Xalqın seçimi - Yeni Azərbaycan Partiyasının namizədi - Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev
Azərbaycanın ictimai-siyasi həyatında növbəti tarixi hadisənin astanasındayıq. 2024-cü il fevralın 7-də ölkəmizdə növbədənkənar prezident seçkiləri keçiriləcək. Artıq Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında nəinki Azərbaycan, eləcə də dünya ictimaiyyəti arasında kifayət qədər reytinq qazanan cənab İlham Əliyevin Prezidentliyə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul olunub. Prezidentliyə namizəd İlham Əliyevin səlahiyyətli nümayəndələri də müəyyənləşdirilib.
Əvvəla, qeyd edək ki, 2003–2023-cü illər ölkəmizin çoxəsrlik dövlətçilik tarixinə möhtəşəm 20 il kimi daxil olub. Hətta son 20 il tariximizdə o qədər əlamətdar bir tarix olub ki, bu dövrdə ölkəmiz əgər belə demək mümkünsə, əsrlərə bərabər yol qət edib. Bir neçə fakta müraciət edək: 2003-cü ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) dəyəri 7,1 milyard manat olduğu halda 2022-ci ildə bu göstərici 133,7 milyard manat təşkil edib. Ümumiyyətlə 20 il ərzində ölkə iqtisadiyyatı 3,4 dəfə, ÜDM nominal ifadədə 22 dəfə artıb. Qeyri neft-qaz sektorunda ÜDM-in həcmi 2003-cü ildəki 4,4 milyard manatdan 2022-ci ildə 69,8 milyard manata çatdırılıb. Dövlət büdcəsinin gəlirləri 2003-cü ildə 1 milyard 221 milyon manat idisə, 2023-cü ildə bu rəqəmin 34 milyard manata yaxın olacağı gözlənilir. 20 il əvvəl regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasına başlayarkən Azərbaycan 1,6 milyard ABŞ dolları strateji valyuta ehtiyatlarına sahib idi. Bu il isə valyuta ehtiyatları 67 milyard ABŞ dollarını ötüb və bu da təxminən 41 dəfə artım deməkdir və s. Üstəlik, Ümummilli Lider Heydər Əliyevin enerji siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevin iradəsi ilə reallaşan Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft-qaz kəmərləri bu gün respublikamızın inkişafına, xalqımızın sosial rifahının yüksəldilməsinə xidmət etməkdədir. Dövlətimizin başçısının siyasi iradəsi ilə ərsəyə gələn Cənub Qaz Dəhlizi Azərbaycanın qlobal enerji bazarlarında və beynəlxalq münasibətlər sistemindəki yerini daha da möhkəmləndirib, ölkəmizi söz sahibinə çevirib. Nəticədə əldə edilmiş tarixi uğurlar ölkəmizi yeni inkişaf mərhələsinə çıxarıb. Bəli, bu gün Azərbaycan özünün ən parlaq günlərini yaşayır. Əminliklə qeyd edə bilərik ki, Azərbaycan çoxəsrlik tarixində heç vaxt bu qədər güclü olmayıb. Bütün bu hədsiz sevinci xalqımıza Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bəxş edib. Dövlət basşısının son 20 ildə gördüyü işləri kitablara sığışdırmaq mümkün deyil. Bu faktı dünyanın tanınmış siyasətçiləri də etiraf edirlər.
Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və bütün ərazilərində suverenliyinin tam bərpasına nail olub. Hazırda Xankəndidə, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və işğaldan aza edilmiş digər rayonlarda bayrağımız əzəmətlə dalğalanır. Başqa sözlə desək, Azərbaycan Qarabağın separatçı xunta rejiminin girovluğundan azad olunması kimi mürəkkəb, hətta bəziləri tərəfindən həlli mümkünsüz görünən problemi həll edib, üstəlik Cənubi Qafqazda dünyanı heyrətə salan abadlıq-quruculuq işlərinə imza atıb. Hazırda erməni vəhşilərindən azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyevin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"na əsasən abadlıq-quruculuq işləri aparılır, otuz il yurd həsrəti ilə yaşayan keçmiş məcburi köçkün soydaşlarımız sevinc və fərəhlə dədə-baba yurdlarına qayıdırlar. Yeri gəlmişkən, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər bütün ölkə ərazisində keçiriləcək. Bir sözlə, işğaldan azad olunmuş ərazilərə köçürülən əhali də artıq seçici siyahısına daxil edilib. Əlbəttə, misli-bərabəri olmayan bu möhtəşəm nailiyyətlər Müzəffər Ali Baş Komandanımız, qətiyyətli Prezidentimiz cənab İlham Əliyevin adı ilə bağlıdır.
Şübhəsiz, bütün bu uğurlarda “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” deyən dövlət başçımızın yüz ölçüb bir biçərək qəbul etdiyi taleyüklü qərarlar mühüm rol oynayıb. Onu da qeyd edək ki, öz fəaliyyətini daim xalqla bir yerdə olmaq və xalqa ləyaqətlə xidmət etmək əsasında quran Prezident İlham Əliyev hər bir vətəndaşın qayğısına qalıb və bununla da hər bir azərbaycanlının Prezidenti olduğunu dəfələrlə sübut edib. Bu da Prezident İlham Əliyevin yalnız xalqın və dövlətin mənafeyi üçün çalışan, uzaqgörən bir Lider olduğunun daha bir nümunəsi, Onun yenidən Prezidentliyə namizədliyini əsaslandıran amillərdəndir.
Bəli, Prezident İlham Əliyev hakimiyyətdə olduğu son 20 ildə xalqa verdiyi hər bir vədini şərəflə yerinə yetirib. Belə olan təqdirdə Onun namizədliyinin irəli sürülməsi labüd idi və qələbələr partiyası olan YAP İdarə Heyətinin genişləndirilmiş iclasında belə bir addım atıldı. Bu addım bir daha sübut etdi ki, xalqın Prezident İlham Əliyevə inamı, etimadı, güvəni sonsuzdur.
Elman Nuriyev,
Sabirabad rayonu, Kür və Araz çaylarında bəndlərin istismarı idarəsinin rəisi