29 il bundan əvvəl, oktyabrın 3-də ölkədə keçirilən Prezident seçkilərində Azərbaycan xalqı böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Ölkəmizin tarixi üçün çox mühüm hadisə olan bu seçkilər müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu. 1991-1993-cü illər ölkəmizin müasir tarixində hərc-mərclik, özbaşınalıq və qeyri-peşəkar idarəetmə dövrü kimi xatırlanır. Hadisələri düzgün qiymətləndirə bilməyən həmin dövrün iqtidarı xalq qarşısında gündən-günə nüfuzunu itirir, baş vermiş proseslərdən düzgün nəticə çıxara bilmirdi. Belə bir vəziyyətdən çıxış yolunu axtaran Azərbaycan xalqı xilasını yalnız Heydər Əliyevin simasında görürdü. Dövlətçilik anlayışından bixəbər olan və hərbi birləşmələri əslində öz məqsədləri üçün istifadə edən ayrı-ayrı şəxslərin hədələrindən qorxub gizlənmiş və bu təhlükəli proseslərin qarşısını ala bilmədiyini dərk edən AXC-Müsavat iqtidarının özü də xilas üçün sonda Heydər Əliyevdən imdad istədi.
Xalqın tələbi və təkidi ilə yenidən hakimiyyətə qayıdan Ümummilli Lider mütləq əksəriyyətinin səsini qazanaraq Azərbaycan Respublikasının Prezidenti seçildi. Ulu Öndər 1993-cü il oktyabrın 10-da dövlətə və xalqa sədaqət andı içərək Azərbaycanı böyük bəlalardan, faciələrdən hifz edib, ölkəni sabitlik, iqtisadi inkişaf və tərəqqi yoluna çıxarıb, qlobal enerji-kommunikasiya layihələrini reallaşdırmaqla Vətənə sədaqətlə xidmətin əyani nümunəsini yaratdı. Bu həm də xilaskarlıq missiyası idi.
Ümummilli Lider ilk növbədə, ölkədə ictimai-siyasi sabitliyin bərpası istiqamətində gərgin iş aparmış, ölkədəki qeyri-qanuni silahlı dəstələr zərərsizləşdirilmiş, respublikamızın sosial-iqtisadi yüksəlişinə yol açan ən mühüm amil kimi cəmiyyətdə ictimai-siyasi sabitlik bərqərar edilmişdir. Dövlət çevrilişlərinin qarşısı alınmış, Azərbaycan vətəndaş müharibəsi təhlükəsindən xilas olmuşdur. Müstəqil dövlətimizin ərazi bütövlüyünün bərpası və Ermənistan silahlı qüvvələrinin hücumlarının qarşısının alınması, ölkənin müstəqilliyinin qorunub saxlanması üçün ordu quruculuğu istiqamətində kompleks tədbirlər həyata keçirilmişdir. Onun prezident seçilməsi ilə ölkəmiz özünün yeni inkişaf mərhələsinə qədəm qoyaraq, dövlət quruculuğu, iqtisadi, sosial və mədəni həyatda demokratiyanın, qanunvericiliyin formalaşması üçün geniş imkanlar yarandı. Müstəqillik illərində Azərbaycan dünyanın nüfuzlu beynəlxalq təşkilatlarına üzv qəbul edildi, faydalı əməkdaşlıqlar quruldu. Həyata keçirilən regional və qlobal layihələr Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırdı. Müxtəlif sahələrdə baş verən yeniliklər, xarici dövlətlərlə yaradılan dostluq və əməkdaşlıq münasibətləri, iqtisadi göstəricilər müstəqillik illərinin uğurlarıdır.
Ümummilli Lider Azərbaycan dövlətçiliyinin bütün vacib sferalarda möhkəmləndirilməsi ilə yanaşı, güclü vətəndaş cəmiyyətinin formalaşması məsələsini də prioritet istiqamət kimi diqqətində saxlayırdı. Bunun üçün ilk növbədə ölkədə hüququn aliliyi təmin edilməli, sabit ictimai münasibətlər zəmini formalaşdırılmalı, beynəlxalq təcrübə öyrənilməli, Qeyri Hökumət Təşkilatları yaranmalı və bir sıra digər mühüm mərhələlər keçilməli idi. Ulu Öndər Heydər Əliyevin bu sahədə atdığı addımlar tezliklə öz konkret nəticələrini göstərməyə başladı.
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan dövlətini yaratmışdır və onun bütün sahələrdə sarsılmaz təməllərini müəyyən etmişdir. Qərbə inteqrasiya yolunu tutan Ulu Öndər Heydər Əliyev ən çətin anlarda belə yenilməz siyasi iradə nümayiş etdirdi, Bakı-Tbilisi-Ceyhan neft, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin çəkilişi məhz bu böyük insanın iradəsi və qətiyyətli mövqeyinin, uzaqgörənliyinin nəticəsi kimi reallığa çevrildi. Məhz Heydər Əliyevin neft strategiyasının təcəssümü olan “Əsrin müqaviləsi” Azərbaycanın dünya iqtisadi sistemindəki yerini müəyyənləşdirmişdir. Dünyanın 8 ölkəsinin 13 neft şirkəti ilə bağlanmış “Əsrin müqaviləsi” sonrakı illərdə daha 19 ölkənin 41 neft şirkəti ilə 26 müqavilənin imzalanmasına yol açmış, 1997-ci ildə Azərbaycan nefti Bakı-Novorossiysk neft kəməri ilə, 1999-cu ildə isə Bakı-Supsa neft kəməri ilə dünya bazarına çıxarılmışdır
Ulu Öndər bölgədə və dünyada baş verən hadisələrə praqmatik yanaşırdı, tarixi şəraitdən düzgün qiymətləndirərək ölkənin taleyi üçün uğurlu qərarlar qəbul edirdi. Bunun özü isə xüsusi məharət, istedad, bilik tələb edirdi. Dövrün ən tanınmış siyasətçiləri, prezidentləri, diplomatları, alimləri onu “siyasət nəhəngi”, “siyasət qrosmeysteri”, “siyasət patriarxı” adlandırırdılar. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan onun fəaliyyətini belə qiymətləndirirdi: “Mərhum Heydər Əliyev Azərbaycanın xoşbəxtliyi və firavanlığı, bölgədə və dünyada sülh naminə göstərdiyi fövqəladə xidmətlərlə türk və dünya tarixində şərəfli yer tutmuşdur”.
Bütün ömrünü Azərbaycanın inkişafına həsr edən Ümummilli Liderin bu gün ruhu şaddır. Çünki, bu gün onun arzuladığı Azərbaycan var! Toröaqlarımız işğaldan azad olunub, iqtisadi və siyasi gücü artır, hüquqi və siyasi islahatlar ölkənin daha da yekdil olmasına imkan yaradır. Və bu ölkə daha da inkişaf edəcək, nüfuzu daha da artacaqdır. Bizim hər birimiz fəxr edir və qürur duyuruq ki, onun yolunu və ideyalarını dünya siyasətçiləri arasında sayılıb-seçilən böyük dövlət xadimi İlham Əliyevlə yanaşı, Heydər Əliyev Fondunun prezidenti, respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva, ulu öndər Heydər Əliyevin sevimli nəvələri ləyaqətlə davam etdirir, öz xeyirxah və nəcib əməlləri ilə hamıya nümunə göstərirlər. Xalqımızın sonsuz məhəbbətini qazanmış Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi kimi əbədi yaşayacaqdır.
Rəna Hacızadə,
Sabirabad Heydər Əliyev Mərkəzinin direktoru