İlham Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində Ümumilli lider Heydər Əliyevin ailəsində dünyaya gəlmişdir. 1966-1977-ci illərdə orta təhsilini Bakıdakı 6 saylı orta məktəbdə alan İlham Əliyev ali təhsilini 1977-1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda alıb. 1982-ci ildə həmin institutun aspiranturasına daxil olub və 1985-ci ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini alıb.
Prezident İlham Əliyev 1985-1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda müəllim vəzifəsində çalışmışdır.1991-1994-cü illər ərzində özəl biznes sahəsində çalışan İ. Əliyev bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib. 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. 1995-ci və 2000-ci illərdə Azərbaycan Respublikasının Milli Məclisinə üzv seçilib. 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. 1999-cu ildə Yeni Azərbaycan Partiyası sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib. 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqına 01.10.2003-cü il tarixli müraciəti: “Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn Prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
Xalq bu müraciəti bir ata sözü kimi qəbul edərək,onun siyasət aləmində layiqli davamçısı olan İlham Əliyevə etimad göstərərək 2003,2008,2013,2018 -ci illərdə onu ölkə prezidenti seçmişdir.Bu illər ərzində o,prioritet məsələ olaraq ordu quruculuğuna xüsusi diqqət ayırmışdır. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Ötən dövrdə Silahlı Qüvvələrin maddi-texniki təchizatının yenilənməsi, müasir infrastrukturun yaradılması, hərbi qulluqçuların sosial müdafiəsi, mənzil təminatının yaxşılaşdırılması, həmçinin müdafiə sənayesinin inkişaf etdirilməsinə Prezident İlham Əliyev tərəfindən xüsusi diqqət ayrılıb.Nəqliyyat infrastrukturunun yenidən qurulması, qaçqınların və məcburi köçkünlərin rifahının yaxşılaşdırılması üçün, regionların və qeyri-neft sektorunun inkişafı sahəsində müxtəlif proqramların həyata keçirilməsi üçün fərmanlar imzalamışdır. Prezident İlham Əliyevin yürütdüyü siyasət müasir Azərbaycanın güclənməsinə, milli-mənəvi dəyərlərimizin ən yüksək səviyyədə qorunmasına xidmət etdi. Dünyada tolerantlıq məkanı kimi tanınan Azərbaycan Prezident İlham Əliyevin xidmətləri sayəsində mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məkanı kimi tanındı.
Beynəlxalq aləmdə Ermənistanın təcavüzkar dövlət kimi tanınması üçün, münaqişənin dinc yolla həllinə çalışılsa da erməni tərəf status kvoda israr etdi, hətta bir qədər də irəli gedərək ,erməni Baş Nazir Qarabağ Ermənistandır və nöqtə deyir.Valday konfransında İlham Əliyev xalqının adından “Qarabağ Azərbaycandır və nida “deməklə,onu nəinki susdurur, hətta onu digər iştirakçılar qarşısında təlxək vəziyyətinə salır.
Əzəli Azərbaycan torpaqlarında qeyri-qanuni seçkilər keçirərək, 2020-ci ilin iyulun 12-də Tovuz rayonuna hücum edən düşmən öz layiqli cavabını alsa da bu onun üçün böyük sonun başlanğıcı oldu. Avqustda ölkə ərazisinə göndərilən diversiya qrupunun komandiri əsgərlərimizin sayıqlığı nəticəsində ələ keçirilir . 27 sentyabr 2020-ci ildə səhər saatlarında olunan hücum ordumuzun cavabını gecikdirmədi.”44 günlük Vətən müharibəsi “Xalq-Prezident-Ordu birliyinin nə qədər möhkəm əsaslara malik olduğunu bir daha bütün dünyaya sübut etdi. Ordumuz düşmənə qarşı döyüş meydanında mübarizə aparanda Prezidentimiz də xalqımııza qarşı Avropa ölkələri tərəfindən başlamış informasiya müharibəsində xalqının mənafeyini böyük əzmlə,yeri gələndə avropalı müxbirləri layiq olduqları kimi daha kəskin cavablarla yerlərində oturdaraq müdafiə edirdi.
Şuşanın azad edilməsi xəbərini Şəhidlər Xiyabanından xalqa çatdıran Prezident həm də ata vəsiyyətini yerinə yetirdiyi üçün özünü xoşbəxt hiss etdiyini dedi . Bu sözlər onun kiçikdən böyüyə hər kəsin qəlbini fəth etməsinə ,onu öz ailə üzvü qədər sevməsinə səbəb oldu. Bu sevgini sözlə ifadə etmək çox çətindir. Müharibənin nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın 9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Xalqımızın Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında Sərəncam imzalayıb, həmçinin Hərbi Qənimətlər Parkının salınmasının ideya müəllifi olub. Vətən Müharibəsində qələbə münasibətilə “Zəfər” və “Qarabağ” ordenləri, həmçinin 15 yeni medal təsis olunub - “Vətən Müharibəsi Qəhrəmanı”, “Cəsur döyüşçü”, “Döyüşdə fərqlənməyə görə”, “Suqovuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Zəngilanın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Ağdamın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” və “Vətən müharibəsində arxa cəbhədə xidmətlərə görə”. Həmin orden və medalların təsis olunması Qələbənin əbədiləşdirilməsinin və müharibə iştirakçılarına göstərilən ali diqqətin təzahürüdür.15 iyun 2021-ci ildə qardaş Türkiyə ilə bağlanan “Şuşa Bəyannaməsi “ qələbəmizdən təşvişə düşən dövlətlərə əla mesaj oldu.
Prezident İlham Əliyevin 16.11.2022-ci il tarixli 3587 nömrəli Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır.
İşğaldan azad olunmuş ərazilərə Prezidentimizin və onun ailə üzvlərinin vaxtaşırı səfəri, görülən işlərə şəxsi nəzarəti onun regionun inkişafında və əhalinin öz ata-baba yurdlarına köçürülməsində nə qədər diqqət ayırdığının açıq təzahürüdür.
Kamran Mirzəyev,
Sabirabad bələdiyyəsinin sədri