Dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi. Bu kimi açılış mərasimlərinin hər biri iştirakçı ölkələrin malik olduqları imkanların təqdimatında əhəmiyyətli rol oynayır. Dövlət başçısı İlham Əliyev mərasimdəki çıxışında Azərbaycanın enerji diplomatiyasının uğurlarından geniş bəhs edərək bildirdi ki, enerji strategiyası uğurla icra edilir. Tərəfimizdən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın - Avrasiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizinin və Qara dənizin bazarlarına çatdırır. Cənub Qaz Dəhlizi - uzunluğu 3500 kilometr olan nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Avropa Komissiyası, onun yüksəkvəzifəli şəxsləri Azərbaycanı etibarlı tərəfdaş və Pan-Avropa qaz təchizatçısı kimi dəyərləndirirlər. Azərbaycanın Bolqarıstana qaz təchizatı iki il bundan əvvəl başlamışdır. 2021-ci ildə 270 milyon kubmetr qaz təchiz edilmişdir. Keçən il 500 milyon kubmetrdən bir qədər çox olub. Bu il isə bu rəqəm 1 milyard kubmetrə yaxın olacaq.
Azərbaycanın iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu sonluqla başa çatması ölkəmizin əməkdaşlığa önəm verməsinin təqdimatıdır. Bir mühüm məqamı xüsusi qeyd etməliyik ki, “Əsrin müqaviləsi»nin imzalanmasından öncə Ümummilli Lider Heydər Əliyev dünya təcrübəsinə əsasən belə bir çağırışı etmişdi ki, təcrübə mübadiləsi olmadan, səylər birləşdirilmədən heç bir ölkə təkbaşına iqtisadi tərəqqiyə nail ola bilməz. 1994-cü ildə «Əsrin müqaviləsi»nin imzalanması Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyinin möhkəmləndirilməsində öz sözünü dedi. O da məlumdur ki, əməkdpaşlıq öncə regional çərçivədə başlayaraq illər keçdikcə beynəlxalq miqyas aldı. Dövlət başçısı İlham Əliyev sözügedən açılış mərasimində ölkəmizin enerji sektorunda qazandığı uğurların təhlili fonunda bu mühüm məqamı böyük əminliklə qeyd etdi ki, Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır. Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir.
Prezident İlham Əliyev qeyd olunan mərasimi dostluq, strateji tərəfdaşlıq mərasimi kimi dəyərləndirərək bildirmişdir ki, bu layihə Serbiya və Bolqarıstanın enerji təhlükəsizliyinə böyük töhfə verə biləcək layihədir. Azərbaycanın qaz ixracı coğrafiyası daha da genişlənir. Hazırda təbii qazımızı səkkiz ölkəyə ixrac edirik. Serbiya doqquzuncu ölkədir. Bu doqquz ölkənin yeddisi Avropa ölkəsidir və təbii ki, bugünkü mərasim - interkonnektorun fəaliyyətə başlaması Avropanın enerji təhlükəsizliyinə də önəmli töhfə verəcək.
Göründüyü kimi, Azərbaycan Avropa İttifaqı, eyni zamanda, quruma üzv dövlətlərlə əməkdaşlığa xüsusi önəm verir. Avropa İttifaqına üzv ölkələrin üçdə biri ilə strateji tərəfdaşlıq Memorandumu mövcuddur. O da məlumdur ki, ötən ilin iyul ayında Azərbaycan ilə Avropa İttifaqı arasında “Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalandı. Bu Memoranduma görə, Azərbaycan 2027-ci ilə qədər Avropaya göndərilən qazın həcmini iki dəfə artırmalıdır. Artıq rəqəmlər onu göstərir ki, inamla bu hədəfə doğru gedirik. 2021-ci ildə Azərbaycanın Avropa məkanına qaz ixracı 8 milyard kubmetrdən bir qədər çox olmuşdusa, cari ildə bu, təxminən 12 milyard kubmetrə çatacaq. Bu da Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir.
Ötən ilin oktyabr ayında Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun (IGB) açılış mərasimi keçirildi. «Azərbaycan bizim üçün arzuolunan, etibarlı tərəfdaşdır. Mən çox şadam ki, bu məsələdə də mövqelərimiz üst-üstə düşür və biz həmin bu praqmatik və səmərəli əməkdaşlığımızı bir çox sahələr üzrə irəli aparmaq niyyətindəyik» söyləyən Bolqarıstan Prezidenti Rumen Radevin cənab İlham Əliyevin bu ölkəyə rəsmi səfərinin ikiqat rəmzi olduğunu açıqlamışdır. Birincisi, bu il diplomatik münasibətlərimizin 30 ili tamam olur. İkincisi, bu səfər çərçivəsində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı qeyd edildi. Bu strateji layihə həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm layihədir. Bu interkonnektor ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan verəcək. Bu, təbii ki, Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu, elə bir infrastruktur layihəsidir ki, təkcə ölkələrimiz arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığı inkişaf etdirə biləcəyik. Bu layihə Azərbaycanla Bolqarıstan arasında strateji tərəfdaşlığı bir daha təsdiqləyir.
Şəmsi Hüseynov,
Sabirabad rayonu Qaragüney bələdiyyəsinin sədri