2020-ci il Vətən müharibəsindəki Qələbədən sonra Azərbaycan öz ərazisinə tam nəzarəti bərqərar etmək üçün səylərini davam etdirib. Siyasi və diplomatik tədbirlərə baxmayaraq, Ermənistan Qarabağ ərazisindəki silahlı birləşmələri dəstəkləməkdə, təhlükəsizliyə təhdidlər yaratmaqda və Azərbaycan Respublikasının suverenliyini pozmaqda davam edirdi. 2023-cü il sentyabrın 19-da Azərbaycanın Silahlı Qüvvələri Qarabağ bölgəsindən qeyri-qanuni silahlı birləşmələrin yekun olaraq çıxarılması və konstitusiya quruluşunun bərpası ilə nəticələnən antiterror əməliyyatına başladı. Cəmi 23 saat davam edən əməliyyat Ermənistan hərbi qüvvələrinin tam tərksilah edilməsinə və Azərbaycanın öz ərazisi üzərində nəzarətinin tam bərpasına gətirib çıxardı. Bu əməliyyat Azərbaycan xalqının və dövlətinin öz müstəqilliyini və ərazi bütövlüyünü müdafiə etmək əzmini təsdiq etdi.
Həmin gün daha bir əlamətdar hadisə ilə tarixə həkk oldu. Ölkə başçısı İlham Əliyevin sərəncamı ilə yaradılan Qarabağ Universiteti fəaliyyətə başladı. Cənab Prezident Universitetə gələrək kompleks və burada yaradılan şəraitlə tanış oldu, tələbələrlə görüşərək qeyd etdi: “Əgər 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr – Dövlət Suverenliyi Günü idi”.
Dövlət başçısı İlham Əliyevin 20 Sentyabr – Dövlət Suverenliyi Günündə Xankəndi şəhərində Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirakı, universitetin müəllim və tələbə heyəti ilə görüşü özündə mühüm məqamları əks etdirir. Prezident İlham Əliyev hər bir çıxışında tarixi Zəfərimizin qəhrəmanlarının qəhramanlığından, şücaətindən, vətənpərvərlik hissinin böyüklüyündən geniş bəhs edərək bildirir ki, onlar canları, qanları ilə tarix yazdılar. Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə də cənab İlham Əliyev bildirdi ki, dünya hərb tarixində 44 günlük müharibədə şanlı Ordumuzun həyata keçirdiyi əməliyyatların oxşarı yoxdur.
Prezident İlham Əliyev Qarabağ Universitetində sözügedən görüşdə də bu çağırışı səsləndirdi ki, 44 günlük Vətən müharibəsi onu göstərdi ki, bəlkə də heç bir ölkədə bizim cəmiyyətimiz qədər birlik nümayiş etdirən cəmiyyət yoxdur. Bizdən sonra gələn nəsil, gənclər, onlar da bu yolla getməlidirlər. İlk növbədə, milli ruhda tərbiyə almalıdırlar, öz mədəniyyətinə, ənənələrinə, mənəvi dəyərlərinə sadiq olmalıdırlar.
Sentyabrın 20-nin Dövlət Suverenliyi Günü kimi təsis edilməsi təkcə Azərbaycan xalqının və Ordusunun tarixi xidmətlərinin etirafı deyil, həm də ölkənin müstəqil və suveren dövlət kimi gələcək inkişafının rəmzidir. Bu əlamətdar tarix həm də xalqımızın uğrunda mübarizə aparmağa və qurban verməyə hazır olduğunu göstərən ən yüksək dəyərdir. Zənnimcə, bu günün konsepsiyasının üç əsas sütunu bunlardır: Müstəqillik uğrunda qəhrəmanların və qurbanların xatirəsi – Dövlət Suverenliyi Günü doğma torpaqlarının azadlığı uğrunda canlarından keçənlərin xatirəsini yad etmək üçün mühüm məqam olacaq. Bu yaddaş milli kimliyin ayrılmaz hissəsinə çevriləcək, müstəqilliyin təmənnasız gəlmədiyini xatırladacaq. Digəri, milli birlik – 20 sentyabr təkcə qələbələrin qürur günü deyil, həm də Azərbaycan xalqının birlik və əzmkarlığının simvolu olacaq. Azərbaycanın çətin anlarda necə birləşərək öz torpağını, gələcəyini müdafiə etməyə hazır olduğunu sübuta yetirdiyinin bütün dünya şahidi oldu. Əsas məqamlardan biri isə gələcəyə istiqamətləndirmədir – bu gün həm də dövlətçiliyin qorunub saxlanılaraq gələcək nəsillərə ötürülməsi, siyasi, iqtisadi və sosial institutların inkişaf etdirilməsi zərurətini xatırladacaq.
Zəminə Əliyeva,
Sabirabad rayonu Çöl Beşdəli bələdiyyəsinin sədri