1 oktyabr 2003-cü il tarixində Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına tarixi müraciətində deyirdi “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin I müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər.İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Qədirbilən Azərbaycan xalqı ulu öndər Heydər Əliyevin müraciətini dinləyərək, tövsiyyəsini müqəddəs hesab edərək 2003-cü il oktyabrın 15-də cənab İlham Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçdi. Prezident seçkilərində seçicilərin 76%-dən çoxu İlham Əliyevə səs verdi. 42 yaşlı, lakin siyasətdə kifayət qədər yetkinləşmiş, müdrikləşmiş və əhəmiyyətli yerə sahib olan İlham Əliyev 2003-cü ildə Prezident seçilməsi ilə Azərbaycan dövləti üçün yeni səhifə açdı.
Cənab İlham Əliyev Prezident seçildiyi ilk gündən etibarən bütün sahələrdə inkişafın təmin edilməsi üçün yerində, lazımi addımlar atmış, Azərbaycanı regionun lider dövlətinə çevirmək, onun beynəlxalq nüfuzunu artırmaq, dövlətimizi gücləndirmək və onu daha da qüdrətli etmək kimi vəzifələri həyata keçirməyə başlamışdır.
Dövlət başçımızın yürütdüyü siyasət müstəqilliyimizin daha da möhkəmləndirilməsinə, xalqın rifahının yüksəlməsinə, vətəndaş həmrəyliyinin bərqərar olmasına xidmət edir. Vətəndaşlarımızın sosial rifah halının yaxşılaşdırlması istiqamətində həyata keçirilən tədbirlər də bu reallığı deməyə əsas verir ki, Prezident cənab İlham Əliyevin həyata keçirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır.
2003-cü ildə olduqca çətin və şərəfli bir missiyanı öz üzərinə götürən Prezident İlham Əliyev dövrün tələblərinə uyğun olaraq davam etdirdiyi düşünülmüş siyasət, həyata keçirdiyi mühüm islahatlar nəticəsində Azərbaycan dövləti çox böyük nailiyyətlər əldə etdi. Hakimiyətdə olduğu qısa zaman kəsiyində Azərbaycan dövləti çox böyük uğurlara imza atdı. Əlbəttə ki, bu uğurların ən önəmlisi, zirvəsi isə 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlarımızın azad edilməsi, ərazi bütövlüyümüzün, suverenliyimizin bərpa olunması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış şanlı Zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Prezident İlham Əliyevin sayəsində bu gün Azərbaycan regionun lider dövlətinə çevrilib, beynəlxalq nüfuzu artıb, dünyada söz sahibinə çevrilib. Məhz Onun yüksək intellekti, praqmatik düşüncəsi, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilməsinin nəticəsidir ki, bu gün ölkəmiz heç zaman olmadığı qədər güclü və qüdrətlidir.
Beləliklə, 2003-cü il 15 oktyabr tarixində müdrük Azərbaycan xalqı cənab İlham Əliyevə səs verməklə ümummilli liderimiz Heydər Əliyevin siyasi kursuna sadiqliyini, ulu öndərə sevgisini, inamını nümayiş etdirdi və eyni zamanda gələcək ugurlarımıza, tarixi Zəfərimizə səs vermiş oldu.
Elnur Ağayev,
Sabirabad rayon Qeydiyyat şöbəsinin rəisi