“Şadam ki, gənc nəsil də-füzulililərin gənc nəsli də öz doğma torpağına gəlməyə qərar verdi. Bu, doğrudan da böyük hadisədir, çünki uşaqlar, yeniyetmələr, gənc nəsil
bu torpaqları görməyiblər”. Oktyabrın 17-də “Füzuli Şəhəri Günü”ndə Füzuli şəhərinə
köçmüş sakinlər və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə Prezident İlham
Əliyevin səsləndirdiyi bu fikirlər bir daha təsdiqləyir ki, biz öz doğma diyarımıza bağlı
olan xalqıq. Bu, xalqımızın böyüklüyünü göstərir. İşğal dövründə bəziləri, xüsusilə
xaricdəki bəzi dairələr hesab edirdilər ki, illər keçdikcə Azərbaycan xalqı öz torpaqlarını
unudacaq, gənc nəsil, ümumiyyətlə, tam başqa bir tərzdə tərbiyə alacaq. Qloballaşan
dünya haqqında bir çox fərziyyələr irəli sürülürdü. Ancaq o təhlilçilər və eyni zamanda,
siyasi müstəvidə olanlar bir şeyi anlaya bilməmişlər ki, Azərbaycan xalqının öz doğma
diyarına nə qədər böyük sevgisi var, biz nə qədər doğma diyara bağlıyıq”, - deyə
Prezident bildirib.
Azərbaycan işğaldan azad olunmuş ərazilərdə yaşayış məntəqələrinin bərpasında
yeni yanaşmalar tətbiq edir. Belə ki, Prezident İlham Əliyevin tapşırıqlarına uyğun
olaraq bütün yaşayış məntəqələrinin bərpasında “Ağıllı kənd” və “Ağıllı şəhər”
konseptlərindən istifadə olunur. İlk belə layihə Zəngilan rayonunun Ağalı kəndində
reallaşdırılıb. Füzuli rayonunun yaşayış məntəqələri də müasir tələblər səviyyəsində
bərpa olunacaqdır. Hazırda burada regionun simasını dəyişdirəcək irimiqyaslı
infrastruktur layihələr icra olunmaqdadır. Cəmi səkkiz ay ərzində inşa olunmuş Füzuli
Beynəlxalq Hava Limanı Qarabağın logistik əhəmiyyətini əsaslı şəkildə artırdı.
“Böyük Qayıdış Proqramı”nın birinci mərhələsinin sonunda, yəni 2026-cı ilin
sonunadək Füzuli rayonunda yaşayan insanların sayı 22 min, ümumilikdə isə Qarabağ
və Şərqi Zəngəzurda 140 min nəfərin yaşayacağı proqnozlaşdırılır. Görülən bütün işlər,
aparılan islahatlar məhz bu istiqamətdədir və burada icra olunan bütün layihələr dünya
miqyasında şəhərsalma prinsiplərinin yeni qaydalarını təsbit edir. İşğaldan tam azad
olunmuş Füzulidə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin şəxsi
təşəbbüsü ilə müasir standartlara cavab verən yeni məktəb, Qazaxıstan Prezidentinin
təşəbbüsü ilə qazax xalqının böyük oğlu Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin
yaradılması xalqlarımız arasında dərin dostluğun rəmzidir və inşa olunan yeni
müəssisələr burada yaşayan uşaqların yüksək səviyyədə təhsil almalarına, asudə
vaxtlarının maraqlı, əlverişli keçirmələrinə şərait yaradacaqdır.
Füzuli azad edilmiş rayonlar arasında minaların sayına görə ən çox çirkləndirilmiş
rayondur. İlkin hesablamalara görə rayonda yüz mindən çox mina basdırılıb. Rəsmi
İrəvan törətdiyi vandalizm aktları və hərbi cinayətlərinə görə məsuliyyət daşımalıdır.
Erməni hərbi birləşmələrinin təxribatı nəticəsində mülki əhaliyə, dövlət əmlakına,
infrastruktur obyektlərinə, habelə sahibkarlıq subyektlərinə dəyən ziyanın
qiymətləndirilməsi üçün bütün lazımi tədbirlər görülür. Dağıntı və ziyanın
müəyyənləşdirilməsi üçün işçi qrup tərəfindən qiymətləndirmə işləri aparılır. Yerli və
xarici ekspertlərin iştirakı ilə aparılan bu işlər nəticəsində erməni vandalizminə adekvat
qiymət veriləcəkdir.
Həmçinin qeyd etmək lazımdır ki, Füzuli uğrunda aparılmış döyüşlər Vətən
müharibəsi zamanı ən ağır döyüşlərdən olmuşdur. Füzulidə yerləşən bir neçə müdafiə
xəttinin yarılması Azərbaycana strateji üstünlüklər vermişdir. Bilirik ki, 30 il ərzində
düşmən təmas xəttində möhkəm istehkam qurmuşdu. Hətta ən tanınmış hərbi
mütəxəssislər də belə fikirdə idi ki, Füzulini işğaldan azad etmək üçün bəlkə aylarla vaxt
lazım olacaq. Füzuli uğrunda döyüşlərdə Ordumuzun şücaəti qarşısında düşmən son
mərhələdə öz silahlarını yerə qoyub qaçmışdır.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamı ilə “Füzulinin azad
olunmasına görə” medalı təsis edilmiş və Füzuli rayonunun işğaldan azad edilməsi
uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş
etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 25325 hərbi qulluqçusu ilə bu
medal ilə təltif olunmuşdur. Eyni zamanda cənab Prezidentin 31 iyul 2023-cü il tarixli
Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər
günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 17 oktyabr “Füzuli şəhəri günü”
kimi müəyyən olunub.
İşğaldan azad olunmuş ərazilərdə insanların rahat yaşaması dövlətin prioritet
vəzifələrindəndir. Bu baxımdan bütün layihələri icra edərkən məşğulluq məsələlərinə də
böyük diqqət yetirilir. Aidiyyəti dövlət qurumları bu məsələ ilə də bağlı ciddi addımlar atır
ki, burada yerləşən insanların məşğulluq imkanları yüksək səviyyədə olsun. Həm
şəhərin özündə, həm də kəndlərdə yaşayacaq vətəndaşlar dövlət tərəfindən mavafiq
avadanlıqlar, texnika, mal-qara, bütün lazımi vasitələrlə təmin olunacaqdır. Bu
ərazilərdə xüsusi özünüməşğulluq proqramı icra ediləcəkdir ki, qısa zaman ərzində
nəticə əldə olunsun. Və müəyyən müddətdən sonra Qarabağ Azərbaycan
iqtisadiyyatında bir təkanverici qüvvəyə çevriləcəkdir.
Müharibə başlayarkən xalqımızın qələbəyə olan inamı kimi, işğaldan azad
olunmuş ərazilərin də tezliklə cənnətə çevriləcəyinə heç kim şüphə etmir. Öz
Prezidentinə arxalanan xalqımız 20 il bundan öncə etdiyi seçimdən məmnundur və
Vətən Müharibəsi dövründə olduğu kimi, yenə də Müzəffər Ali Baş Komandanın
ətrafında sıx birləşərək Dəmir Yumruq kimi möhkəm dayanmışdır. Xalqımız əmindir ki,
ölkə başçısı Cənab İlham Əliyevin rəhbərliyi ilə bütün planlarımız qısa müddət ərzində
həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın
ən gözəl yerlərindən birinə çevriləcəkdir.
Vüqar Soltanov,
Sabirabad RİHB aparatının İnformsiya təminatı və təhlil sektorunun aparıcı məsləhətçisi