Ötən 20 il Azərbaycanın bütün sahələrdə sürətli inkişafı, bölgədə və dünyada ölkəmizin mövqelərinin möhkəmlənməsi ilə xarakterizə edlir. Prezident İlham Əliyevin yürütdüyü siyasət Azərbaycanın müttəfiqlərinin və dostlarının sayının artmasına, ölkəmizin beynəlxalq aləmdə öz mövqelərini möhkəmləndirməsinə geniş imkan yaratdı. Regional və qlobal təşəbbüslər Azərbaycanın dünyadakı imicini formalaşdırmaqla, həmçinin regional əməkdaşlığın inkişafına da kömək etdi.
2018-ci il aprelin 18-də Prezident İlham Əliyev yeni islahatların başlanılmasını elan etdi və ölkənin ictimai-siyasi və mədəni həyatının bütün sahələrini əhatə edən çoxşaxəli dəyişikliklərin yeni mərhələsinə başladı. Dövlət başçısı islahatlar modelini belə səciyyələndirdi: "Biz ölkəmizin inkişafına yeni təkan vermək, hələ həll olunmamış problemləri həll etmək, nöqsanları, mənfi halları və çatışmazlıqları aradan qaldırmaq üçün məqsədyönlü və düşünülmüş addımlar atırıq və biz bunu edirik".
Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezidenti İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
27 sentyabr 2020-ci ildə tamamilə başqa bir Azərbaycan doğuldu. 4 oktyabr Cəbrayıl, 17 oktyabr Füzuli, 20 oktyabr Zəngilan, 25 oktyabr Qubadlı, 8 noyabr Şuşa üç onillikdən sonra düşmən əsirliyindən azad olundu. 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər, 1 dekabrda isə Laçın rayonu Azərbaycana qaytarıldı. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti böyük sərkərdəlik istedadı nümunəsi göstərdi. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış Qarabağ Zəfəri xalqımızın qəhrəmanlıq tarixinə qızıl hərflərlə yazıldı. Azərbaycan qalib ölkəyə, xalqımız qalib xalqa çevrildi. Bu qələbə sayəsində regionda yeni reallıqlar yarandı. 44 günlük Vətən müharibəsi dövründə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müntəzəm müraciətlər etdi və bu müraciətlər xalqımızı ayağa qaldırdı, onu yumruq kimi sıx birləşdirdi, müharibənin gedişatına və taleyinə güclü təsir göstərdi.
Bu tarixi qələbə cənab İlham Əliyevi, sözün əsl mənasında milli liderə çevirdi. Dövlətimizin başçısı müdrik siyasətçi, qətiyyətli Ali Baş Komandan və xalqın ən yüksək ümidlərini doğrultmuş bacarıqlı diplomatdır. İndi Azərbaycan qalib, məğrur və böyük dövlət kimi yeni inkişaf mərhələsinə qədəm qoyur. Prezidentin "Mən hər bir azərbaycanlının Prezidentiyəm" ifadəsi indi ümumxalq məhəbbətinin ifadəsidir.
Azərbaycanın hər bir sahədə əldə etdiyi bütün uğurların, nailiyyətlərin əsasında yalnız və yalnız Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan düzgün siyasətin və idarəçilik modeli dayanır.Hal-hazırda Doğma Qarabağımızda ölkəmiz tərəfindən təkbaşına sürətlə aparılan və bütün dünyaya nümayiş etdirilən yenidənqurma, bərpa, abadlaşdırma işləri buna əyani subutdur.Qarabağımız tezliklə cənnət məkana çevrilməkdədir.
Ümummilli Lider heydər Əliyevin “Mən ona özüm qədər inanıram” sözlərini əməlləri ilə təsdiq edən Prezident İlham Əliyev Azərbaycanda yeni bir dövrün, parlaq gələcəyimizin əsasını qoydu. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan güclü regional siyasi və iqtisadi tərəfdaşlığın inkişafı istiqaməti üzrə səmərəli siyasətini davam etdirir. Müasir dövrdə Azərbaycanın geosiyasi və strateji vəziyyəti, Qarabağ regionu ilə əlaqəli olan vahid mövqeyi, səmərəli struktur və beynəlxalq siyasi islahatlar, iqtisadi təşəbbüs, sülhməramlı missiyalarda iştirak bütün dünyada yüksək qiymətləndirilir.
Bu gün Prezident İlham Əliyevin sayəsində Azərbaycan Respublikası regionun lideri kimi dünya səviyyəsində aktiv fəaliyyət göstərmək imkanına sahib olan qalib dövlətdir. Bu çoxcəhətli fəaliyyət böyük iqtisadi inkişafı, milli mədəniyyəti, multikulturalizmi, enerji layihələrini, sivilizasiyalar, mədəniyyətlər və dinlərarası münasibətlərin təşkilini, regionda balansı saxlaya biləcək hərbi qüdrəti təmin etmək məsələlərini əhatə edir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqımızın çoxəsrlik tarixi salnaməsinə Zəfər günü həqiqətlərini yazmaqla bərabər, həm də ölkəmizi bütün sahələr üzrə irəli aparmağı bacaran, beynəlxalq aləmdə böyük nüfuza malik qüdrətli lider kimi adını Azərbaycan xalqının tarixinə qızıl hərflərlə yazmışdır.
Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi