Azərbaycan iqtisadi, siyasi, humanitar mərkəz kimi daim dünyanın diqqətindədir. Bugünümüzün qürurverici hadisələrindən biri budur ki, paytaxt Bakı ilə yanaşı, Qarabağın tacı, bütün türk dünyasının mədəniyyət paytaxtı Şuşa diplomatik mərkəzə çevrilib. Dünyanı narahat edən məsələlərin, hədəflərin bu məkanda müzakirə edilməsi, buradan Ermənistana və havadarlarına Azərbaycanın mesajlarının ünvanlanması əhəmiyyətli hadisədir. Bu baxımdan mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfrans diqqətdən kənarda qalmadı. Hər zaman qeyd edildiyi ki, hər bir beynəlxalq tədbir müzakirəyə çıxardığı məsələ ilə yanaşı, keçirildiyi məkan baxımından da xüsusi əhəmiyyət kəsb edir. Avrasiyanın üzləşdiyi risk və təhdidlər, yeni çağırışlarla bağlı beyin mərkəzlərinin iştirakı ilə ölkəmizdə müzakirələrin aparılması artıq ənənə halı alıb. Budəfəki konfransın Şuşada keçirilməsi isə erməni vandalizminin izlərinin və Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işlərinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımından əhəmiyyətli idi. Bu konfrans, eyni zamanda, postmünaqişə dövründə Cənubi Qafqaz ölkələri arasında əlaqələrin inkişafı, kommunikasiyaların açılması imkanları ilə bağlı müzakirələrin aparılması, bölgənin tərəqqisinin, təhlükəsizliyinin və rifahının təməli kimi Azərbaycanın Ermənistanla münasibətlərin normallaşdırılması üçün formalaşdırdığı sülh gündəliyinin nəzərdən keçirilməsi baxımından əhəmiyyətli platforma olaraq qiymətləndirilə bilər.
Postmünaqişə dövrünün çağırışları sırasında regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərdə yeni səhifənin açılnması üçün sülh müqaviləsinin imzalanması dayanır. Dövlət başçısı İlham Əliyev sözügedən konfransda bu məsələyə xüsusi diqqət yönəldərək Ermənistanın 30 illik işğal dövründə hansı məqsədi güddüyünü bir daha tədbir iştirakçılarının diqqətinə çatdırdı. Onlar düşünürdülər ki, işğalı legitimləşdirə biləcəklər, biz öz ərazi bütövlüyümüzlə bağlı bir kompromisə gedəcəyik. Hesab edirdilər ki, beynəlxalq sponsorları həmişə onların yanında olacaq və onlar üçün mübarizə aparacaqlar. Lakin bu, səhv hesablanmış bir addım idi. Onlar yanlış idilər. Otuzillik işğal Ermənistana heç bir üstünlük vermədi. Əksinə, regional inkişaf proseslərindən təcrid edildi. Faktiki olaraq, müstəqil ölkə olmaq şansını itirdi. Hazırda özlərinə yeni ağa və ya ağalar axtarırlar. Lakin tarix onlara dərs verməlidir.
Ermənistan Azərbaycan tərəfinin ona verdiyi son şansdan istifadə etmək barədə düşünməli, sülh müqaviləsinin imzalanması istiqamətində səylər göstərməlidir. Bu məqamı hər zaman təkrar-təkrar qeyd edirik ki, Azərbaycan 30 illik dövründə ermənilərin başımıza gətirdikləri faciələrə, törətdikləri hərbi təxribatlara rəğmən Ermənistan sülh təklifini etdi. Məqsəd münasibətlərdə yeni səhifənin açılmasıdır. Görünən budur ki, yeni ağalar axtarışına çıxan Ermənistan sülh müqaviləsinin imzalanması ptosesinin uzadılmasında maraqlıdır.
Prezident İlham Əliyevin konfransda qeyd etdiyi kimi, qarşımızda Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması kimi böyük çağırış və məsələ dayanır. Bizim heç bir ölkə, xüsusən də qonşu ölkə ilə hər hansı problemin olmasına ehtiyacımız yoxdur.
İki ildən artıq dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş torpaqlarımıza səfərlərinin hər biri Böyük Qayıdış proqramının daha sürətlə icrasından, soydaşlarımızın tezliklə tam tərkibdə bu ərazilərə qayıdışından xəbər verir. Hər bir səfər görülən işlərin miqyasının nə qədər böyük olduğunu açıqlayır. Cənab İlham Əliyev konfransdakı çıxışında da bu məqamı xüsusi vurğuladı ki, işğal dövründə Şuşa əcnəbi hökmranlıq altında idi. Şuşa tamamilə dağıdılmışdır. Bu, bir daha onu göstərir ki, Şuşa heç vaxt ermənilər üçün doğma şəhər olmamışdır. Əgər bu belə olsaydı, onlar şəhəri dağıtmazdılar, inkişaf etdirərdilər. Gördükləriniz və ya görəcəklərinizin əksəriyyəti ya son iki il yarım ərzində bərpa olunub, ya da sıfırdan tikilib. Ulu Öndər Heydər Əliyevin ən böyük arzusu Şuşanı azad görmək idi və gerçəkləşdirdik. Bununla fəxr edirik.
Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləri davamlı uğurlarımızda öz sözünü deyir. Azərbaycanın istər regional, istərsə də dünya miqyasında artan nüfuzu göz qabağındadır. Dahi şəxsiyyətin 100 illiyinə həsr edilmiş beynəlxalq konfransda aparılan müzakirələr, cənab İlham Əliyevin hazırkı dövrün çağırışlarını özündə ehtiva edən cavabları Azərbaycanın möhkəm təməl üzərində daha möhtəşəm uğurlara, qələbələrə doğru inamla irəlilədiyini təsdiqlədi.
Mahir Zahidov,
Sabirabad rayonu, Mil-Muğan Regional Təhsil İdarəsində Tədrisin keyfiyyəti sektorunun müdiri