• 09:00 – Ulu Öndər Azərbaycanda, hətta bütün Türk dünyasında böyük ehtiramla yad edilir 
  • 15:45 – Pensiyalar nə qədər artacaq? 
  • 10:58 – Mərkəzi Bazardakı yanğının vurduğu ziyanın miqyası məlum olub 
  • 20:12 – İş və istirahət günlərinin yerləri dəyişdirildi 
  • 17:09 – Müstəqil dövlətimizlə qürur duyur və fəxr edirik 

Andına və xalqına sadiq qalmış Ulu Öndər

  • 02.10.2023, 17:31, Baxış sayı:
  • 155
Andına və xalqına sadiq qalmış Ulu Öndər
Azərbaycanın müasir tarixində xalqın ədalətli seçimini, gələcək taleyini müəyyən edən əlamətdar günlər görkəmli dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil dövlətçiliyimizin həyatında belə günlərdən biri də 1993-cü ilin 3 oktyabr günüdür. Həmin gün keçirilən prezident seçkilərində xalqın mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçilən Ulu Öndərimiz 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, çoxlarına əfsanə kimi görünən qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaradıb.
1993-cü ilin 3 oktyabr seçimi həm də xalqın müstəqil Azərbaycanın gələcəyini müdrik rəhbərə həvalə etmək istəyinin təcəssümü idi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan görkəmli dövlət xadimi Heydər Əliyevin səyi nəticəsində ictimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edilib, ölkəmizdə möhkəm ictimai-siyasi sabitlik yaradılıb.
Heydər Əliyevin müdrik siyasəti nəticəsində ölkə iqtisadiyyatında tənəzzül prosesinin qarşısı alınıb, büdcə, vergi və pul-kredit siyasətində tarazlıq əldə olunub, inflyasiyanın səviyyəsi minimal həddə endirilib. Ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, “Əsrin müqaviləsi”nin imzalanması, vaxtilə çoxlarının əfsanə hesab etdiyi Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin çəkilişinin reallaşdırılması Azərbaycanda iqtisadiyyatın bütün sahələrinin inkişafına, yerli və xarici investisiyalar, müasir texnologiyalar, idarəetmə təcrübəsi cəlb etməklə rəqabətqabiliyyətli məhsul istehsal edən müəssisələrin yaradılmasına, infrastrukturun yeniləşməsinə, yeni iş yerlərinin açılmasına imkan verib.
Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biri də dövlət quruculuğunun hüquqi bazasının yaradılmasıdır. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan Respublikasının dövlət quruculuğunun əsası qoyulub. Ölkəmiz demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetlərini, hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi seçib.
Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində görülən əsas işlərdən biri də ölkənin dünya birliyinə inteqrasiyasının təmin olunmasıdır. Ulu öndər Heydər Əliyevin uğurlu xarici siyasət kursu nəticəsində beynəlxalq təşkilatlarla bərabərhüquqlu səviyyədə əməkdaşlıq müstəqilliyin əsas dayaqlarından birinə çevrilib.
Ulu Öndərin dövlətçilik konsepsiyasının uğurlu istiqamətlərindən biri də ölkəmizin 2001-ci il yanvarın 25-də Avropa Şurasına tamhüquqlu üzv qəbul olunmasıdır. Ümumiyyətlə, Heydər Əliyev siyasi kursu bütün istiqamətlərdə Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılması, möhkəmləndirilməsi və inkişaf etdirilməsi prinsipinə söykənir. Hüquqi dövlət quruculuğu, ölkənin iqtisadi və sosial inkişafı, milli təhlükəsizlik və xarici siyasət problemlərinin həlli, milli-mənəvi inkişaf istiqamətində görülən işlər bütünlüklə müstəqillik amilinin praktiki baxımdan bərqərar olmasına yönəlib.
Bu gün bizim hər birimiz fəxr edir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyev davam etdirir. Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.

Mahir Tarverdiyev,
Sabirabad Dövlət Sosial-İqtisad Kollecinin direktoru
Maqazin
  • Son əlavə olunanlar
  • Ən çox oxunanlar
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter