• 12:37 – Türkiyəli Olimpiya və dünya çempionu Sabirabada gələcək 
  • 14:22 – İlham Əliyev xanımı ilə İslamiadanın açılışında iştirak etdi 
  • 14:04 – Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov növbəti səyyar görüş - qəbul keçirib 
  • 13:30 – Sabirabadda əkin sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılır 
  • 15:22 – Prezident İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib 

Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır

  • 01.08.2022, 19:02, Baxış sayı:
  • 100
Dilimiz xalqımızın varlığının ən əsas təminatçısıdır
Milli-mənəvi dəyərlərimizin qorunmasında böyük xidmətləri olan Ulu Öndər Heydər Əliyev varlığımızı təsdiqləyən dilimizin saflığının qorunmasına xüsusi diqqət göstərmişdir. Azərbaycan dili uzun illəri əhatə edən formalaşma dövründə siyasi, dini, mədəni münasibətdə olduğu xalqlar arasında ünsiyyət vasitəsi kimi başqa dillərə də təsir etmişdir. Ölkəmizdə yaşayan və dinindən, dilindən, milliyyətindən asılı olmayaraq Azərbaycan dilini ikinci ana dili kimi qəbul edən bütün vətəndaşlar üçün ünsiyyət vasitəsi olan doğma dilimizin xalqımızın elmi, bədii məntiqi təfəkkürünün formalaşması və inkişafında böyük rolu olmuşdur.
Azərbaycan dilini xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzləri ilə eyni səviyyədə qiymətləndirən ulu öndər Heydər Əliyev bildirirdi ki, xalqımızın milliliyini, mənəvi dəyərlərini, mədəniyyətini yaşadan onun dilidir. «Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!» sözləri ilə milli varlığımızın ifadəsi olan Azərbaycan dilinə məhəbbətini ifadə edən Ulu Öndər Azərbaycana rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinə çox qayğı ilə yanaşmış, onun saflığı, yad təsirlərdən qorunması üçün səylərini əsirgəməmişdir.
Məhz ulu öndərin səyləri və təşəbbüsü ilə 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında 73-cü maddənin “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir” redaksiyada vermək təklif olundu və bu təşəbbüs Konstitusuyada öz əksini tapdı. Bununla Ulu Öndər gələcək müstəqil dövlətçiliyin milli rəmzlərindən birini məharətlə qorudu.
Heydər Əliyev bildirirdi ki, hər bir xalqın elə milli-mənəvi dəyərləri vardır ki, onun qorunması, zənginləşdirilməsi, inkişaf etdirilməsi, cəmiyyətdə tutduğu mövqeyindən, peşəsindən, ixtisasından, vəzifəsindən asılı olmayaraq hamının və hər kəsin vətəndaşlıq borcudur. 1993-cü ildə hakimiyyətə qayıdışı ilə bütün sahələrdə köklü islahatlar aparan, dövlətin dil siyasətinə millətin varlığını təsdiqləyən amil kimi diqqətlə yanaşan Ümummilli Lider Heydər Əliyevin təklifinə və ümumi razılaşmaya əsasən Azərbaycan dilinin latın qrafikalı əlifbasının tətbiqi məqsədəuyğun hesab olundu. Bu sahə üzrə nəzərdə tutulan problemlərin həlli üçün xüsusi sərəncamla Dil Komissiyası yaradıldı.
Ümummilli lider Heydər Əliyevin dil siyasətini, dilimizə diqqət və qayğını eyni məsuliyyətlə davam etdirən Prezident İlham Əliyev «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamı imzalamaqla bu istiqamətdə nəzərdə tutulan və həlli vacib istiqamətlərini müəyyənləşdirdi. Prezident İlham Əliyevin «Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında»kı Fərmanında ana dilimizin qorunması üçün həyata keçiriləcək islahatlar, hədəflər əksini tapır.
Bu gün Azərbaycan tarixi ənənələri olan ölkə kimi dünya birliyinin fəal üzvünə çevrilib, bütün dövlətlərlə bərabərhuquqlu, qarşılıqlı hörmət və maraqlar əsasında əlaqələrini genişləndirməklə sözünün imzası qədər önəmi olduğunu bir daha beynəlxalq aləmə təqdim edir. Dilimizin inkişafı da öz növbəsində bu işlərə yardımçıdır.

Eyvaz Fərzəliyev,
Sabirabad rayon Ağsaqqallar şurasının sədri
Maqazin
InvestAZ
Sosial Media
  • Facebook
  • Twitter