Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2024-cü il tarixində Şuşa şəhərinə səfəri baş tutmuşdur. Bu tarix Prezidentin Şuşa sakinləri ilə görüşü zamanı dediyi kimi Şuşanın yeni tarixinin başlanğıcı idi. Bildiyimiz kimi otuz iki ildən sonra artıq Şuşada yeni həyat başlayır. Şuşalılar düşməndən azad olunmuş öz doğma yurdlarına, el-obalarına geri dönüş edirlər. Təbii ki, bu çox mühüm tarixi hadisədir. Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Hər kəsə məlumdur ki, işğal olunmuş torpaqlarımızı azad görmək, sakinlərin yurdlarına geri qayıdışını təmin etmək Heydər Əliyevin ən böyük amalı, arzusu idi və əsas hədəf bu arzunu reallaşdırmaq üzrə qurulmuşdu. Ümummilli liderin başlanğıcını qoyduğu və vəsiyyəti olan bu hədəfin reallaşdırılması Prezident İlham Əliyevin sonlandırması ilə nəticələndi.
Beləliklə, Şuşa daxil Qarabağın hər bir bölgəsində yenidənqurma, abadlıq-quruculuq işləri bu gün böyük səy fəxr, qürurla davam edir. Ən əsas məqam bu günün xüsusi ilə əlamətdar olması sakinlərin artıq öz torpaqlarında məskunlaşmasıdır. Eləcə də Prezident Şuşa sakinləri ilə mətbuata açıq xüsusi görüş keçirdi. Görüş zamanı Prezident bir çox məqamlara toxundu. Təbii ki, ilk olaraq, bu qələbəni bizə bəxş edən igid, qəhrəman oğullarımızı yad etmək xüsusi önəm kəsb edir. Prezidentin də dediyi kimi “Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər”. Bəli, əgər vətənpərvər ruhda böyüyən oğullarımız olmasa idi bu qələbəni qazanmaq mümkünsüz olardı. Ona görə də, bu qələbənin təməlində məhz onların igidliyi, şücaəti durur. Bundan sonra da hər birimizin məqsədi bu ənənəni davam etdirərək yetişən nəsillərin də vətən sevgisi ruhunda böyüdülməsini təmin etməkdir. Prezidentin də vurğuladığı kimi, bu gün bütün dünyada bizim qəhrəmanlarımızın göstərdiyi şücaət, cəsarət bütün dünyada danışılır. Əlbəttə ki, bu da xalq olaraq hər birimizin qürur, fəxr, sevincimizdir. İstər İkinci Qarabağ müharibəsi, istərsə də antiterror əməliyyatları zamanı ordumuz xüsusi qəhrəmanlıq göstərmişdi.
Prezident sakinlərlə görüş zaman Şuşada baş tutan quruculuq işləri, təmir edilən qədim memarlıq abidələri, sakinlər üçün tikilən yeni yaşayış kompleksləri, geniş infrastruktur layihələri haqqında sakinləri və mətbuatı məlumatlandırmışdı.
Prezident İlham Əliyev: “Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Həm Şuşada, həm də artıq inşa edilmiş digər qəsəbə və şəhərlərdə məşğulluq məsələləri də həll olunur, treninqlər keçirilir, buraya qayıdacaq insanların işlə təmin olunması məsələlərinə də çox diqqətlə baxılır və bu işlər öz həllini tapır”. Gördüyümüz kimi bu gün Qarabağda qısa müddət ərzində bir çox işlər görülüb və bu planlı şəkildə davam edir. Əsas məqsəd sakinlərin tezliklə öz yurdlarına qayıtmasıdır.
Prezidentin də dediyi kimi “ Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq”. Prezident İlham Əliyev torpaqların işğala məruz qalmasında və onun sülh yolu ilə azad olunmasına can atmayan, beynəlxalq təşkilatların prinsiplərinin yerinə yetirilmədiyinin, hətta ermənilərə bu gün də dəstək verən bəzi ermənipərəst Qərb dövlətlərinə də öz mesajını çatdırmışdı. Burada xüsusilə əsas rol oynayan bildiyimiz kimi Fransa və ABŞ-dır. Haqlı qələbəmizə baxmayaraq bu gün Azərbaycan- Ermənistan münasibətlərinin sülhlə yekunlaşmasına qarşı çıxan bəzi dövlətlər hələ də mövcuddur.
Prezidentin diqqətə çatdırdığı bir məqamı da qeyd etmək istərdim: “ Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq”.
Bəli, Prezident İlham Əliyevin bu mesajı diqqətə çatdırması ölkəmizə qarşı hər hansı təxribatlar can atmağa çalışanlara qarşı qəti və mühüm xəbərdarlıqdır. Çünki, Azərbaycan haqlı mübarizəsində qələbə çaldı və bu gün hər bölgəmizdə bayrağımız dalğalanır, hər zaman da belə davam edəcək.
Məstalı Nuriyev,
67 saylı Sabirabad Dairə Seçki Komissiyasının sədri