı, hələ də yaşaya bilərdi. Yaşıdlarının çoxu bu gün də sağlam və gümrahdılar. Belə gərəkli ömür sahibiyçin 58 il nədir ki?!.
Hər ağrı-acının, təəssüf və yanğının böyründə bir şirin təsəlli olmamış deyil.
Bu institutda özü boyda bir nur parçası qalıb Asif həkimdən. Adını çəkənin sifəti işıqlanır, həyəcandan səsi titrəyir. Kimdən soruşuramsa, haqqında xatirə danışmaqdan yorulmur. Özləri dönə-dönə mənə yaxınlaşıb birgə işlədikləri dövrdən epizodlar danışırlar...
Yaşı yetmişi keçsə də, eynəksiz körpələrin damarına rahatlıqla düşən Xədicə xanım:
- Mən onun tibb bacısı olmuşam. Qələm-kağız götürüb günlərlə yanımda otursan da, danışacaqlarımı yazıb qurtara bilməzsən. Ömrünün son saatlarını isə... öz ömrümün sonunacan xatırlayacam. Hələ səhər saat doqquz olmamışdı. Bax, o bəzək kollarının arasında gəzişirdi. Bu ağacların, kolların çoxunu da elə özü əkdirmişdi. Axır vaxtlar ürəyi onu narahat eləsə də, bir kəlmə şikayətlənməzdi... Birdən səs-küy qopdu. Halı dəyişmişdi. Tez şprisə dərman çəkdim. Ancaq... gərək olmadı... Keçinmişdi...
Tibb elmləri namizədi, baş elmi işçi Yaşar Məstəliyev təkcə xatirələr danışmaqla kifayətlənmədi. İş stolunun üstündə Asif həkimi xatırladacaq o qədər şeylər vardı ki... Şəkilləri, elmi əsərləri, məqalələri.... İnana bilməzdim ki, adam iş yoldaşını bunca sevə bilər, hətta dünyasını dəyişdikdən sonra belə haqqında yorulmadan, usanmadan danışar. Elə bilirdin ki, onun həyatında Asif Abdullayevlə bağlı xatirələrdən şirin özgə heç nə yoxdu. Yaşar həkim onun həm də bənzərsiz həmsöhbət, yol yoldaşı olmasından, şeiri, muğamatı sevməsindən danışırdı. Deyir, hara gedirdiksə, yolboyu şeirlər söylərdi. Məmməd Arazı daha çox sevirdi...
Düşünürəm ki, elə Məmməd Arazın da könül dünyası onun kimilərin həsrətində olub həmişə. Aşağıdakı misraları da onun kimilərə həsr edib:
Gedənlər-gələnlər sığmayır saya
Dünya bu minvalla dolur, boşalır.
Nə qədər yaxşılar gəlir dünyaya,
Yenə yaxşıların yeri boş qalır...
İlk gündən diqqətcilliyi, işə can yandırmasıynan diqqətimi çəkən, xanım-xatın tibb bacısı Firuzə xanımsa ürəyini bircə cümləynən boşaltdı: "O, əsl müəllim, əsl kişiydi..."
Mənim də birinci və axırıncı dəfə gördüyüm abırlı kişi...
Əsl kişilərdən ötrü isə göz yaşı tökməyə dəyər...
***
Öz təəssüratlarım yetmirdi, bəs eləmirdi bu yazını işləməyə. Elə bir adam axtarırdım ki, Asif həkimi lap uşaqlıqdan, gənclik illərindən tanımış olsun, həyatını, fəaliyyətini müəyyən qədər izləmiş olsun. Xatirələr danışsın, epizodlar söyləsin. Bu şəxs də Salamulla Abdullayevdən özgəsi ola bilməzdi. Rayonda Asif həkimin qohumları çoxdu. Onların arasından Salamulla müəllimi seçməyimin öz səbəbləri var. Onu əqidə adamı, məslək sahibi kimi tanıyıram. Tanıdığım gündən də rayonumuzda, respublikamızda elə bir mühüm ictimai-siyasi hadisə olmayıb ki, iştirak etməsin, münasibət bildirib səy göstərməsin. Taleyüklü məsələlərə biganə qalmır, xoşlasalar da, xoşlamasalar da sözünü deməkdən, rəy bildirməkdən çəkinmir.
Hər rastlaşanda da qoltuğunda qəzet görürəm Salamulla müəllimin. Ona rəğbətim də bəlkə ən çoxu bununla bağlıdı...
Zənnimdə yanılmamışdım. Məqsədimi bilən kimi, özünəməxsus diqqətcilliklə, səliqə-səhmanla işə qoşuldu. Əziz qohumu haqqında əlində olan materialları mənə çatdırdı... Öz bildiklərini də səliqə ilə ayrıca vərəqlərdə yazmışdı....
Materialların içində coğrafiya elmləri namizədi Niftalı Şıxların (İsmayılovun) "Köçməyə tələsdin" ("Şəfqət" qəzeti, 11-17 fevral 1992-ci il, №7) və "60 yaşını gözləmədi...”), "Suqovuşan" (Sabirabad) qəzeti, 4 noyabr 1993-cü il, №46) adlı məqalələri diqqətimi çəkdi. Hər iki məqalədə Asif Abdullayevin həyat və fəaliyyəti barədə müfəssəl məlumat var. Oxuduqca qayğıkeş həkimin, fədakar alimin, tələbkar müəllim və rəhbər işçinin, gözəl dost və ailə başçısının, vətəndaşın - bir sözlə, əsl Loğmanın obrazı göz önündə canlanır. Hər dəfə Səməd Vurğunun məşhur şeirindəki "dolaşıb aləmi loğman kimi məna gəzirəm" sözlərini oxuyanda düşünərdim: özü loğman olan kəs bu aləmdə nə axtarır?!. Sən demə, elə məhz dərin düşünənlər bu dünyanın mənasız işlərindən daha çox əziyyət çəkirlərmiş...
Tarixən xalqımızın başına gətirilən bəlalar - zaman-zaman torpaqlarımızın işğalı, əlifbamızın dönə-dönə dəyişdirilməsi, dilimizin, adət-ənənəmizin təqibi, tariximizin saxtalaşdırılması o böyük alimin də yuxularını ərşə çəkirdi. Səksəninci illərin sonlarında baş verən hadisələr, torpağımızın işğalı səhhətini korlamış, ürəyini yaralamışdı...
Niftalı Şıxlar "Suqovuşan"dakı yazısında Asif Abdullayevin "Azərbaycan" qəzetinin 7 sentyabr 1990-cı il tarixli nömrəsində dərc olunmuş "Nə üçün belə olur?" adlı məqaləsindən bir parçanı da daxil edib. Bu parçada vətəndaş alimin dərin narahatçılığı əksini tapıb...
"Görəsən, indi bizə öz tariximizi yazmaqda, qədim torpaqların adlarını və xəritəsini obyektiv verməkdə, çap etdirib dünya miqyasında yaymaqda nə mane olur?
Azərbaycan dilinin dövlət dili kimi bərqərar olmasına yuxarı təşkilatlardan başlamaq lazımdır. Daha vacibdir ki, respublika ərazisində görüləcək işlər mahiyyətindən və nəticəsindən asılı olmayaraq, tarixi keçmişimizi, xüsusən dağılıb itməkdə olan abidələrimizi qorumaq və onları gələcək nəsillər üçün saxlamaq yönümündən həll edilməlidir.
Kənd təsərrüfatında qeyri-elmi şəkildə istifadə edilən pestisid və nitratların acı nəticəsinin qarşısını almağa isə heç kəs tələsmir. Təkcə tibb yox, böyük sosial problem olan xalqın sağlamlığının qorunması kimsəni maraqlandırmır. Əksinə, xəstəlik artıran mənbələrin sayı çoxalır. Dağlıq Qarabağ düyünü kimi..."
"O, çox səmimi, sadə və mehriban insan idi. Vətənini, xalqını böyük məhəbbətlə sevirdi. Qarabağ məsələsi onu çox incidirdi. Yeri gələndə ermənipərəst ruslara tutarlı cavablar verirdi. Staravoytovaya yazdığı cavab dillər əzbəri idi. Təbii ki, şifahi olaraq yayılmışdı o məktub. O zamankı qəzetlərin heç biri onu dərc etməmişdi..."
Bu isti sətirlərin müəllifi isə Salamulla müəllim özüdü...
Bir dəfə küçədə Salamulla müəllimlə rastlaşdım. Dayanıb xeyli dərdləşdik. Təbii ki, sözümüz-söhbətimiz yenə Asif həkim haqqında idi. Mən üzü Nizami Gəncəvi adına məktəbə tərəf dayanmışdım. Şagirdlərin dərsdən çıxan vaxtıydı. Dəstə ilə bizə tərəf gəlirdilər. Birdən... İlahi, bu nə idi?! Doqquz-on yaşlarında ağbəniz oğlan uşağı qollarını açıb bizə tərəf qaçırdı. Səkidən çıxıb asfalt yola düşmüşdü. Onu maşın vura bilərdi. Mən də qollarımı açıb ona tərəf yüyürmək istəyəndə... xəyaldan ayrıldım. Yaxınlığımızda heç kəs yox idi...
Bəs, o ağbəniz oğlan uşağı kim idi?!.
Allahım! Sən məni şirin xəyallarımın aşırı cazibəsindən qoru!..
***
İki ildir bu yazını başımda, ürəyimdə gəzdirirəm. Bilmirəm, nədənsə, kağıza-qələmə etibar eləmirdim. Sən demə, məni bu günə qədər gətirən səbəb varmış...
Dekabrın 25-də onun 80 yaşı tamam olur. Amma...
Amma... sakitlikdi...
Bəs, 90, 100 illiyində necə olacaq?!.
Mənsə, nöqtəni qoymuram. Həmişə axtaracam, həmişə gözlərim gəzəcək...
Ona layiq ən gözəl sözü tapana qədər...
Vəsilə USUBOVA
2013.-21 dekabr
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter