Bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünya dövlətləri üçün bir nümunə təşkil edir
- 09.10.2023, 22:35, Baxış sayı:
- 179
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan əlverişli coğrafi yerindən, təbii potensialından səmərəli şəkildə yararlanaraq istər regionda, istərsə də dünyada öz mövqelərini möhkəmləndirir, iqtisadi qüdrətini durmadan artırır. Ölkəmizin regionda rolu, müəllifi olduğu qlobal layihələr ümumilikdə qonşu dövlətlər, o cümlədən dost Gürcüstanın iqtisadi inkişafı üçün əhəmiyyətilidir. Xüsusilə etiraf olunmalıdır ki, Azərbaycanın təşəbbüsü ilə ərsəyə gələn bu layihələr həm də iştirakçı ölkələr arasında dostluq münasibətləri yaradıb, yeni-yeni siyasi-iqtisadi əməkdaşlıqlara yol açıb. Bildiyimiz kimi, Ermənistanın uzun illər davam edən işğal siyasəti bütövlükdə regionun inkişafına mənfi təsir göstərirdi. Azərbaycan təcavüzkar dövlətin işğal siyasətini aradan qaldırmaqla yeni geosiyasi və geoiqtisadi reallıqlar formalaşdırıb, regionun inkişafı üçün yeni imkanlar yaradıb. Bu reallıqlardan çıxış edərək Azərbaycanın qonşu ölkələr üçün əhəmiyyəti aydın görünür, bilavasitə sabitliyin və təhlükəsizliyin qarantı kimi qəbul olunur.
Cənubi Qafqazın iki əsas dövləti – Azərbaycan və Gürcüstan yerləşdikləri regionun əhəmiyyətini yüksək dəyərləndirərək birgə əməkdaşlıq çərçivəsində uğurlu irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələri həyata keçiriblər. Gürcüstanın tranzit imkanları şərait yaradıb ki, Azərbaycan enerji resurslarını və digər yükləri dünya bazarına çıxara bilsin. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri dünya dövlətləri üçün bir nümunə təşkil edir, bütün aspektlərdə dövlətlərimizin anlaşa bilmədiyi məsələ yoxdur. Həmçinin hər iki ölkə mehriban qonşuluq prinsipinin əhəmiyyətini və faydalarını öz münasibətləri çərçivəsində sübut etməyi bacarıblar. Statistik məlumatlara əsasən, təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 771 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında isə ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını keçib, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Həmçinin ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Təbii ki, qeyd olunan rəqəmlər yüksək göstəricidir və bu sahədə genişlənən əməkdaşlığı əks etdirir.
İradə Abbasəliyeva,
1 saylı Sabirabad şəhər uşaq bağçasının müdiri