
Dövlət başçısı İlham Əliyevin tapşırığına əsasən “Heydər Əliyev İli” çərçivəsində və Azərbaycan Milli Mətbuatının 148-ci ildönümü ilə bağlı keçirilən Şuşa Qlobal Media Forumu hazırda ölkə və dünya mətbuatında geniş müzakirə olunur. Forumda 49 ölkədən 150 xarici qonağın, o cümlədən dünyanın 34 ölkəsinin dövlət informasiya agentliyinin, 12 beynəlxalq təşkilatın və media qurumunun iştirakı tədbirin əhəmiyyətini daha qabarıq şəkildə büruzə verir. Dövlət başçısı İlham Əliyevin Forumda çıxışı, tədbir iştirakçılarının çoxsaylı suallarını çavablamdırması, bir sözlə, 3 saata yaxın müzakirələrdə səsləndirilən hər bir fikir gələcək üçün bir ideya, istiqamət kimi dəyərləndirilir. Dövlət başçısı İlham Əliyev belə bir təklifi etdi ki, Forum müntəzəm olaraq keçirilsin və buna birinci Qlobal Şuşa Media Forumu adı verilsin.
O da məlumdur ki, bu günədək çoxsaylı beynəlxalq tədbirlər keçirilib. Qarabağın tacı Şuşa iqtisadi, siyasi, humanitar və beynəlxalq mərkəzə çevrilib. Dünyanın 49 ölkəsindən media nümayəndəsini bir araya gətirən Qobal Media Forumunda dövlət başçısı İlham Əliyevin çıxışı həqiqətlərimizin, postmünaqişə dövrünün reallıqlarının öyrənilməsi üçün zəngin mənbədir. Ölkə Prezidenti işğal və postmünaqişə dövrünün reallıqlarını geniş təhlil etməklə diqqəti bu mühüm məqama yönəltdi ki, İkinci Qarabağ müharibəsi başa çatandan bu günədək təxminən üç il keçib, getdikcə daha çox sayda birbaşa bəyanatlar eşidirik ki, Qarabağ Azərbaycanın ərazisidir. İşğal dövründə belə bəyanatlar olsaydı, çox güman İkinci Qarabağ müharibəsi başlamazdı. Təəssüf ki, uzun illər - 28 il ərzində Minsk qrupu çərçivəsində gedən danışıqlar heç bir nəticə vermədi. Ümumiyyətlə, həll üçün hər hansı düstur ortaya qoyulmadı. O dövrdə çox ziddiyyətli, çox mücərrəd bəyanatlar verilirdi. Bundan məqsəd münaqişənin dondurulması idi və bu, Azərbaycan üçün məqbul deyildi.
Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsində BMT qətnamələrini təkbaşına icra etdi. Ərazi bütövlüyümüz və tarixi ədalət bərpa edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun yazdığı tarix dünyaya sübut etdi ki, ədalət və beynəlxalq hüquq deyilən məfhumlar var və onların icrası üçün vahid mexanizm müəyyənləşdirilməlidir. Hazırkı dövrün əsas çağırışları sırasında BMT sisteminin təkmilləşdirilməsi, tərkibinin genişləndirilməsi məsələsinin xüsusi yer alması da səbəbsiz deyil. Azərbaycan hər zaman ədalətin və beynəlxalq hüququn yanındadır.
Dövlət başçısı İlham Əliyev Forumdakı çıxışında, eyni zamanda, Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsindən, hərbi gücümüzün artırılmasından geniş bəhs etdi. Böyük Qayıdış proqramı çərçivəsində qarşıda dayanan hədəfləri açıqladı. Bildirdi ki, hər dəfə yeni bir inkişaf layihəsini görəndə, yaxud da ki, təməl mərasimində iştirak edəndə sanki, necə deyərlər, damarıma qan vurulur, yəni, o qədər müsbət enerji verir ki, bu müsbət mənəvi enerji insanı fiziki cəhətdən də gücləndirir: “Təkcə, bax, bu bölgənin havası deyil, - mən əminəm, siz də eyni hissləri keçirirsiniz, - özümüzü Şuşada yaxşı hiss edirik, yaxud da ki, Zəngilanda, Laçında. Təkcə havaya görə deyil, daxildən gələn xoşbəxtlikdir. Xoşbəxtlik nədir, bir çoxları özünə sual verir. Amma hər dəfə bu inkişafı görəndə mən özümə deyirəm, yəqin ki, xoşbəxtlik, bax, budur.”
Bu hədəf də açıqlandı ki, təkcə Qarabağ regionuna 2026-cı ilə qədər 140 min insanın dönməsi nəzərdə tutulur: “Ümid edirəm ki, Şuşa şəhərinə gələn il ilk sakinlər gələcək, yerləşəcəklər. İndi siz də yəqin ki, bu gün hələ vaxtınız olmayıb, ya axşam, ya sabah gəzəcəksiniz, görəcəksiniz ki, bir neçə yerdə artıq inşaat layihələrinin, yəni, yaşayış binalarının tikintisi gedir.”
Tarixi Zəfərimizdən sonra Qarabağın tacı Şuşanın elə bir günü yoxdur ki, çal-çağırlı olmasın. Hər həftə bu məkan bu və yadigər mövzuda tədbirlərə ev sahibliyi edir. Bu tədbirlər əhatə etdiyi mövzu ilə yanaşı, keçirildiyi məkan baxımından təbliğat xarakteri daşıyır. Belə ki, tədbir iştirakçıları Şuşada törədilən dağıntıların fonunda ermənilərin nə qədər vəhşi bir millət olduqlarını görürlər. Dağıntıların miqyası onların kimliyinin təqdimatında öz sözünü deyir.
Amma bu gün qürurla torpaqlarımızın bərpasından, soydaşlarımızın dogma yurd-yuvalarına mərhələli qayıdışından bəhs edirik. Cənab İlham Əliyevin Forumun açılış mərasimində söylədiyi kimi, Şuşa bizim Qələbəmizin rəmzidir, sülhün rəmzidir. Çünki Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Bu şəhər həm də bizim cəsarətimizin rəmzidir.
Şuşa Qlobal Media Forumunda müzakirə olunan məsələlər ətrafında dövlət başçısı İlham Əliyevin söylədiyi fikirlər beynəlxalq səviyyədə təqdir olunur, Azərbaycanın haqqın, ədalətin yanında olması nüfuzunu daha da artırır.
Nadir Quliyev,
Sabirabad rayonu, Mil-Muğan Regional Gənclər və İdman İdarəsinin rəisi