Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin dəvəti ilə oktyabrın 8-də Gürcüstana işgüzar səfərə gəlib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu gün Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
Səfər çərçivəsində dövlətimizin başçısının Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə təkbətək görüşü olub. Həmin gün Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili Tbilisidə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş "The Architect of Prosperity" – “Firavanlığın memarı” adlı fotosərgi ilə tanış olublar.
Sonra Tbilisidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatlarla çıxış ediblər. Dövlət rəhbərlərinin bəyanatlarında bir sıra vacib məsələlərə toxunulub.
Qeyd edilib ki, hər iki dövlətin liderləri ölkələrimiz və xalqlarımız arasındakı dostluq, qardaşlıq əlaqələrini gücləndirilməsi və möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəmirlər. Dövlət başçılarının ənənəvi görüşləri iki dost və qardaş ölkələrin bir-birinə daha yaxın olması, xalqlarımızın bir-biri ilə daha da sıx dostluq etməsinə xidmət edir. Əsrlər boyu bizim xalqlarımız mehriban qonşuluq və dostluq şəraitində yaşamışlar və bu gün də belədir. Bu dostluq əlaqələri həm ölkələrimiz üçün o cümlədən ilk növbədə Cənubi Qafqaz üçün çox vacib olan bir şərtdir.
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan öz enerji resurslarının Avropa bazarlarına çatdırılmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rol oynayır. Azərbaycanla Gürcüstanı təkcə iqtisadi amillər deyil, həm də tarixi köklər birləşdirir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Tbilisidə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ilə birgə mətbuata bəyanatında Prezident İlham Əliyev Azərbaycanın və Gürcüstanın hər zaman bir-birinin ərazi bütövlüyünü dəstəklədiyini vurğulayaraq bildirib: “Bütün beynəlxalq təşkilatlarda xalqlarımızın maraqlarını əks etdirən bu və ya digər məsələlərdə bir-birimizi dəstəkləyirik və bir-birimizin yanındayıq. Ölkələrin ərazi bütövlüyü beynəlxalq hüququn fundamental prinsipidir və ərazi bütövlüyünün pozulması qəbuledilməzdir”.
Həmçinin Prezident İlham Əliyev gələcəkdə Ermənistanla görüşlər üçün Gürcüstanı təklif edib. Gürcüstanın bu məsələdə mümkün vasitəçilik imkanlarını ortaya qoyduğuna görə Baş nazir İrakli Qaribaşviliyə minnətdarlığını bildirən dövlət başçısı qeyd edib: “Hesab edirəm ki, biz buna hazır olan ölkə kimi Ermənistandan da eyni yanaşmanı gözləməliyik. Əgər Ermənistan tərəfindən də razılıq olarsa, dərhal bizim aidiyyəti qurumların rəhbərləri Gürcüstanda həm ikitərəfli, həm də üçtərəfli görüşə gələ bilərlər”.
İki ölkə arasında münasibətlərə nəzər saldıqda qeyd etmək yerinə düşər ki, bugünkü səfər Prezident İlham Əliyevin Gürcüstana sayca 11-ci səfəridir. Azərbaycanla Gürcüstanı mehriban qonşuluq və tarixi dostluq əlaqələri, siyasi, iqtisadi, humanitar və digər sahələrdə strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Ölkələrimiz arasında mütəmadi olaraq yüksək rəsmilərin səfərləri də həyata keçirilir və bu, ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının əyani təzahürüdür.
İqtisadi əlaqələrimiz günü-gündən inkişaf edir. 2022-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi 771 milyon ABŞ dolları təşkil edib, ikitərəfli ticarətin saldosu isə müsbət 500 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını ötüb, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan ilə Gürcüstanın tarixi İpək Yolu üzərində yerləşməsi və ölkələrimiz tərəfindən birgə irimiqyaslı enerji və nəqliyyat layihələrinin icra edilməsi regionumuzdan keçən yük axınının həcmini dəfələrlə artırıb.
Ölkələrimiz arasında uğurlu regional əməkdaşlıq münasibətləri çərçivəsində irimiqyaslı qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin (Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu və s.) reallaşdırılması bölgədə sülhə və sabitliyə xidmət edir.
Humanitar sahədə də əməkdaşlıq əlaqələri genişdir. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib.
Gürcüstanda azərbaycanlılara aid Heydər Əliyev adına Tbilisi Dövlət Peşəkar Azərbaycan Dram Teatrı, “ERA Teatrı” və yeni yaradılmış “Beez” Uşaq teatrı fəaliyyət göstərir. Tbilisidə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi də mövcuddur. Bu muzey Mirzə Fətəli Axundzadənin, Cəlil Məmmədquluzadənin və Nəriman Nərimanovun ev-muzeylərini özündə birləşdirir.
Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
Aris Qarayev,
Sabirabad rayon Hidrometrologiya idarəsinin rəisi