Ümummilli Liderimiz Heydər Əliyevin qeyd etdiyi kimi, hər bir xalqın dili onun milli sərvəti, xalqın mövcudluğunun əsas göstəricilərindən biridir. Buna görə də hər bir xalqın ana dili onun qürur mənbəyidir. Ana dilimiz də dövlət rəmzlərimiz olan gerbimiz, bayrağımız, himnimiz kimi müqəddəsdir.
Azərbaycan dili zəngin və qeyri-adi gözəlliyə malik bir dildir. Əcdadlarımızın bizə miras qoyub getdikləri bayatılarımızdan, nağıllarımızdan, laylalarımızdan, dastanlarımızdan, bizə gəlib çatan qədim abidələrimizdən başlayaraq, İmaməddin Nəsimi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Səməd Vurğun kimi dahi yazıçılarımızın yaradıcılığı dilimizin zənginliyinə sübutdur.
1978-ci ildə SSRİ-nin son Konstitusiyasının qəbulundan sonra milli dillərin sıxışdırılması prosesi daha da gücləndirildi. Belə bir şəraitdə, bütün qadağa və təhlükələrə baxmayaraq, həmin illərdə Azərbaycan Respublikasının rəhbəri olan Ulu Öndər Heydər Əliyev dil məsələsində öz mövqeyini çox cəsarətlə, qətiyyətlə bildirdi. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapdı. Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.
Müstəqillik illərində Azərbaycan dili tarixinin öyrənilməsi, tədqiqatı geniş vüsət almışdır. Dilimizin inkişaf etdirilməsi ilə bağlı müxtəlif tarixlərdə bir sıra addımlar atılmışdır. 1995-ci il noyabrın 12-də qəbul edilən müstəqil dövlətimizin Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi öz təsdiqini tapdı. Konstitusiyanın 21-ci bəndində belə deyilir: “Azərbaycan Respublikasının dövlət dili Azərbaycan dilidir. Azərbaycan Respublikası Azərbaycan dilinin inkişafını təmin etməlidir.”
2018-ci il noyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” imzaladığı Fərman dilimizin, onun tarixinin, mənşəyinin öyrənilməsinə daha çox diqqət yetirilməsi məsələləri öz əksini tapdı.
Dilimiz tarixi boyunca müxtəlif dəyişikliklərə məruz qalıb. Bu dəyişikliklərə baxmayaraq müstəqil dövlətimiz dilimizin saflığının qorunması üçün ciddi addımlar atır və müsbət nəticələr görür. Dövlətimizlə yanaşı biz də dilimizin saflığını qoruyub saxlamalıyıq. Müasir dövrümüzdə sosial şəbəkələrdən istifadədə virtual məkanda, radio və televiziyada, mətbuatda və dövlət idarələrində dilimizdən istifadə edərkən, həmçinin dilimizin saflığının qorunması da düşündürücü məqamlardan biridir. Bunun üçün də biz doğma dilimizin qrammatik, leksik qaydalarına riayət edərək ondan istifadə etməliyik ki, doğma dilimizin saflığı pozulmasın. Biz ana dilimiz olan Azərbaycan dilinə qayğı göstərməli, onu sevməli və qorumalıyıq.
Heydər Rüstəmov,
Sabirabad rayonu Qəzli kənd tam orta məktəbinin direktoru