Oktyabrın 11-də Prezident İlham Əliyev MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri şurasının 53-cü iclasının iştirakçılarını qəbul edərkən Fransanın tutduğu qərəzli mövqe haqda da danışıb. Prezident deyib ki, Azərbaycan 30 il ərzində işğala məruz qalsa da, Qərbdəki erməni havadarları Azərbaycana qarşı iyrənc təxribata və yalançı kampaniyaya əl ataraq hər şeydə dövlətimizi ittiham edirlər:
“Burada əsas skripkanı çalan Fransadır və bu, həm sözügedən ölkənin rəsmi şəxslərinin bəyanatlarında, həm Azərbaycanın diskreditasiya edilməsi cəhdlərində, həm də Azərbaycana qarşı aparılan və hər şeyin alt-üst şəkildə təqdim edildiyi media kampaniyasında özünü büruzə verir. Azərbaycan işğalçı kimi təqdim edilir, Ermənistan isə qurban kimi qələmə verilir… Biz indi Azərbaycana qarşı aparılan misli görünməmiş informasiya müharibəsi ilə üz-üzə qalmışıq. Biz, əlbəttə, öz gücümüzlə buna müqavimət göstəririk, baş verənlərlə bağlı həqiqətləri çatdırmağa çalışırıq və çatdırırıq. Ancaq başa düşmək lazımdır ki, güclər qeyri-bərabərdir. Çoxillik müstəmləkəçilik tarixinə malik Fransa kimi ölkələrin dünya üzrə media resursları bizdəkindən qat-qat çoxdur”, – Prezident qeyd edib.
Həqiqətən bu gün Azərbaycana qarşı genişmiqyaslı informasiya müharibəsi aparılır və bu işin başında Fransa dayanır. Yəni həm cəmiyyət, həm də erməni lobbisi səviyyəsində bu işlər aparılır. Təəssüf ki, Avropanın digər ölkələrində də informasiyanı birinci mənbədən deyil, daha çox başqa qaynaqlardan, xüsusən də erməni mənbələrindən alıb, onun əsasında Azərbaycana qarşı informasiya müharibəsi aparırlar.
Əlbəttə ki, Fransa, ABŞ güclü ölkədir, amma bunların hamısından güclü olan həqiqətdir. Bu həqiqəti də yaymaq üçün isə hesab edirəm ki, Azərbaycan özünün texnoloji kontinenti və metodları birləşdirən mexanizm hazırlamalı, müxtəlif vasitələrdən istifadə etməlidir. O cümlədən diplomatik kanallar, qeyri-hökumət, müstəqil insanlar səviyyəsində, Azərbaycan cəmiyyətinin dünyada tanınan ayrı-ayrı şəxsiyyətləri vasitəsilə bu informasiyanı yaymağın effektli yollarından istifadə edilməlidir.
Birinci növbədə, dünyanın ən aparıcı media qurumları ilə birbaşa əlaqələri gücləndirməliyik. Yəni mütəmadi, ardıcıl, davamlı şəkildə əlaqələr qurulmalıdır. Həmçinin böyük yayım şirkətlərinin Azərbaycanda nümayəndəlikləri yaradılmalıdır. Bu gün dünya ikili standartların üzərindədir və bunun aradan qaldırmaq üçün çox effektli mexanizmlər istifadə olunmalıdır.
Son antiterror tədbirləri zamanı Azərbaycanın adı dünya mediasının gündəmi olub. Dünya ictimai rəyini müəyyən edən media qurumları Azərbaycan və Qarabağ məsələsinə çox ciddi şəkildə yer ayırdılar. Lakin məsələyə qərəzli yanaşan, onu kontekstdən çıxaran, fərqli mövqe nümayiş etdirən KİV-lər arasında Fransada mənzillənmiş və dünya ictimai rəyində tanınan KİV qurumları xüsusilə “fərqləndirlər”. Fransa mətbuatı ermənipərəst mövqe tuturlar və əksəriyyəti erməni lobbisinin, erməni diaspor təşkilatlarının təsiri altındadırlar. Fransa mediasının da ikili mövqedən çıxış etməsi, məsələlərə qərəzli yanaşması əslində Fransanın mövqeyi ilə bağlıdır.
Beləliklə, xaricdə ölkəmizə qarşı informasiya müharibəsində uğur əldə etmək üçün biz, Azərbaycan ictimaiyyəti, cəmiyyəti olaraq müharibə dövründə necə vahid cəbhədən çıxış edib, qalib gəldiksə, eləcə də informasiya savaşı məsələsində də vahid mövqedən çıxış etməliyik. Bizim də diaspor təşkilatları, lobbi qrupları, xaricdə fəaliyyət göstərən səfirliklərimiz, eyni zamanda jurnalistlərimiz, media təmsilçilərimiz, sosial şəbəkə istifadəçiləri hər biri bir məzmun yaratsalar, bu işə töhfə verə bilərlər.
Aris Qarayev,
Sabirabad rayon Hidrometrologiya idarəsinin rəisi