• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə yeni sahələri əhatə edəcəkdir

  • 10.10.2023, 00:42, Baxış sayı:
  • 195
Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə yeni sahələri əhatə edəcəkdir
Oktyabr ayının 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə Gürcüstanda işgüzar səfərdə olub. Həmin gün Dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü keçirilib. Həmçinin iki dövlətin rəhbərləri Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş “The Architect of Prosperity” – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin oktyabrın 8-də Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Burada qeyd etmək yerinə düşər ki, bu səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır. Gürcüstanda 2014-cü ildə aparılan son siyahıyaalmaya əsasən, bu ölkədə tarixən yığcam halda yaşayan azərbaycanlı əhalinin sayı 233 min nəfər təşkil edib.
Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Belə ki, Azərbaycan ilə Gürcüstan arasında iqtisadi sahədə münasibətlər yüksək səviyyədədir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya qoyulub.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Humanitar sahədə də əməkdaşlıq əlaqələri genişdir. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib.
Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və Nəriman Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Ölkələr arasında regionlararası əməkdaşlıq həmçinin yüksələn xətlə davam edir. Belə ki, iki ölkənin bir sıra şəhərləri arasında birbaşa əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan ilə Gürcüstanın bir sıra şəhərləri – Gəncə və Kutaisi, Sumqayıt və Rustavi, Naxçıvan və Batumi, Şəki və Telavi, Bakı və Tbilisi, Şəmkir və Marneuli, Ağstafa və Qardabani, Göygöl və Bolnisi, Daşkəsən və Dmanisi arasında “qardaşlaşma” əlaqələrinə dair müvafiq memorandumlar imzalanıb.
Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.
Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər üçün Gürcüstanı təklif edib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası və cənab Prezidentin Gürcüstana bu səfərinin nəticələri onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.

Şafiq Heydərov,
Sabirabad rayon Suvarma sistemləri idarəsinin rəisi
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter