Dövlətimizin başçısı cənab İlham Əliyev iyunun 21-də Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz – “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji – “Caspian Power” sərgiləri zamanı “Euronews”a verdiyi müsahibədə bir sıra önəmli məsələlərə toxunub, önəmli mesajlar verib.
Müsahibənin əsas mövzusu bu ilin payıızında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP-29, yəni qlobal iqlim sammiti olub. Sammit bütün dünyanın, eləcə də Avropa ölkələrinin ciddi diqqət mərkəzindədir. Azərbaycan Prezidenti müsahibədə Azərbaycanın nəinki ənənəvi enerji mənbələrinə, o cümlədən bərpaolunan enerjiyə sərmayə yatıranlar üçün cəlbedici olduğunu bildirib.
Prezident İlham Əliyev bildirib ki, “Masdar” Azərbaycanın bərpaolunan enerji sahəsində strateji tərəfdaşıdır: “Ötən ilin oktyabrında ölkəmizdə 230 meqavatlıq ilk Günəş enerjisi stansiyasının açılışı oldu. Perspektivdə 10 qiqavata və 2030-cu ilədək 5 qiqavata qədər gücü əhatə edən bütün müqavilələr və anlaşma memorandumları icra olunacaqdır”.
Azərbaycanda yaxşı sərmayə mühiti olduğunu qeyd edən dövlət başçısı bildirib ki, ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. “COP29-a ev sahibliyi edəcək ölkə kimi yaşıl enerjiyə keçid prosesində öndə gedənlərdən olmaq bizim üzərimizə düşən öhdəlikdir”, – Prezident bildirib və əlavə edib ki, Azərbaycanın böyük tərəfdaşları var, “Masdar” da ölkəmizin strateji tərəfdaşlarından biridir, həmçinin “ACWA Power” və BP sərmayədarlar sırasındadır, onlardan başqa, Azərbaycan ilə işləməyi planlaşdıran digər ölkələrin bir çox şirkətləri var.
Milli enerji şəbəkənin gücləndirilməsini, sərmayədarların verdiyi mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalı duruma gəlməyi, ötürülmə xətləri ilə bağlı qonşularla fəal çalışma oldumuzun vacibliyini qeyd edən Prezident bildirib ki, Azərbaycanın özünə planlaşdırdığı qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən hədəf ixracdır.
“Bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və təbii qaza qənaət edilsin ki, o, əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun” – Prezident İlham Əliyev deyib.
Dünya birliyinin bərpaolunan enerji resurslarına bu qədər həssas yanaşması, önəm verməsi qlobal zərurətdən doğur. Məlum məsələdir ki, bu qədər intensiv istismar nəticəsində planetin malik olduğu karbohidrogen resursları əvvəl-axır tükənəcək – bir ölkədə tez, digərindən gec. Ancaq dünyanın, bütün ölkələrin bu prespektivə hazır olması lazımdır.
Azərbaycan elə bir coğrafi mövqedə yerləşir və elə bir relyefə malikdir ki, onun yeraltı sərvətləri ilə yanaşı bərpaolunan enerji istehsal etmək üçün də geniş imkanları var. Buraya Bakı və Abşeron yarımadasında havanın il uzunu küləkli olması, ilin dörd fəslində də günəşli havaların keçməsi daxildir. Bunlar effektiv şəkildə enerji çevirmək üçün layihələr mövcuddur və onlar artıq neçə vaxtdır icra edilir. Bu yaxınlarda keçirilmiş Bakı Enerji Həftəsində 37-dən artıq ölkədən gəlmiş 300-dən çox nümayəndə iştirak edib. Prezident tədbirin artıq 30 ildir keçiridiyini qeyd edərək deyib ki, birinci tədbir hələ 1994-cü ildə təşkil olunub.
COP-29-a ev sahibliyi edən ölkə kimi Azərbaycanın əsas məqsədlərindən biri nin birlik və həmrəylik yaratmaq olduğunu deyən Prezident İlham Əliyev yekun olaraq deyib: “Azərbaycan COP zamanı və ondan sonra sədrliyimizin davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar, planetin qorunması ilə əlaqədar əsas gündəliyə diqqət yetirsinlər”.
Bəşəriyyətin qarşısında duran iki qlobal problemdən biri müharibələrin qarşısını almaq, dünyada sülh yaratmaqdırsa, digəri tükənməyən enerji resursları tapmaq, inkişaf etdirmək, onlardan milyardlarla insanın faydasına istifadə etməkdir. Azərbaycan bu yolda inamla irəliləyir və dünya birliyinin çağırışlarına qoşulur.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi