Tarixi liderlər tarixi proseslərə təsir göstərə biləcək gücdə olan, cəmiyyətdə baş verən hər hansı hadisədə uğur qazanmaq üçün kütləni öz ardınca apara biləcək şəxslərdir. Hər bir ölkə dünya tarixindəki önəmli yerinə görə öz tarixi liderlərinə borcludur. Tarixi şəxsiyyətlərin böyüklüyü illər keçdikcə daha aydın görünür. Uca dağların zirvəsi uzaqdan əzəmətli göründüyü kimi, millətinin tarixində dərin iz qoymuş, onun keçmişini yaratmış və gələcəyini müəyyən etmiş insanların da işi və ideyaları zaman məsafəsindən daha uca görünür, daha aydın nəzərə çarpır. Bu ucalığa, bu zirvəyə boylandıqca insan sevinir, heyrətlənir və düşünür. Təbii ki, belə şəxsiyyətlərin taleyi həmişə çətin və keşməkeşli olur, çünki onlar özlərinin bütün mənalı ömürlərini fədakarcasına vətəninin, millətinin tərəqqisinə, onun dövlətinin möhkəmləndirilməsinə həsr edirlər. Belə şəxsiyyətlərin varlığı ilk növbədə onları yetirən millətin xoşbəxtliyidir və ulu Tanrının həmin xalqa verdiyi ilahi bəxşişdir.
Ta qədimdən yüksək dövlətçilik mədəniyyətinə malik olan Azərbaycan da zaman-zaman vətən tarixinə adını əbədi həkk etdirən liderlər yetişdirib. Azərbaycan tarixinin ən şanlı səhifələrini yazaraq, xalqın yaddaşında əbədiyaşar statusu qazanmış Ümummilli Lider Heydər Əlirza oğlu Əliyevin tarixi şəxsiyyət olması, xalqına, millətinə, dövlətinə göstərdiyi misilsiz xidmətlərlə yanaşı, həm də özünün müdrik deyimi ilə də öz təsdiqini tapıb: “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur”.
Bəli, müstəqilliyimizin xilaskarı, dövlətçiliyimizin memarı, sabitliyin təminatçısı - Ulu Öndər Heydər Əliyev! Həyatını böyük risk altına qoyaraq, millətinin, xalqının gələcəyini öz təhlükəsizliyindən üstün tutan böyük şəxsiyyət Moskvadakı Azərbaycan nümayəndəliyinə gələrək səsini dünyaya çatdırdı. Bu şəxs uzun illər SSRİ-nin ən yüksək postlarından birini tutmuş, Sovet Dövlət Təhlükəsizlik Sisteminin generalı, Siyasi Büronun üzvü olmuş Heydər Əliyev idi.
1993-cü il iyunun 15-də Ulu Öndər Heydər Əliyevin Azərbaycan Respublikası Ali Sovetinin sədri seçilməsi dövlətçilik tarixində yeni bir səhifə açdı. Həmin gün tarixə qızıl hərflərlə Milli Qurtuluş günü kimi yazıldı, 1997-ci ilin iyunundan isə rəsmi bayram elan edildi.
...Ulu Öndər Heydər Əliyev idi. Ulu Öndərin qətiyyəti sayəsində az bir zamanda Azərbaycan həm vətəndaş qarşıdurmasından, həm də siyasi xaosa sürüklənməkdən xilas oldu.
Böyük Öndər Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtardı. Dövlətin qorunması isə azadlıq, müstəqillik deməkdir. Heydər Əliyev Azərbaycan xalqının və dövlətinin azadlıq qarantı oldu. Azərbaycan dövlətçiliyi Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində bütün imtahanlardan üzüağ çıxdı. Ümummilli Liderin qətiyyəti xalqa ruh yüksəkliyi verdi və millətin özünəinam hissini qaytardı. Heydər Əliyev gücünə, təcrübəsinə güvənən dahi siyasətçi kimi dəfələrlə söylədiyi məşhur kəlamına sadiq qaldığını sübut etdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
Ulu Öndər Heydər Əliyevin fəaliyyətində əlamətdar tarixlər yetərincədir. Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləyib, general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə o, Leninqradda (Sankt-Peterburq) xüsusi ali təhsil alıb, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. 1969-cu il iyul plenumunda Heydər Əliyev Azərbaycan SSR Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib. 1982-ci ilin dekabrında Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ-nin rəhbərlərindən biri olub. Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib.
Dayanıqlı inkişaf üçün zəmin yaratmış təşəbbüslər müəllifi olan Heydər Əliyevin 1970-1980-ci illərin əvvəllərində gördüyü işlər önəmli rol oynayırdı. 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başlayanda Azərbaycan Sovet İttifaqının müttəfiq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdə idi. Ulu Öndər Heydər Əliyev ölkəyə rəhbərlik etdiyi dövrdə isə sənaye, o cümlədən yüngül sənaye və kənd təsərrüfatı ən parlaq inkişaf dövrünü yaşamışdır...1969-cu ildə hakimiyyətə gələn dahi liderin Azərbaycanda apardığı siyasət nəticəsində ölkəmizdə sürətli inkişaf başladı...
Ulu Öndərimiz Heydər Əliyev 14 dəfə Sabirabada səfər etmiş, pambıq tarlalarında, taxıl zəmilərində və heyvandarlıq təsərrüfatlarında əhali ilə birbaşa ünsiyyətdə olmuşdur. Bir çox respublika tədbirləri Sabirabadda keçirilmişdir. Heydər Əliyev 1979-cu ildə rayon Mədəniyyət sarayının açılışında bu torpağa, onun zəhmət adamlarına bağlılığını belə ifadə etmişdir: «Mən hər il Sabirabada gəlirəm. Bu, onu göstərir ki, sizin torpağın, sizin zəhmət adamlarının elə böyük bir cazibə qüvvəsi var ki, hər il məni bura gətirir».
İkinci dəfə hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev Azərbaycanın qaranlıq səmasında yenidən doğan parlaq günəşə bənzədi. Çünki bu dövrlər çox çətin və mürəkkəb illərə təsadüf edirdi. Ölkəni xaos, durğunluq, daxili çəkişmələr və hərc-mərclik bürümüşdü. Azərbaycanı bu bataqlıqdan çəkib çıxaracaq güclü və etibarlı bir ələ ehtiyac var idi. Məhz belə bir zamanda xalqımızın qeyrətli oğlu həyatını təhlükə qarşısında qoyaraq millətinə xidmət etməyi həyat amalına çevirdi. Ancaq öz millətinə, xalqına sonsuz bir məhəbbəti olan insanlar belə qətiyyətli addım atmağa qadirdirlər.
1993-cü ildən başlayaraq Ümummilli Liderimiz Heydər Əliyevin həyata keçirdiyi xilaskarlıq missiyası nəticəsində Azərbaycan məhv olmaq təhlükəsindən xilas oldu, inkişaf edən bir dövlətə çevrildi. Qısa müddət ərzində ölkədə vətəndaş müharibəsinin qarşısı alındı, dövlətçiliyə meydan oxuyan silahlı birləşmələr ləğv edildi, ictimai-siyasi sabitlik yarandı. Ölkənin xarici siyasəti milli maraqlarımıza uyğun quruldu, uğurlu neft strategiyası müəyyən edilib həyata keçirilməyə başlandı, ictimai həyatımızın bütün sahələrində hərtərəfli demokratik islahatlar aparıldı.
Xallqımızın dahi oğlu düşmənlə atəşkəs elan etdi, ölkədə əmin-amanlıq yaratdı. Onun təşəbbüsü ilə keçmiş İttifaq respublikaları arasında ilk olaraq aqrar islahatı keçirdi. Sabirabad rayonu da yenidən dirçəliş yoluna qədəm qoydu. Aparılmış əsaslı aqrar islahatlar torpaqdan üz çevirmiş sadə kəndlini torpağa qaytarmış, öz əmlakının və torpağın sahibi etmişdir. Bu proses kəndli-torpaq münasibətlərində yeni bir mərhələnin əsasını qoymuşdur.
Ulu Öndər Heydər Əliyev nadir dövlətçilik zəkası, cəsarəti və sarsılmaz iradəsi ilə Azərbaycanda demokratik və hüquqi dövlət qurmağa nail oldu. Azərbaycan dövlətinin müstəqilliyinin bərpasından sonra dahi liderin ən mühüm məqsədlərindən biri hüquqi və sivil dövlətin qurulması idi. 1995-ci il müstəqil Azərbaycan Respublikasının Konstitusiyası qəbul olundu. 1998-ci il KİV üzərində senzuranın aradan qaldırılması və ölüm hökmünün ləğvi Heydər Əliyevin uğurlu siyasətinin nəticəsi idi. 1993-cü ildə ümumxalq səsverməsi ilə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin həyata keçirdiyi siyasət nəticəsində ölkədə siyasi-iqtisadi sabitlik bərqərar oldu, yenidənqurma işlərinə start verildi. Ölkəmizin ərazi bütövlüyünün bərpası və Qarabağ münaqişəsinin həlli xalqın müdrik oğlunun həyat amalı idi. Heydər Əliyevin ölkəyə rəhbərliyə başladığı gündən Azərbaycanda müstəqillik, iqtisadi yüksəliş azadlıq, elmi-tərəqqi dövrü başlandı. Zaman keçdikcə Azərbaycan dünya ölkələri içərisində özünəməxsus yer tutdu. Ulu Öndərin müstəqillik dövründə həyata keçirdiyi mühüm islahatlar içərisində ordu quruculuğu, sənaye, iqtisadiyyat və bir çox sahələrdə irəliləyişlər əldə olundu.
Ulu Öndər Heydər Əliyev 1998-ci ildə-müstəqillik dövründə növbəti 15-ci dəfə Sabirabada səfər etdi, məcburi köçkünlərin məskunlaşdığı Qalağayın çadır düşərgəsində sakinlərlə görüşdü, onların yaşayış şəraiti ilə tanış oldu, tövsiyə və tapşırıqlarını verdi. Elə həmin gün Heydər Əliyev rayon mərkəzində minlərlə sabirabadlı qarşısında çıxış etdi və rayonun keçmişindən, bu günündən danışdı, çıxışının sonunda isə uca səslə dedi: «Mən hər dəfə Sabirabada gələndə bu doğma diyara heyran oluram. Sevinirəm ki, əhalinin rifah halı nə qədər yaxşılaşıb, kəndlərdə böyük sıçrayışlar əmələ gəlib».
Ulu Öndər Heydər Əliyev yalnız öz həyatını yaşamadı, günəş kimi həyatverici şüalarını, istisini, hərarətini Azərbaycanın müstəqilliyi, əbədiliyi və xoş gələcəyinə yönəltdi. Onun siyasətinə bir insanın yox, bütün azərbaycanlıların ürəyi döyünürdü, yaddaşına bir insan yox, bütün azərbaycanlıların ömrünün mənası hopmuşdu. O, bir insanın rahat , xoşbəxt, qayğısız ömrünü yox, milyonların qayğılı həyatını yaşadı.
Ümummilli Lider Heydər Əliyev öz xalqının, vətəninin xoşbəxtlyi və azadlığı uğrunda canından belə keçməyə hazır olan fədakar insan idi. Belə şəxsiyyətləri tarix nadir hallarda yetişdirir və onların zəngin həyat təcrübəsindən mütəmadi bəhrələnmək hər bir insana uğur gətirər.
Ulu Öndər Heydər Əliyev sözün əsl mənasında, yüksək ideyalar carçısı idi. Ən müqəddəs idealı Azərbaycanı azad, firavan və qüdrətli ölkəyə çevirmək idi. O bu amal yolunda ömrünü şam kimi əritdi. Azərbaycanı yaşadan, xalqı üçün yaşayan, hamımızın qəlbində əzəmətli bir abidə quran əyilməz, qüdrətli liderimiz Heydər Əliyev bu sözləri demişdir:“Mən bütün həyatımı xalqıma xidmət etməyə həsr etmişəm. Bundan sonra da bu yolla gedəcəyəm. Başqa yolum yoxdur. Vətənimə, xalqıma millətimə hədsiz məhəbbət, müstəqil Azərbaycan dövlətinə, Azərbaycan Respublikasına hədsiz məhəbbət mənim həyatımın mənasıdır, məzmunudur”.
Heydər Əliyev güclü siyasətçi, mahir diplomat idi. Müdrik sərkərdə idi. Heydər Əliyev ideyalarının əsas bütöv məqsədi, məqamı Azərbaycanın əbədi azadlığı idi.
Ulu Öndər Heydər Əliyev öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, Vətəninə və dövlətinə həsr edib, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərib. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulub, ölkəmiz dünya məkanında öz layiqli yerini tutub.
Müasir Azərbaycanın hər bir sahədəki uğuru Heydər Əliyev imzası ilə bağlıdır. Ulu Öndərin arzusunda olduğu, lakin ömrü vəfa etmədiyi üçün başa çatdıra bilmədiyi ən birinci vəzifə isə Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi idi. Həmin dövrdə Ermənistan rəhbərliyinin təkəbbürlü nadanlığı, beynəlxalq güclərin ikiüzlülüyü, imperialist dövlətlərin Qafqazda maraqlarının toqquşması Qarabağ məsələsinin diplomatik yolla həllinə imkan vermədi. Müharibə yolu ilə məsələnin həlli üçün qüdrətli dövlət, güclü iqtisadiyyat və qabiliyyətli ordu yaratmaq, beynəlxalq ictimaiyyətin nüfuzunu və dəstəyini qazanmaq üçün uzun zaman, məqsədyönlü fəaliyyət, dəqiq proqram, böyük siyasi iradə, gərgin zəhmət lazım idi. Tanrı bu missiyanı Ali Baş Komandan İlham Əliyevin qismətinə yazmışdı. Prezident İlham Əliyev ordumuz və xalqımızla birlikdə bu işi bacardı. Əminik ki, bu gün daim azərbaycanlı olması ilə fəxr edən Heydər Əliyevin ruhu şaddır. Xilaskarı olduğu müstəqil Azərbaycanın ərazi bütövlüyü onun ideya və əməllərini davam etdirən, yarımçıq qalmış arzuları ilə bağlı vəsiyyətlərini gerçəkləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bərpa edilib, 30 ildən bəri düşmən nəzarətində olan Qarabağ əbədi azadlığına qovuşub. Xalqının və dövlətinin gələcəyi naminə böyük işlər görmüş dahi insanı hər zaman qürur hissi ilə xatırlayacağıq. Həyatını doğma xalqına həsr edərək onun böyük inamını qazanan, ləyaqətli şəkildə dövlətinə xidmət göstərən vətən oğlunun milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin qorunmasında, mədəniyyətimizin zənginləşdirilərək inkişafında böyük xidmətləri olub. Ulu Öndərimizi dərin hörmət və sayğı ilə ürəklərdə yaşadırıq. Onun yüksək ideyalarını yaşatmaq naminə ölkəmizin tərəqqisi üçün vəzifələrimizi layiqincə yerinə yetirməli, əzmkarlıqla çalışmalıyıq.
Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondu da xeyirxahlıq, sülh, insanpərvərlik kimi bəşəri amallar uğrunda nəcib fəaliyyəti ilə ölkədə həyata keçirilən çoxşaxəli islahatlara dəyərli töhfələr verir, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Fondun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşdırılan çoxsaylı layihələr, həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verməklə xalqımızın Heydər Əliyevə olan sevgisini daha da gücləndirir.
Heydər Əliyev bütün varlığı, sevdiyi və canından əziz bildiyi doğma xalqının mənafelərini daim önə çəkmiş və respublikamızın inkişafı üçün malik olduğu bütün imkanlardan istifadə etmişdir. Heydər Əliyevin zəngin həyat yolu və müstəsna fəaliyyətinin bütün mərhələləri bir-birini tamamlamış öz xalqına sıx bağlılığın milli dövlətçilik məfkurəsinə sadiqliyin canlı təcəssümü olmuşdur. Ümummilli Lider həm də Azərbaycan tarixində ən görkəmli dövlət xadimi kimi əbədi bir milli sərvət - Heydər Əliyev dövlətçilik məktəbini yaratdı. Ulu Öndərin 2003-cü ildə tarixi müraciətində xalqa müəyyənləşdirdiyi siyasəti davam etdirə biləcək dəqiq ünvanı göstərdi: "İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm". Zaman Heydər Əliyevin bu inamını təsdiq edir və Ümummilli Liderin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, öz müdrik siyasəti ilə ölkəmizi irəli aparır.
Ulu Öndərin əsas arzularından biri də məhz düşmən tapdağında olan ərazilərimizin işğaldan azad edilməsi və ölkəmizin ərazi bütövlüyünün bərpası idi. Ömrünü xalqına həsr edən dahi şəxsiyətin bu arzusu isə Vətən müharibəsində əldə etidiyimiz möhtəşəm Zəfərlə gerçəkləşdi. Müzəffər Ali Baş Komandan cənab Ilham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyü və suverenliyini bərpa etdi.
Bütün bu möhtəşəm uğurlar isə məhz ulu öndər Heydər Əliyevin siyasi kursu və amalları əsasında həyata keçirilmiş düşünülmüş siyasətin nəticəsində qazanılmışdır. Azərbaycan bu gün hərtərəfli və dinamik inkişaf yolundadır, həyatımızın bütün sahələrində yüksəliş, tərəqqi var. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə qazanılan nailiyyətlər xalqımız tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətə alternativ görmür. Tam əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və qalib gəlir, Azərbaycan xalqını daha böyük qələbələrə aparır.
Xalq yolunda canını fəda etmiş, bütün həyatı boyu Vətənini və millətini düşünmüş Ümummilli Liderimizin ideyaları daim yaşayacaq. Azərbaycan xalqı, bütün türk dünyası onu heç vaxt unutmayacaq.
Məmnunluqla qeyd edilməlidir ki, Ulu Öndər Heydər Əliyevin ideyaları yaşayır və hər zaman yaşayacaq. Çünki bugünkü və gələcək inkişafımız Heydər Əliyevin qurduğu bünövrə üzərindədir, onun müəyyənləşdirdiyi inkişaf siyasəti Azərbaycan xalqının daim firəvanlığına, əminamanlığına, sabitliyinə, rifahına xidmət edir və edəcək. Azərbaycanın müasir tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.
Ümummilli Lider Heydər Əliyevin 12 dekabr anım günündə Fəxri xiyaban yenə də insan selinə darlıq etdi ki, bu da xalqın öz əvəzedilməz Ulu Öndərinə tükənməz sevgisidir.
Nə qədər Azərbaycan var, Ulu Öndər Heydər Əliyev yaşayır və yaşayacaqdır.
Zəminə ƏLİYEVA,
Çöl Beşdəli bələdiyyəsinin sədri