Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən Azərbaycan Ordusunun mövqelərinin son bir neçə ayda müxtəlif çaplı silahlardan sistemli şəkildə atəşə tutulması, ərazilərimizin minalanmasının davam etdirilməsi, döyüş mövqelərinin mühəndis cəhətdən təkmilləşdirilməsi, eləcə də səngər və sığınacaqların sayının artırılması gərginliyin artmasına səbəb olub. Həmçinin son dövrlər döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırolma səviyyəsinə gətirilməsi, səfərbərlik üzrə əlavə bölmələrin yaradılması, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi, mövqelərimizin dərinliyinə sızaraq minalardan təmizlənmiş ərazilərin və mülki təyinatlı yolların terror-təxribat məqsədilə yenidən minalanması kimi əməllər müşahidə olunurdu. Bir sözlə, Ermənistan ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətindən əl çəkmək istəmirdi.
Bütün bu təhdidlərdən irəli gələrək ölkəmiz üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və Respublikamızın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə bölgədə lokal xarakterli antiterror tədbirlərinə başlamalı oldu.
44 günlük Vətən müharibəsində olduğu kimi, bu dəfə də ölkədə fəaliyyət göstərən siyasi partiyalar Prezident, Müzəffər Ali Baş Komandan, İlham Əliyevi dəstəklədiyini bəyan etmişlər. Ölkədə fəaliyyət göstərən 23 siyasi partiya tərəfindən birgə Bəyanat qəbul olunub. Azərbaycanın siyasi partiyaları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ölkəmizin ərazi bütövlüyünün və əhalinin təhlükəsizliyinin təmin olunması, erməni silahlı birləşmələrinin təxribatlarının qarşısının alınması, işğaldan azad edilən torpaqlarımızda məskunlaşan minlərlə soydaşımızın təhlükəsizliyinin təmin olunması üçün həyata keçirdiyi siyasəti və verdiyi hərbi əmri dəstəklədiyini, onun ətrafında sıx birləşdiyini bəyan etmişlər. Lakin bu dəfə də İkinci Qarabağ mühaibəsi zamanı anti-milli mövqe tutanlar öz mövqelərində qaldılar. Belə ki, 3 partiya - Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müsavat Partiyası və Real Partiyası bir daha öz xain xislətini nümayiş etdirdilər.
Azərbaycanın həyata keçirdiyi cəmi bir günlük anti-terror tədbirləri nəticəsində qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı oldular. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları əsasında reinteqrasiya məsələlərinin müzakirə edilməsi üçün Qarabağın erməni sakinlərinin nümayəndələri ilə 2023-cü il sentyabr 21-də Yevlaxda görüş keçiriləcək.
Valid Hüseynov,
Sabirabad rayonu Qalağayın bələdiyyəsinin sədri