27 sentyabr Vətən müharibəmizin başlanma tarixi və Möhtəşəm Qələbə tariximizdir. 2020-ci il təqvimin bu günü Azərbaycana qarşı uzun illər davam edən düşmənçilik və etnik dözümsüzlük siyasətinin yerinə haqlı davamızın gözəl nəticələrini-torpaqlarımızın işğaldan qurtarılması, o minbit torpaqlara əsl sahiblərinin əbədi qaytarılması, bölgədə böyük siyasi-iqtisadi proseslərin, çoxtərəfli regional əməkdaşlığın başlayacağı gerçəyini qoydu.
Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi ilə öz coğrafiyası üçün xain əllərin cızdığı bütün məkrli planları beləcə alt-üst etdi; Torpaqlarına sahib çıxdı. Dağlıq Qarabağ söz birləşməsini leksikondan çıxaran cəsarət ortaya qoydu; Qarabağ və Şərqi Zəngəzur inzibati ərazi vahidi anlayışını rəsmən zehinlərə gətirdi; Dəyişdirilmiş toponimlərə doğma, əsl adını geri qazandırdı və bu proses davamlı xarakter daşıyır.
44 gün davam edən və “Vətən Müharibəsi” olaraq adlandırılan müharibə Şanlı Azərbaycan Ordusunun gücünü göstərərək Azərbaycanın qələbəsi ilə başa çatdı. Azərbaycanın mədəniyyət paytaxtı hesab edilən Şuşa şəhəri Şanlı Azərbaycan Ordusu tərəfindən azad edildikdən dərhal sonra, noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar.
Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızdadalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr – Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı 2020-ci 2 dekabr tarixində Sərəncam imzalayıb.
Xalqımız hər zaman 27 Sentyabr- Anım Gününü böyük ehtiram və hörmətlə yad edəcək, öz canı-qanı bahasına şanlı zəfər tariximizi yazan şəhidlərimizin əziz xatirəsini daim qəlbində yaşadacaqdır.
Və nəhayət, bir neçə gün əvvəl, Ermənistanın Azərbaycana qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin davamı olaraq sentyabrın 19-da Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Qarabağ bölgəsindəki birləşmələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda terror məqsədilə əvvəlcədən quraşdırılmış minanın partlaması nəticəsində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə məxsus nəqliyyat vasitəsi sıradan çıxmış və mülki şəxslər həlak oldu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi qulluqçularını daşıyan nəqliyyat vasitəsinin də Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupları tərəfindən quraşdırılmış minaya düşməsi nəticəsində hərbi qulluqçularımız həlak oldu. Bütün bu genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə sentyabrın 19-da bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlanıldı.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ordumuzun həyata keçirdiyi cavab tədbirləri nəticəsində cəmi 23 saat 43 dəqiqə ərzində separatçılar öz məğlubiyyətlərini etiraf edərək təslim oldular. Azərbaycan Ordusunun əzmi və gücü qarşısında diz çökən separatçılar ağ bayraq qaldırdılar. Artıq bu ərazilərdə yerləşən bütün strateji yüksəklik və məntəqələrdə Azərbaycan bayrağı dalğalanır.
Qazanılan Şanlı Qələbə Ali Baş Komandan, Prezident İlham Əliyevin «Dəmir yumruq» siyasəti ilə Güclü Ordumuzun əsgər və zabitlərimizin rəşadətilə əldə edilib. Bizim Prezidentimiz daima xalqı ilə, xalq da öz Prezidenti ilə birlikdədir. Məhz bu birliyin, həmrəyliyin reallığıdır ki, Prezidentimizin ilk gündən çağırışına bütün Azərbaycanın igid oğuları, ehtiyatda olan əsgər və zabitləri səs verərək, müsəlləh əsgər kimi döyüş meydanına yollandılar, onlardan bəziləri torpaqlarımızın azadlığı yolunda canlarından keçərək Şəhidlik zirvəsinə yüksəldilər. Allah şəhidlərimizə rəhmət eləsin.
Mircamal Həşimov,
H.Z.Tağıyev adına 6 saylı Sabirabad şəhər tam orta məktəbinin direktoru