Noyabrın 9-da Özbəkistanın paytaxtı Daşkənd şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 16-cı Zirvə toplantısı keçirildi. Toplantıdakı çıxışında “Yaşıl keçid və qarşılıqlı əlaqələr” ilində Azərbaycanın sədrliyi çərçivəsində reallaşan tədbirlərin və təşəbbüslərin tərəfdaşlığımızın genişlənməsinə böyük töhfə verdiyini vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Bakıda Təmiz Enerji Mərkəzinin və Regional Elektrik Bazarının təşkili istiqamətində əməli tədbirlər həyata keçirildiyini, həmçinin ekologiya sahəsində də yüksək səviyyəli dialoq platforması yaradıldığını xüsusi vurğuladı. Bildirdi ki, turizm sektorunda əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə ilk dəfə olaraq tur-operatorlar şəbəkəsi formalaşdırılıb və Təhlükəsiz Turizmin İnkişafı Proqramı təsdiq edilib. Qeyd edilənlər Azərbaycanla İqtisadi Əməkdaşlıq Təşkilatı , həmçinin quruma üzv olan dövlətlər arasında əlaqələrin yüksələn xətlə inkşaf etdiyini təsdiqləyir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısındakı çıxışında ötən il Özbəkistana bir dövlət, iki işgüzar səfər etdiyini xatırlatmaqla münasibətlərimizin bugünkü inkişaf səviyyəsinə aydınlıq gətirdi. Eyni zamanda, bu mühüm məqam da diqqətə çatdırıldı ki, Şavkat Mirziyoyev yenidən Prezident seçildikdən sonra ilk dövlət səfərini Azərbaycana etdi. Bu, iki ölkə arasında əlaqələrin yüksək səviyyədə olduğunu nümayiş etdirməklə yanaşı, türk dünyasının birliyinin təqdimatı oldu.
Ölkəmizin yerləşdiyi coğrafi məkan dövlətlər və xalqlar arasında körpü rolunu oynayır. Dövlət başçısı İlham Əliyevin Zirvə toplantısındakı çıxışı ölkəmizin iqtisadi uğurlarının təqdimatı oldu. Bildirildi ki, Azərbaycanın nəqliyyat və logistika infrastrukturu ECO-nun üzv dövlətləri üçün açıqdır. Son illərdə Azərbaycan özünün nəqliyyat infrastrukturuna milyardlarla dollar həcmində sərmayə qoyub. Bunun sayəsində Avrasiyanın Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşən nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Hər iki dəhlizin Azərbaycandan keçən hissələri tam hazırdır. Artıq bu dəhlizlər boyu dəmir yolu xətlərinin yükaşırma qabiliyyətinin genişləndirilməsi üzərində işlər gedir.
Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi dahi rəhbərin uzaqgörən siyasətinin nəticəsi idi. Azərbaycan qısa müddətdə böyük investisiyalar məkanına çevrildi. Bu, Azərbaycana beynəlxalq səviyyədə inamın və etimadın göstəricisidir. Yaradılan əlverişli biznes və investisiya mühiti, Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi tanınması, regionda əlverişli mövqeyə malik mühüm tranzit mərkəzinin formalaşması ölkəmizin investisiya qoyuluşu baxımından cəlbediciliyini artırır. 2003-cü ildən etibarən neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişaf etdirilməsi Azərbaycanın bütün çətinliklərdən uğurla çıxmasında əhəmiyyətli rol oynadı. Dövlət başçısı İlham Əliyevin “Neft kapitalını insan kapitalına çevirək!” tezisinin həyata keçirilməsi istiqamətində atılan mühüm addımlar bugünkü reallıqlarda özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə həyata keçirilən iqtisadi siyasət, aparılan islahatlar nəticəsində respublikamızda güclü iqtisadi potensial formalaşmışdır. Azərbaycanda bu gün geniş və hərtərəfli infrastrukturun qurulması, yüzlərlə müasir müəssisənin fəaliyyətə başlaması da məhz bunun nəticəsidir. Dövlət başçısı İlham Əliyev Zirvə toplantısında bu statistik rəqəmi açıqladı ki, ümumiyyətlə, son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar həcmində sərmayə qoyulub. Bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Bu, ölkəmizdə mövcud olan münbit və əlverişli sərmayə mühitinin nəticəsidir.
Prezident İlham Əliyev Zirvə toplantısında Azərbaycanın neft və qaz ehtiyatları ilə zəngin olmasına baxmayaraq, bərpaolunan enerji sektorunun inkişafına xüsusi diqqət yetirildiyini önə çəkib. Dövlət başçısı bu rəqəmləri toplantı iştirakçılarının diqqətinə çatdırıb ki, ölkəmizin bərpaolunan enerji potensialı quruda 37 qiqavat külək və günəş enerjisi, Xəzər dənizinin ölkəmizə məxsus sektorunda isə 157 qiqavat külək enerjisi təşkil edir. Azərbaycan yaxın gələcəkdə yaşıl və hidrogen enerjisinin ixracatçısına çevriləcək. Dünyanın aparıcı yaşıl enerji şirkətləri olan xarici investorlarla imzalanan sazişlərə və anlaşma memorandumlarına əsasən, qarşıdakı illərdə Azərbaycanda istehsal ediləcək bərpaolunan enerji 10 qiqavata çatdırılacaq. İşğaldan azad edilmiş Qarabağda və Şərqi Zəngəzurda 2021-2023-cü illər ərzində 170 meqavat gücündə hidroelektrik stansiyalar tikilərək istifadəyə verilib. 2024-cü ilin sonuna qədər bu rəqəm 270 meqavata çatdırılacaq. Bir neçə ildən sonra erməni işğalından azad edilmiş ərazilərdə hidroelektrik stansiyaların ümumi gücü 500 meqavat təşkil edəcək.
İstər İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısındakı çıxışlar, istərsə də tədbir çərçivəsində dövlət başçısı İlham Əliyevin keçirdiyi ikitərəfli görüşlər Azərbaycana verilən önəmə və dəyərə bir daha işıq saldı. Qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsinin bölgədə davamlı sülhün təmin olunmasında xüsusi rol oynayacağını vurğulayaraq bildirdi ki, Qarabağda 30 ildən artıq davam edən işğalın tamamilə aradan qaldırılması ilə bölgəmizdə davamlı sülhə daha bir addım yaxınlaşdığımızı görürük. Ermənistanın Azərbaycan qarşısındakı öhdəliklərini yerinə yetirməsi bunu asanlaşdıracaq. Azərbaycanın qərb bölgələri ilə Naxçıvanı birləşdirəcək nəqliyyat xətlərinin ən yaxın dövrdə yaradılması da xüsusi strateji əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin Pakistan İslam Respublikasının Keçid Hökumətinin Baş naziri Ənvər-ul-Xak Kakar, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşlərində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam təmin olunması istiqamətində atdığı addımlar təqdir edildi. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin yaradılması fonunda nəqliyyat və logistika sahəsində əlaqələrin daha da dərinləşdirilməsi üçün geniş imkanların yaranacağına əminlik ifadə olundu.
Hər bir beynəlxalq əhəmiyyətli tədbir Azərbaycan həqiqətlərinin, 30 il davam edən işğal dövrünün reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında növbəti platformaya çevrilir. Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında bir daha diqqəti bu reallığa yönəldib ki, Ermənistan Azərbaycanın 20 faizə yaxın ərazisini təqribən 30 il ərzində işğal altında saxlamışdır. Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı öz dədə-baba yurdlarından qovulmuş, qaçqın və məcburi köçkünə çevrilmişdir. 2020-ci ildə Azərbaycan BMT Nizamnaməsindən irəli gələn legitim özünümüdafiə hüququndan istifadə edərək Vətən müharibəsində Ermənistanı döyüş meydanında məğlubiyyətə uğratdı, BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və 27 il ərzində kağız üzərində qalmış dörd qətnamənin icrasını özü təmin etdi. Ərazi bütövlüyümüzü və suverenliyimizi güc yolu ilə, beynəlxalq hüquqa və BMT Nizamnaməsinə uyğun olaraq bərpa etmişik. Cari ilin sentyabrın 19-20-də keçirilmiş birgünlük lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Qarabağdakı qanunsuz separatçı rejimin mövcudluğuna son qoydu və özünün beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi.
Azərbaycan İqtisadi Əməkdaşlıq Təşkilatının işinə böyük əhəmiyyət verir və bu qurumun fəaliyyətinə töhfələrini davam etdirir. Ölkəmiz təşkilatın bir sıra toplantılarına uğurla ev sahibliyi edib. Belə ki, təşkilatın 9-cu və 12-ci Zirvə toplantıları müvafiq olaraq 2006-cı və 2012-ci illərdə Bakıda reallaşıb. Bu il oktyabrın 10-da isə Şuşada İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclası keçirilib. Eyni zamanda, Şuşa şəhəri 2026-cı il üçün ECO-nun turizm paytaxtı elan edilib. Dövlət başçısı İlham Əliyev xüsusi vurğulayıb ki, Azərbaycan ECO-nun üzv dövlətləri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığı daha da genişləndirməkdə qərarlıdır və təşkilatın növbəti Zirvə görüşünə ev sahibliyi etməyə hazırdır.
Elçin Nəsibov,
Sabirabad rayonu "Muğanın Səsi" qəzetinin baş redaktoru