Avqustun 1-i Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd edilir. Bu əlamətdar gün Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu Öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.
Dil millətin simasını səciyyələndirən mühüm amillərdən biri, onun milli sərvətidir. Ölkəmizdə dil siyasətinin formalaşdırılması, Azərbaycan dilinin dövlət dili kimi tətbiqi işinin təkmilləşdirilməsi və dünya azərbaycanlılarının ünsiyyət vasitəsinə çevrilərək milli birliyin və həmrəyliyin göstəricisi kimi beynəlxalq aləmdə rolu və nüfuzunun yüksəldilməsi ilə bağlı görülən işlər təqdirəlayiqdir.
Azərbaycanda xalqın milli varlığının əsas rəmzi olan ana dilimizin saflaşdırılması və zənginləşdirilməsi istiqamətində çox mühüm işlər görülmüş və Azərbaycan dilinin inkişafı və qorunması məqsədilə əhəmiyyətli sənədlər imzalanmışdır.
Hər bir xalqı, milləti başqalarından fərqləndirən mühüm amillərdən biri və ən başlıcası onun dilidir. Azərbaycan dili də özünəməxsus zənginliyi ilə başqa dillərdən seçilir. “Kitabi --Dədə Qorqud” və “Koroğlu” dastanlarından gələn dilimiz həzin ana laylası ilə ruhumuza hopmuşdur. XVIII əsrdə Qafqaza səfər etmiş məşhur fransız yazıçısı və səyyahı Aleksandr Düma yazırdı: “Avropada fransız dili necə əhəmiyyətə malikdirsə, Qafqazda da Azərbaycan dili o cür əhəmiyyətə malikdir”. Ulularımızın bizə miras qoyub getdikləri ana dilimiz İmadəddin Nəsimi, Şah İsmayıl Xətai, Molla Pənah Vaqif, Mirzə Fətəli Axundzadə, Cəlil Məmmədquluzadə, Səməd Vurğun, Üzeyir Hacıbəyli, Məmməd Araz, Hüseyn Cavid və digər görkəmli qələm sahiblərinin əsərlərində daha da zənginləşmiş, görkəmli sənətkarlarımız yaradıcılıqları ilə Azərbaycan dilinin inkişafına öz töhfələrini vermişlər.
Dilimizin hərtərəfli inkişafı, onun rəsmi dövlət statusu alması Ulu Öndərimiz, dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir” –deyən Ulu Öndərimiz Heydər Əliyevin apardığı gərgin işin nəticəsi olaraq 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsi ilə Azərbaycan dili dövlət dili kimi təsbit edildi. Həmin dövrdə Azərbaycan dilinin elmi şəkildə öyrənilməsinə başlanmış, dilçi alimlərin fəaliyyəti üçün geniş imkanlar açılmış, elmi-tədqiqat materialları və kitablar nəşr edilmişdir.
Azərbaycan dilinin inkişaf səviyyəsi təsdiqləyir ki, xalqımız dünyanın ən qədim xalqlarındandır. Təbii ki, dilin təşəkkülü müxtəlif proseslərdən keçir. Bu gün istər danışıq, istərsə də yazılı şəkildə işlətdiyimiz Azərbaycan dili də mürəkkəb və ziddiyyətli bir yol qət etmişdir. Əlbəttə, dilin əsas yaradıcısı millətin özüdür. Elə ifadələr, kəlmələr var ki, xalq onu necə işlədibsə, bu gün də elə qəbul edilmişdir.
Ulu Öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra milli dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi ilə bağlı Ümummilli Liderimiz Heydər Əliyev demişdir: “İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımız ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir”.
Dilimizin saflığının qorunması, eyni zamanda özünəməxsus cəhətlərinə xələl yetirilmədən zənginləşdirilməsi hazırkı aktual məsələlərdəndir.
Dövlət müstəqilliyi qazandıqdan sonra dilimizin tətbiqi işinin təkmilləşdirilməsi ilə əlaqədar müxtəlif sərəncamlar, fərmanlar imzalanıb. Dil tarixində əlamətdar, önəmli hadisəyə çevrilən bir məqam var. 2001-ci il avqustun 9-da imzalanan sərəncama əsasən 1 avqust ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün qeyd edilməsi müəyyənləşdirildi. Əlbəttə, dil sadəcə ünsiyyət vasitəsi deyil, eyni zamanda ədəbiyyatdır, tarixdir, mahnıdır, musiqidir, millətin taleyidir.
Bu gün Azərbaycan dili Azərbaycan dövlətinin dünyada nüfuzunun artması ilə əlaqədar beynəlxalq arenaya çıxıb. Dil siyasətinin əsaslarını yaradan isə məhz Heydər Əliyev idi. İstər siyasi, ictimai, istərsə də mədəni aspektdə dilin mövqeyinin möhkəmləndirilməsi üçün bir sıra əhəmiyyətli islahatlar həyata keçirilib. Dil həm də bir döyüşçü kimi xalqımızın mənəvi keşikçisidir.
Təqdirəlayiq haldır ki, Ümummilli Liderin ideyalarını layiqincə yerinə yetirən Azərbaycan Prezidenti cənab İlham Əliyev doğma dilimizə, milli adət-ənənələrimizə, qədim mədəniyyətimizə böyük həssaslıqla yanaşır. İnam və qətiyyətlə deyə bilərik ki, bu gün dilimizin inkişafının əsas qarantı da məhz ölkə başçısıdır.
Bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir. Dövlətimizin başçısının 2004-cü il yanvarın 12-də imzaladığı “Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında” Sərəncamı ilə hər il latın qrafikalı Azərbaycan əlifbası ilə çap olunacaq əsərlərin siyahısı hazırlanır. Bundan başqa, həmin il yanvarın 14-də “Azərbaycan Milli Ensiklopediyasının nəşri haqqında”, eləcə də 2007-ci il dekabrın 30-da “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin Azərbaycan dilində nəşri nəzərdə tutulan əsərlərinin siyahısının təsdiq edilməsi haqqında” sərəncamlarla ana dilinin həyatımızın bütün sahələrində müfəssəl tətbiqi gerçəkləşib. Müasir dövrün tələblərini və reallıqlarını nəzərə alan Azərbaycan Prezidentinin “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı”nı 2013-cü il 9 aprel tarixli Sərəncamı ilə təsdiq etməsi milli və mənəvi varlığımızın güzgüsü olan ana dilimizin saflığının və zənginliyinin qorunması baxımından mühüm tarixi hadisədir. Dövlət Proqramının məqsədi Azərbaycan dilinin istifadəsinə və tədqiqinə dövlət qayğısının artırılması, dilimizin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsi, ölkədə dilçilik araşdırmalarının yaxşılaşdırılmasıdır. Sənəd, eyni zamanda, dilçiliyin aparıcı istiqamətlərində fundamental və tətbiqi tədqiqatların inkişafına yönəldilmiş yaradıcılıq səylərinin birləşdirilməsini və dilçiliyin müasir cəmiyyətin aktual problemləri ilə əlaqələndirilməsini nəzərdə tutur. Prezident İlham Əliyevin “Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 2018-ci il 17 iyul tarixli Sərəncamı Azərbaycan dilinin inkişafı və tətbiqi dairəsinin daha da genişləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir.
Dövlətin həyata keçirdiyi sənədlər dilçilik mədəniyyətimizi zənginləşdirir. Ölkə Prezidentinin dediyi kimi, Azərbaycan dili xalqımızın mənəvi sərvəti, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməlidir.
Gülmirə MİRZƏYEVA,
N.Gəncəvi adına 5 nömrəli tam orta
məktəbin dil-ədəbiyyat
müəllimi